O, milyonlarla insanın ürəyini fəth edib, tanınıb, sevilib, ünsiyyətdə olduğu insanlarda ilk dəqiqələrdən xoş təəssürat yaradıb, pozitiv aurası ətrafdakılara da sirayət edib. Onu təkcə qazandığı titullarına görə yox, həm də ən yüksək insani keyfiyyətlərə xas olduğuna görə seviblər. Müasirlərinin söylədiklərinə görə, 1960-cı illərdə Nikolay Ozerovun populyarlığı Yuri Qaqarinlə müqayisə ediləcək dərəcədə olub. Arazinfo.com Musavat.com-a istinadən məşhur idman şərhçisi barədə yazını oxuclarına təqdim edir.
Bu həmin Ozerovdur ki, idman şərhçisi kimi hokkey və futbol matçlarını şərh edərkən azarkeşlərin emosiyalarını son həddə çatdırıb. Bu həmin idman şərhçisidir ki, dünyada məşhur olan Kanada hokkeyçilərinin SSRİ yığması ilə görüşündə kobudluqlarını görəndə “Bizə belə hokkey lazım deyil” deyərək əlindəki mikrofonu pulta çırpıb.
Bəli, bu həmin Nikolay Ozerovdur ki, Leonid İliç Brejnevin fəxri lojada seyr etdiyi MOİK və “Spartak” oyununu pult arxasında deyil, məşqçilər üçün nəzərdə tutulmuş yerdən şərh edib və oyun zamanı “Spartak”ın vurduğu qolu o qədər emosiya ilə şərh edib ki, MOİK-in oyunçusu hokkey çomağını onun başına vuraraq yaralayıb, tibbi yardım aldıqdan sonra yenidən mikrofonu götürüb və üzünü fəxri lojaya, Leonid İliçə tutub: “Biz reportajımızı davam etdiririk…” Sonralar Kremldə dövlət təltiflərinin təqdimolunma mərasimlərinin birində Brejenv bu hadisəni ona xatırladıb:
– Nikolay Nikolayeviç, hökkeyçinin hokkey çomağı ilə sizi vurması sizin böyük talantınızın məhsuludur. “Spartak”ın qələbəsini o cür emosiya ilə ifadə edəndə MOİK azarkeşi kimi məni də çox qıcıqlandırdınız. Siz öz işinizin əsl peşəkarısınız, sizin şərhinizlə idman oyunlarını seyr etmək çox maraqlı olur.
Nikolay Ozerov 1922-ci ildə Moskvada anadan olub. Məktəb illərindən çox ciddi şəkildə tennislə məşğul olub. 1934-cü ildə, 12 yaşında məktəblilər arasında tennis üzrə Moskva çempionu titulunu qazanıb. 1941-ci ildə idman ustası, 1947-ci ildə əməkdar idman ustası adını alıb.
Müharibə başlananda Ozerovu cəbhəyə aparmayıblar, Moskvada saxlayıblar. 1941-ci ilin ən ağır müharibə günlərində Ozerov hər gün Moskvanın bir neçə idman zalında öz həmkarları ilə tennis oyunları nümayiş etdirib və bu oyunlar radio vasitəsi ilə geniş şərh edilib. Sovet ideologiya aparatı bunu məqsədli şəkildə təşkil edib, bununla sübut etmək istəyiblər ki, sovet xalqı müharibədən qorxmur və Moskvada həyat öz axarı ilə davam edir. Məhz bu hadisə faşist Almaniyasının baş ideoloqu Yozef Göbbelsin qıcığına səbəb olub.
Nikolay Ozerov Rusiya Teatr İncəsənəti İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra aktyor kimi Moskva Bədii Dram Teatrında fəaliyyətə başlayıb. Ozerov 4 il ərzində iyirmidən artıq tamaşada rol alıb, filmlərə çəkilib.
