Qarabağda keçmiş “müdafiə naziri”, general Samvel Babayanla indiki “müdafiə naziri”, general Levon Mnatsakanyan arasında qarşıdurma qızışır. Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Levon Mnatsakanyan Samvel Babayanı 1994-cü ilin qışında cəbhə xəttinin cənub istiqamətində “bir gündə 21 kilometr geri çəkilib torpaqları verməkdə” günahlandırıb. Mnatsakanyan bunu Babayanın aprel döyüşləri zamanı Azərbaycan ordusunun cəmi yarım saat-bir saat ərzində erməni qüvvələrinin bütün mövqelərini ələ keçirdiyi haqda dediklərinə cavab olaraq bildirib.
Levon Mnatsakanyan aprel döyüşləri zamanı ərazilərin itirildiyini inkar etməyib, ancaq Babayanı “yaddaşını təzələməyə” və vaxtilə verdiyi torpaqları yada salmağa çağırıb. “Mən 1994-cü ilin yanvar-fevral aylarında baş verənləri analiz etməyi təklif edərdim. O vaxt cənub istiqamətində cəmi bir gün ərzində rəqibin təzyiqlər altında 21 kilometrdən çox ərazi verildi. O vaxt komandan kim idi? Həmin bu Babayan”-qondarma “müdafiə naziri” deyib.
Mnatsakanyan Babayanın erməni qüvvələrinin müdafiə mövqelərinin etibarlı olmadığı haqda tənqidlərinə də cavab verib. Deyib ki, qoy Babayan ozü baş komandan olduğu vaxtlarda müdafiə xəttini möhkəmləndirmək üçün hansı işlər gördüyünü danışsın. “Onun vəzifədə olduğu vaxtlarda bizdə elə mövqelər var idi ki, oradan rəqibin mövqeyinə qədər məsafə cəmi 50 metr idi. O zaman Babayan rəqibə 50 metr məsafədə mövqe tutmağa niyə imkan verirdi?”-general Levon bildirib.
Qondarma “müdafiə naziri”nin sözlərinə görə, Babayan aprel döyüşlərini “diversiya əməliyyatı” adlandırsa da əslində söhbət əsl müharibədən gedirdi.“Rəqib təmas xəttinin bütün perimetri boyu 200 kilometrə yaxın sahədə 1000-dən çox xüsusi təyinatlı döyüşçü, 200 tank, artilleriya sistemləri, pilotsuz döyüş aparatları tətbiq edib. Cəmi 3 gün ərzində 20 mindən çox mərmi atıb ki, 1992-1994-cü illərdə gedən müharibə zamanı istifadə edilən mərmilərin sayı 100 mindən çox deyildi”-o bildirib.
Xatırladaq ki, Levon Mnatsakanyanın bəhs etdiyi “ərazi itkisi” 1994-cü ilin qışında Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı zamanı baş verib. O vaxt Qarabağda ağır məğlubiyyətlərdən sonra qismən toparlanmağa nail olan Azərbaycan ordusu işğal edilmiş Füzuli və Cəbrayıl rayonlarını azad etmək üçün hücuma başlayıb. 1993-cü ilin dekabr ayının sonlarında başlayan, 1994-cü ilin yanvarında uğurla davam edən əməliyyat zamanı Azərbaycan hərbi birləşmələri düşmənin müqavimətini sındırıb və strateji əhəmiyyətli Horadiz qəsəbəsini düşməndən geri alıb. Daha sonra qoşunlarımız irəliləyərək Xudafərin körpüsünə çıxıb, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. Hücum əməliyyatına general Şair Ramaldanov başçılıq edirdi. Horadizin azad edilməsindən sonra şimal istiqamətində irəliləyən qoşunlarımız Füzuli rayonunun 20 kəndini, Cəbrayılın Cocuq Mərcanlı kəndini azad edib. Döyüşlər Füzuli və Cəbrayıl rayon mərkəzlərinn yaxınlığında gedirdi, ancaq ermənilərin köməyinə əlavə bölmələrin göndərilməsindən sonra ordumuz azad etdiyi ərazilərin bir qismindən geri çəkilməli olub. Döyüşlərin nəticəsi olaraq işğal edilmiş ərazilərin 21 min hektarı (210 kvadrat kilometr) Azərbaycanın nəzarətinə keçib. Həmin döyüşlərdə Ermənistan ordusu bütün Qarabağ müharibəsi ərzində ən ağır itkilərindən birini verib, hücum edən tərəfə nisbətən erməni qüvvələrinin itkiləri 1.5-2 dəfə çox olub.
Virtualaz.org