Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Misaki Milli”dən danışandan sonra “Böyük Türkiyə Xəritəsi” yayılıb.
Ərdoğan “Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır” deyə bildirib.
O, “Misaki Milli” hədəflərini qoruya bilmədiklərini açıqlayıb: “20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayış vardır. Bu, səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır”.
Türkiyə prezidentinin bu açıqlamasından sonra yayılan xəritə yunanları, eləcə də erməniləri qorxuya salıb.
“Böyük Türkiyə Xəritəsi”ndə ən diqqət çəkən məqamlardan biri Ermənistan ərazisinin yarıya qədər kiçilməsi və Dağlıq Qarabağın tamamilə azad olunaraq, Azərbaycan tərkibinə qaytarılmasıdır.
Qeyd edək ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.
“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.