1950-ci ildən Nikolay Ozerov həyatını radio və televiziyaya bağlayıb, idman şərhçisi kimi məşhurlaşıb. O, 15 dəfə ayrı-ayrı ölkələrdə keçirilən Olimpiya oyunlarında, 30 dəfə hokkey üzrə, 8 dəfə isə futbol üzrə dünya çempionatlarında əsas idman şərhçisi kimi iştirak edib.
Ömrünün 38 ilini idman şərhçiliyinə həsr edən Ozerovun həyatı maraqlı hadisələrlə zəngin olub.
Nikolay Ozerov son dərəcə diqqətli və həssas insan olub. O, ad günlərində, bayramlarda yaxında, uzaqda yaşayan dostlarını, doğmalarını təbrik etməyi heç vaxt unutmayıb. Vaxtının məhdud olmasına baxmayaraq, poçta gedib, onlara teleqram göndərib.
1978-ci ildə Leninqrad televiziyasında rejissor işləyən dostunu təbrik etmək üçün Ozerov poçta gedib. İçəri daxil olanda kiçik bağlama göndərən eynəkli kişi onun diqqətini cəlb edib. Ozerov onu Vyaçeslav Molotova bənzədib. Şübhələrini dəqiqləşdirmək üçün Ozerov əlindəki təbrik teleqramının mətni ilə məhz ondan sonra növbə tutub. Qız bağlamanın kim tərəfindən göndərildiyini eynəkli kişidən soruşanda o, cavab verib: “Vyaçeslav Molotov”.
Ozerov qərar verib ki, çox hörmət bəslədiyi bu siyasi xadimlə mütləq tanış olacaq. Molotov poçtdan çıxanda, o da arxasınca çıxıb və düşünüb ki, Molotovun maşını yoxdursa, onu öz avtomobilində istədiyi yerə qədər aparacaq. Molotov piyada yola düzəlib, Ozerov bu məqamda ona yaxınlaşıb:
– Etiraz etməsəydiniz, sizi öz maşınımla aparardım.
Sonralar həmin görüş haqqında Ozerov öz xatirələrində yazıb:
“Mən ona yaxınlaşıb salamlaşdım və təklif etdim ki, onu hara lazımdırsa maşınımla aparım. O, diqqətlə məni süzdü. Yəqin ki, səliqəli geyimimdən, üzümdəki xoş təbbəssümdən anladı ki, yoldan keçən bir avara deyiləm. Razılaşdı, maşına əyləşdik.
Mühərriki işə salanda soruşdu:
– Biz nə vaxtsa görüşmüşük? Səsiniz çox tanış gəlir?
– Xeyr, bizim heç vaxt görüşümüz olmayıb. Yəqin ki, mənim səsimi efirdən eşitmisiniz. Mən Ozerovam.
O, təəcübünü gizlədə bilmədi:
– Nikolay Ozerov??? Əgər evdə bilsələr ki, məni Ozerov öz şəxsi maşını ilə gətirib, lap bayram olacaq.
Bəli, nə vaxtsa SSRİ-nin ən yüksəkdə dayanan siyasi fiqurunun bu sadəliyi və uşaq sevinci mənim də təəcübümə səbəb oldu. Mən onu evlərinə qədər apardım, telefon nömrəsini götürdüm. Sonralar bayramlarda zəng edib onu təbrik edirdim…”
Nikolay Ozerob üçün hər yerdə yaşıl işıq yanıb. Təkcə mərkəzi televiziyanın yeməkxanasından başqa. Mehmanxanalarda, təyyarə biletləri satılan kassalarda, mağazalarda Ozerovu növbədənkənar buraxsalar da, işlədiyi yerin yeməkxanasında ona güzəştə getməyiblər. Amma o, burada da çıxış yolu tapıb. Növbədə onun qarşısında kim olubsa, Ozerov onu parodya etməyə, yamsılamağa başlayıb, bununla da həmin şəxs onu qabağa buraxıb. Məsələn, Yuri Levitan növbədə Ozerovdan qabaq olubsa o, “əməliyyat”a keçib:
– Danışır və göstərir Moskva!!!
