Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 2018-ci il başlamasına baxmayaraq, qaz sayğaclarının hələ də sıfırlanmadığını iddia edib.
O bildirib ki, Qaz idarələrində olan itkilər, bu itkilərə görə vəifəli şəxslərin vəzifədən getmə (cəzalanma) ehitimalı yüksək olduğundan, onlar da qaz itkisini ört-basdır etmək üçün abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyi (planlaşdırıblar). M.Qəhrəmanlı həmçinin deyib ki, qızı smartkarta 10 manat yükləyib, amma sayğaca 5 manat yüklənib:
“Halbuki, yanvarın 1-dən etibarən limit ləğv olunmalı idi. “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev, bu gün qızım smartkarta 10 manat pul vurub. Ancaq sayğac 5 manat yüklədi. Niyə oğurluq? Pulu həftə sonunadək qaytarmasan, səni məhkəməyə verəcəm. Hanı sənin sıfırlanman?”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ( İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyib ki, 2018-ci il yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb:
“Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanıb. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanıb. Mirvari Qəhrəmanlı yeganə abonentdir ki, bu barədə şikayət edir. Ünvanı, sağyacın kodunu qeyd etsin. Biz bazada baxaq. Əminliklə bildirirəm ki, elə bir problem yoxdur. Və yeganə insandır ki, belə bir müraciət ünvanlayıb ki, guya 10 manat yükləsə də 5 manat yüklənib”.
İ.Kərbalayev sözlərinə belə davam edib:
“Birincisi, sayğacın göstəricisi manatla deyil, kubla göstərilir. İkincisi, onun məsələsilə bağlı müraciət ünvanlamışıq ki, abonent kodunu bizə bildirsin. Yalnız o halda araşdırma aparıb açıqlama verə bilərik”.
“Azəriqaz” rəsmisi qeyd edib ki, 2017-ci ildə təbii qazın monitorinqi zamanı mexaniki sayğacla təmin olunan abonentlərin 20 faizi illik limiti keçib:
“Smart tipli sayğaclarda, həmçinin, “Smart ITRON” məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 2018-ci il yanvarın 1-i tarixindən başlayaraq smart karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq. Yəni, əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2018-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.