Qarabağ veteranı Mahir Zəkiyev torpağının zəbt edilməsindən narazıdır

0
597

«Deyir, səs salma, torpağına gözü düşən adam prezidentlə dodaq dodağa öpüşən birisidir. Nə istəyir, ver getsin, səsini çıxardıb başını ağrıdarsan».

Biləsuvarın Zəhmətabad kəndinin sakini, Qarabağ veteranı Mahir Zəkiyev AzadlıqRadiosuna danışır ki, bir sahibkar ona məxsus əkin sahəsinin bir hissəsini tutub, bir hissəsini isə əkinə yararsız vəziyyətə salıb. M.Zəkiyev səsini çıxaranda rayonun icra hakimiyyətinə çağrılıb. Başçının birinci müavini Xanlar Məmmədov ona xəbərdarlıq edib ki, sahəyə əl qoyan şəxs ölkə başçısının yaxın adamıdır. Odur ki, necə deyərlər, cınqırını çıxarmasın.

«ÇATANIN TORPAĞINA ƏL QOYUR»

Mahir Zəkiyevinsə susmaq fikri yoxdur: «Bu adam kimdirsə, çatanın torpağına əl qoyur. İcra hakimiyyəti də kəndlilərə «adam prezidentin dostudur, səsinizi çıxarmayın» deyib qorxudur. Dedim, «hər kimdir, mənim pay torpağımda nə gəzir? İş qurur, əcəb eləyir, getsin, kənarda torpaq alsın, işini görsün». Qarabağda erməniylə torpaq üstdə savaşıb can qoymuşam, özümü oda atıb şikəst eləmişəm ki, hansısa Şamillər gəlib pay torpağıma əl qoysun? Erməni tankının qabağından qaçmamışam, Şamillərin qabağından qaçacam?».

M.Zəkiyev deyir, Şamil adlı bir sahibkar ərazidə ferma tikmək istəyir. Onunla bərabər başqa iki nəfərin də torpağını alıb. Özü də işadamı ilə torpaq sahibləri arasında sövdələşmə məsələsinə görə gələn elə icra hakimiyyətinin işçiləri olub:

50 SOT TORPAĞA 1500 MANAT

«İcra hakimiyyətinin işçiləri gəldilər, qonşu torpaqların sahibləri sənədlərini götürüb getdilər, razılaşdılar, torpaqlarını satdılar. Mənə çatanda dedim, satmıram. 50 sot torpağa 1500 manat təklif edirdilər. Dedim, əkdiyim yoncadan elə 1200 manat götürürəm, mal-heyvanım da həmin sahənin yoncasıyla dolanır. Ondan sonra sahənin böyük bir hissəsini hasarladılar, gətirib su arxını da sahəyə saldılar. Mən onlarla zəbt etdikləri sahənin davasını aparmaqdaykən, bu biri tərəfdəki əkinimi də zay elədilər. Bir sözlə, məni zərərə salıblar».

M.Zəkiyev deyir, bu günlərdə evinə gələn işıq xəttini kəsiblər. O, elektrik enerjisinə görə borcunun olduğunu danmır. Ancaq hər ay əsas borcdan əlavə 10 manat da ödədiyini deyir. Bir günsə bəlli olub ki, sən demə, işıq xətti də elə torpaq mübahisəsinə görə kəsilibmiş: «İcra hakimiyyətində dedilər, «işığının sönməməsini istəyirsənsə, torpağı ver». Hələ üstəlik soruşdular, «evdə qaz gəlir?». Dedim, «nə demək istəyirsiniz? Torpağı verməsəm, onu da kəsmək fikriniz var?». Deməyim odur ki, istədiklərini əldə etmək üçün adamları görün nələrlə imtahana çəkirlər».

Mal-qara

Mal-qara

«PENSİYAMI ALIB GEDƏCƏYƏM ADMİNİSTRASİYANIN QABAĞINA»

M.Zəkiyevin bir böyrəyi yoxdur. Anası yataq xəstəsidir, azyaşlı övladı göz xəstəliyinə görə qeydiyyatdadır. Ailənin dolanışığı əkin sahəsindən götürdüyü taxıl və yoncadan çıxır. Ancaq indi həm heyvanlarını otarmağa yerdən, həm də əkindən məhrum olub: «Sahəmə yaxın düşə bilmirəm. Həbs etdirəcəkləri ilə hədələyirlər. Heyvanlarımı sahədən çıxarıblar. Deyirlər, «prezidentin dostu bu sahəyə öz möhürünü vurub». Deyirəm, «a kişi, bura mənim pay torpağımdır, kimin nə ixtiyarı var mənim heyvanımı, özümü sahədən qovsun». Vallah, prezidentin bu işdən heç xəbəri də yoxdur. Xalqa prezidentin adından danışıb zülm eləyib xalqı ona qarşı qaldırırlar. Mən pensiyamı alan kimi ailəmi də götürüb Prezident Administrasiyanın qabağına gedəcəm, prezident çıxsın, desin ki, «a kişi, torpağından əlini üz, dostuma bağışlamışam». Yoxsa, gəlib camaatı prezidentin adından qorxutmaq, torpağını əlindən almaq lazım deyil».

M.Zəkiyev məhkəməyə müraciət edib. Lakin deyir, məhkəmə də sahibkarın tərəfini saxlayır. Belə ki, dediyinə görə, 3 dəfə proses keçirilib. O, birinci iclasa qatılıb, ikincini isə onun iştirakı olmadan keçiriblər. Üçüncü prosesə isə o qatılıb, qarşı tərəf gəlməyib. M.Zəkiyev məhkəməyə inamının qalmadığını, bir gün onun xəbəri olmadan iclas keçirilib qarşı tərəfin xeyrinə qərar çıxarıla biləcəyini düşünür.

UŞAQLAR DƏRSLƏRİNİ ŞAM İŞIĞINDA HAZIRLAYIR

Biləsuvar rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, M.Zəkiyevlə hansısa işadamı arasındakı torpaq qalmaqalının onlara aidiyyəti yoxdur: «Torpaq zəbt olunub, bunun üçün məhkəmə var. Bildiyimiz qədər, Mahir məhkəməyə də müraciət edib. Məhkəmə araşdırar, torpaq kimindirsə, bir qərar çıxarar. Vətəndaşın dediklərinin heç bir əsası yoxdur. Düşünürsə, həyatına təhlükə var, hər bir vətəndaşın təhlükəsizliyə görə ölkənin Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ var, o da müraciət etsin. Bizim bu məsələlərlə heç bir əlaqəmiz yoxdur».

M.Zəkiyevin ailəsi isə, hələ də, qaranlıqda qalıb. Deyir, məhz torpaq söhbətinə görə işığını yandırmırlar. Artıq neçə gündür ki, məktəbli övladları dərslərini şam işığında hazırlayır. Torpaqla əlaqədar verdiyi iddia üzrə növbəti məhkəmə iclasının vaxtı isə, hələlik, bəlli deyil.

Azadliq.org

BIR CAVAB BURAXIN