Qarabağ münaqişəsi tarixdə qaldı
2020- ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 günlük müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalanan 3 tərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “artıq yeni dövr başlayıb – quruculuq dövrü, postmünaqişə dövrü. Biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.Uzun illər davam edən və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərən Azərbaycan aparılan sülh danışıqlarında daim konstruktivlik göstərməklə paralel şəkildə özünün iqtisadi gücünü artırdı, maliyyə imkanlarını genişləndirdi və müasir, güclü ordu yaratmağa nail oldu. Vətən müharibəsində şanlı Qələbəmiz də məhz Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın həmrəyliyi və yenilməz ruhu sayəsində əldə olundu. Düşmən onilliklər ərzində öz nəzarəti altında saxladığı ərazilərimizdə böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə istehkamlar qurmuşdu və elə hesab edirdi ki, Azərbaycan Ordusu bu sədləri heç vaxt keçə bilməz. Ancaq rəşadətli Azərbaycan əsgər və zabitləri yüksək peşəkarlıq, Vətənə sonsuz məhəbbət nümayiş etdirərək işğalçı Ermənistanın silahlı birləşmələrini darmadağın etdi. Ölkəmiz tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü öz gücü ilə təmin etdi.Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra düşmənlə diplomatik müstəvidə aparılan savaş da ölkəmizin tam üstünlüyü ilə davam etdirilir. Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. Oktyabrın 31-də Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyev əvvəllər olduğu kimi, Soçi görüşündə də Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi. Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi.Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu. Belə ki, budəfəki Soçi görüşü və yekunda imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir. Bu görüş bir daha təsdiq etdi ki, Prezident cənab İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı qəbul edilir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov
İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Prezident cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov
Türk dünyası böyük bir ailədir
Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etdirilməkdədir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Bu, özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, siyasi həmrəylik düşmən üzərində tam və qəti qələbənin təmin edilməsində əhəmiyyətlidir. İşğal dövründə Ermənistan işğal etdiyi ərazilərin bütün infrastrukturunu, maddi-mədəniyyət abidələrimizi dağıtmış, bu ərazilərdəki meşələrimizi yandırmış, məhv etmişdir. Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə start verib. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Öz iqtisadi qüdrətinə arxalanan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov
Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi
Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan ölkə kimi nüfuz qazanıb. Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün azərbaycanlılar Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə də yüksələn xətlə inkişaf edir. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova