“Qarabağ” ispanları yenidən şoka saldı: Qələbəyə bərabər heç-heçə

0
714

Çempionlar Liqasında II dövrəyə start verilib. Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb.

 

Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçirilib.

 

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində qalib müəyyənləşməyib. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdən 1 xalla dönməyi bacarıb.

 

Oyunda hesabı təmsilçimiz açıb. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora göndərib. İlk hissəni bu hesabla başa çatıb.

 

İkinci hissədə təzyiqi artıran rəqib bir neçə epizodda qola yaxın olsa da, bu istəyinə 56-cı dəqiqədə nail olub. Tomas əla qola imza atıb.

 

3 dəqiqə sonra isə “Qarabağ” meydanda azlıqda qalıb. Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə ilə meydan qovulub.

 

Meydan sahiblərinin say üstünlüyü yarım saat çəkib. Bu müddətdə hesabda önə keçə bilməyən Dieqo Simeonenin komandası 88-ci dəqiqədə Saviçi itirib. Serb müdafiəçi ikinci “sarı” ilə oyunu tərk edib.

 

Qalan dəqiqələrdə başqa qol olmayınca matç 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Bu nəticə ilə “Qarabağ”ın 1/8 final şansları davam edir.

Çox ağır oyun oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Bir xalla dönsək də, rəqibin oyununu qeyd etməliyəm. Futbolçularımız bu cür komandaya qarşı sona qədər mübarizə apardılar. İlk dəfədi ki, Çempionlar Liqasının qrupunda çıxış edirik. Futbolçularımızın belə oyunları çox keçirmələrinə ehtiyac var. Şükürlər olsun ki, komandamızın əziyyəti boşa getmədi”.

 

– Pedro Enrikenin qırmızı vərəqə aldığı epizodda hakimin qərarından razı qaldızmı?

– Məncə, “qırmızı” düz idi. Hakim haqlı olaraq, həmin vərəqəni göstərdi. Çünki Pedronun ayağı həddindən artıq yuxarı qalxmışdı. Bu mənada, hakimin qərarına etirazım yoxdu.

 

– “Qarabağ” qrupun autsayderi kimi göstərilsə də, “Atletiko” kimi rəqibdən 2 xal aldı. Komanda əvvəldən qarşıya qoyduğunuz hədəfə çatdımı, yoxsa yenə hədəfiniz var?

– Çox güclü qrupa düşmüşük. Hər bir rəqibin qrup lideri olmağa potensialı var. Belə oyunları daha çox keçirməyə ehtiyacımız var. Onda futbolçular bərkiyirlər. Onlar bu cür matçlarda məğlub olanda belə, oyundan zövq almalıdılar. Yaxşı nəticə həm futbolçulara, həm də bizə özünəinam hissi verir. Nəticə önəmlidi. Əgər şansımız varsa, futbolçuları maksimum dərəcədə hazırlayacağıq. Dayanmaq istəmirik, potensialımızı daha çox açmaq niyyətindəyik.

 

– Gələn mövsümdən Çempionlar Liqasında iştirak “Qarabağ” kimi komandalar üçün daha çətin olacaq. Bu barədə nə düşünürsüz?

– Bəlkə də, UEFA-nın qərarı doğrudu. Amma hər bir komanda bu turnirdə iştirak etdikdən, rəqiblərin gücünü gördükdən sonra bu yarışda hər il oynamaq istəyir. Hansı qərarı qəbul etsələr, onu yerinə yetirməyə məcburuq. Qarşıdakı illərdə də Çempionlar Liqasının qrupunda oynamaq üçün, bəlkə də, bir az da möhkəmlənməli, bəzi dəyişikliklər etməliyik.

 

– Pedronun qırmızı vərəqə alması və Gerryenin zədələnməsi oyun planınızı pozdumu? Bir də bu görüşü “Qarabağ”ın qrupdakı ən gərgin matçı adlandırmaq olarmı?

– Belə itkilər olanda planlar istər-istəməz pozulur. Qırmızı vərəqə haqda, ümumiyyətlə, düşünmürsən. Azlıqda oynamaq planlara təsir edir. Amma mən belə oyunlara həmişə başqa tərəfdən baxmışam. Futbolda zədələr, vərəqələr olur. Oyunçular bu cür böyüyüb, inkişaf edirlər. Futbolçularımız daha məsuliyyətli olmalıdılar. Gerryenin zədələnməsi gələcək üçün planlarımızı poza bilər. Matça gəldikdə isə Çempionlar Liqasında gərgin keçməyən oyun yoxdu. Düşünürəm ki, getdikcə bizə daha diqqətli yanaşırlar və bu da üzərimizdəki gərginliyi artırır.

 

– “Atletiko” ilə hər iki görüşdə yaxşı nəticə qazandığınıza görə hansı hissləri keçirirsiz?

– Futbolda məğlub olmağın və nəticə əldə etməyin öz məsuliyyəti var. Bu hisslər mənə imkan vermir ki, özümüzü rahat hiss edək. Sevinmək bir anlıq olur. Çünki qarşıda bundan da ağır oyunlar var. Belə nəticələr bizə inamla yanaşı, məsuliyyət də verir. Həddindən artıq diqqətli, sadə olmalı və işimizə daha ciddi yanaşmalıyıq. Bu, uğurlu nəticələrin təsadüfi yox, davamlı olması baxımından vacibdi.

 

– İlk hissə gözlənilmədən “Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatdı. Fasilədə futbolçulara nə dediniz?

– Hər hissənin öz analizi var. Biz oyundan əvvəl hər cür hesaba hazır olmalıyıq. Futbolçulara diqqətli olmağı tapşırırıq. Bir də oyunçulara ayrı-ayrılıqda tapşırıq veririk. Amma bunu burda açıqlamaq istəmirəm. İkinci hissədə qol buraxsaq da, həmin epizoda qədər hər şey qaydasında idi. Futbolçular sona qədər tapşırıqlarımızı yerinə yetirməyə çalışdılar.

 

– Bu turnirin yekununda Türkiyə və ya digər ölkələrin klublarından təklif gözləyirsizmi?

– Təklif haqda, ümumiyyətlə, düşünmürəm. Biz elə bir komandadayıq ki, işimizi daim yaxşılaşdırmalıyıq. Bu gün elə bir fikrim yoxdu. Həmişə istəmişəm ki, daim məsuliyyətli olum, çox çalışım və Azərbaycan futboluna kiçik də olsa, fayda verim.

“Bəhanələrə sığınmaq istəmirəm. Oyuna pis başlamamışdıq. Rəqibə zərbə vura bilərdik, amma dəqiqlik çatmadı. Əvəzində isə onlar fərqləndilər”.  Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında “Qarabağ”la 1:1 hesablı heç-heçə edən Madrid təmsilçisinin çalışdırıcısı fikirlərini bölüşüb.

 

Argentinalı çalışdırıcı gərgin oyun olduğunu vurğulayıb: “İkinci hissədə təlaşı və əsəbi idik. Rəqib əla müdafiə olunurdu. Çox yaxşı qapıçıları var. Nəticə istədiyimiz kimi deyil və çox çətin vəziyyətə düşdük. “Roma”ya qarşı daha yaxşı olmağa çalışacağıq. O matçın nəticəsinə görə bəlli olacaq taleyimiz. Biz həmişə eyni cür oynamışıq, əvvəllər bu, alınırdı, indi alınmır. Əgər siz xal qazanırsınızsa, hamı gücünzdən danışır. Nəticə yoxdusa, insanların fikri dəyişir”.

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

 

“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qırmızı vərəqələr: Saviç, 88 (ikinci sarı) – Pedro Enrike, 59 (birbaşa)

Qollar: Tomas, 56 – Miçel, 40

 

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. “Metropolitano” stadionu

 

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan

Baş məşqçi: Dieqo Simeone

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

1 Roma 4 2 2 0 8-4 8
2 Çelsi 4 2 1 1 11-7 7
3 Atletiko 4 0 3 1 2-3 3
4 Qarabağ 4 0 2 2 2-9 2

BIR CAVAB BURAXIN