Havaların soyumasıyla bərabər evlərdə qaza olan tələbat artır.
Lakin hərdən yaranan bəzi problemlər abonentlərdə bir neçə sual formalaşdırır. Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Metbuat.az-a açıqlamasında qeyd edir ki, bununla bağlı “ASAN Kommunal” mərkəzinə müraciət olunur:
“Bu zaman dərhal kartın verilməsi həyata keçirilir. Bunun üçün həmin evin qeydiyyatında olan istənilən şəxs şəxsiyyət vəsiqəsiylə birlikdə qeyd olunan mərkəzlərə müraciət edə bilər. “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı “ASAN Kommunal” mərkəzlərində 20 növ xidmət göstərilir. Bu xidmətlər daxilində yalnız kartın verilməsi ödənişlidir. Qalan bütün xidmətlər pulsuzdur. Mərkəzlərdə itirilmiş və zədələnmiş smart kartların bərpası xidmətinə görə ödəniş 10 manat təşkil edir”.