“Qarabağ münaqişəsinə “xristian qardaşlığı” kontekstində yanaşırlar” – Əli Həsənov

0
690

“Bir acı həqiqəti qəbul etməliyik ki, Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük geniş sürətdə yayılıb”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ektremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında deyib.
Ə.Həsənov qeyd edib ki, həm keçmiş sovet respublikalarında, həm də Yaxın Şərqdə olan münaqişələr, etnik təmizləmə, tarixi və dini abidələrə qarşı vandalizm aktları ilə müşahidə olunur: “Bugünkü sessiyada zorakı esktremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış bir çox ölkələrdə media yanlış istiqamətə yönəldilir. Bəzi hallarda bu, siyasi rejimlər tərəfindən edilir. Bəzi hallarda da bu, qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Son 20 ildə baş verən münaqişələrlə bağlı media orqanlarında fərqli baxışları müşahidə edirik. Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və “xristian qardaşlığı” kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük. Burada münaqişənin təşəbbüskarı “qurban” kimi təqdim edilir. Ermənistan mediası türkfobiya təbliğatı aparır”.
O bildirib ki, Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğat aparır: “Ermənistanın keçmiş və indiki rəhbərləri iki xalqın birgə yaşamasının qeyri-mümkünlüyü ilə bağlı absurd fikirlər bildirirlər. Rəsmi Ermənistan qurumları media vasitələrinin yaradılmasına cəlb edilir. Bu istiqamətdə təbliğat aparırlar”.

BIR CAVAB BURAXIN