Qarabağda ölən hər erməni hərbçisinə görə 21 min dollar

0
743
8 noyabr — 15:33

Ermənistan müdafiə naziri Vigen Sərkisyan bu gün prezident Serj Sərkisyanla görüşərək ona orduda aparılacaq islahatlar barədə raport verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, nazir Müdafiə Nazirliyi ilə Əmək və Sosial Məsələlər Nazirliyinin xidməti vəzifəsini yerinə yetirərkən döyüş əməliyyatları zamanı, yaxud döyüş növbəsində həlak olan hərbçilərin ailələrinə birdəfəlik yardımın məbləğinin kəskin artırılması barədə proqramı hazırlayıb. 

Müdafiə nazirinin bildirdiyinə görə, prezidentin tapşırığı ilə hazırlanan bu proqrama  əsasən 2017-ci il yanvarın 28-dən etibarən döyüş əməliyyatları və döyüş növbəsi zamanı həlak olan hərbçilərin ailələrinə veriləcək kompensasiya kəskin artırılacaq. Belə ki, həmin tarixdən etibarən həlak olan və ya yaralanaraq 1-ci qrup əlilə çevrilən hərbi qulluqçunun ailəsinə 10 milyon dram (21 min dollar) birdəfəlik kompensasiya ödəniləcək. 2-ci qrup əlil olan hərbi qulluqçuların ailəsi isə bu məbləğin yarısını alacaq.

Proqram nəzərdə tutur ki, həlak olan və ya 1-ci qrup əlilə çevrilən zabitin ailəsinə dövlət hər ay 300 min dram (təxminən 630 ABŞ dolları), serjantların ailələrinə 250 min dram (480 dollara yaxın), sıravi əsgərlərin ailələrinə isə 200 min dram aylıq müavinət veriləcək. 2-ci qrup əlil olan hərbçilərdən zabitlər ayda 250 min, serjantlar 200 min, sıravilər 150 min dram alacaqlar. Bu məbləğ 20 il ərzində hər ay ödəniləcək. Əlil olanların müavinətlərinin 20 ildən sonra yenidən artırılması da mümkün olacaq.

Bəs Ermənistanın yoxsul büdcəsi bu xərcləri qarşılamağa kifayət edəcəkmi? Belə məlum olub ki, proqram hər işləyən vətəndaşın xüsusi fonda ayda 1000 (2.5 dollara yaxın) dram köçürməsi sayəsində maliyyələşdiriləcək. Fond habelə könüllü ianələr də qəbul edəcək.

“Bu, olduqca mühüm proqramdır. Biz proqram üzərində işə hələ iki il əvvəl başlamışdıq. Həlak olan hərbçilərin və əlillərin ailələrinin problemlərinin həlli bizim üçün birinci dərəcədə mühümdür”-Serj Sərkisyan müdafiə nazirinə deyib.

Ermənistan prezidenti bildirib ki, aprel hadisələri zamanı müxtəlif ictimai strukturlar, fiziki şəxslər döyüşlərdə yaralanan hərbçilərə, həlak olanların ailələrinə hansısa formada kömək etməyə çalışırdılar. Sərkisyanın sözlərinə görə, indi bütün imkanları birləşdirmək lazımdır, bu kimi adamlara təklif etmək lazımdır ki, onlar yeni yaradılan fonda ianələr köçürsünlər. “Onlar əmin olsunlar ki, proses tam şəffaf olacaq”-Sərkisyan deyib.

Ermənistanda hərbçiləri ölməyə stimullaşdırmaq üçün hazırlanan bu proqram işğalçı ölkənin Qarabağda yeni müharibənin qaçılmaz olduğunu aydın dərk etdiyini göstərir. Və belə görünür ki, Azərbaycan ordusu Ermənistanda mümkün qədər çox ailənin 21 min dollar birdəfəlik kompensasiya alması üçün öz dəstəyini göstərməlidir…

Virtualaz.org

BIR CAVAB BURAXIN