Levitan bu frazadan sonra narazı halda onu qabağa buraxıb:
– Keç Kolya, keç, sənin aclığa dözümün yoxdur. Çünki sən müharibə görməmisən, müharibə vaxtı süd içib, tennis oynamısan.
Təkcə Levitan yox, onu tanıyanların hamısı yaxşı bilib ki, 150 kiloqram çəkisi olan Ozerovun aclığa düzümü olmayıb.
Ozerovun “iştah” məsələsi ilə bağlı həmkarı, idman şərhçisi Vladimir Pereturin öz xatirələrində maraqlı bir hadisəni qələmə qalıb:
“1982-ci ildə İspaniyada dünya üzrə futbol çempionatı keçirilirdi. Biz də bu ölkəyə ezam olunmuşduq. Əvvəlcə ayrı-ayrı şəhərlərdə keçirilən oyunları şərh edirdik. Final oyununda isə hamımız bir yerə yığışdıq və final oyununu şərh etməyi Ozerova həvalə etdilər. Mehmanxanada Ozerov Kote Maxaradze ilə qalırdı. Qeyd edim ki, çətin vaxtlar idi. Bizə çox az məbləğdə ezamiyyət pulu verirdilər. Buna görə də ezamiyyətə gedəndə özümüzlə Moskvadan konservləşdirilmiş ərzaq məhsulları götürürdük. Elə İspaniya səfəri zamanı mən özümlə 15 banka konservləşdirilmiş sosiska götürmüşdüm. Sonuncu günümüz idi, mən Ozerovu və Maxaradzeni öz otağıma dəvət etdim. Süfrə açdım və özüm də mehmanxananın mətbəxinə getdim ki, toyuq bulyonunu isidib gətirim. Qayıdanda gördüm ki, stolun üstündə heç nə qalmayıb. Onlar çox “razı” halda mənə təşəkkür edib getdilər. Biz saat 5-də keçiriləcək final oyununda görüşməli idik. 5-in yarısında onların otağına getdim, qapını döydüm, açan olmadı. Yalnız bir neçə dəqiqədən sonra Maxaradze alt paltarında qapını açıb narazı halda soruşdu:
– Sən bizə nə yedizdirmisən, tualetdən çıxa bilmirik.
Mən özümü gülməkdən güclə saxlayırdım:
– Sağ ol deyin ki, qarın ağrısına finaldan əvvəl düşmüsünüz. Final zamanı düşsəydiniz, yəqin ki, Ozerovun səsi başqa yerdən çıxacaqdı…”
Nikolay Ozerov son dərəcə xeyirxah bir insan olub. İstər teatrda işləyəndə, istərsə də televiziyada çalışanda öz populyarlığından, şəxsi tanışlıq imkanlarından istifadə edərək həmkarlarının problemlərinin həllinə nail olub.
Hələ 21 yaşında olarkən sevdiyi qız tərəfindən atılan Ozerov uzun illər ailə həyatı qurmayıb, tək yaşayıb. Nəhayət, 47 yaşında o, Moskvanın kiçik nəşriyyatlarının birində çalışan Marqarita Azarovskaya ilə ailə həyatı qurub. Cütlüyün ekiz övladları dünyaya gəlib, Nadejda və Nikolay…
1988-ci ildə Ozerov televiziyadan ayrılıb, onu “köhnə dəbdə olan şərhçi” kimi işindən uzaqlaşdırıblar.
1990-cı ilin əvvələrində Ozerovun səhhətində ciddi problemlər yaranıb. Şəkərli diabetdən əziyyət çəkən Ozerovun bir ayağını kəsiblər.
Həmişə üzdə olan Ozerovun məhdud hərəkətlə yaşamağı ona ağır gəlib, mənəvi cəhətdən onu sıxıb. 1997-ci ildə o, yenidən xəstəxanaya yerləşdirilib. Ancaq bu dəfə həkimlər onu xilas edə bilməyiblər.
Nikolay Ozerov 1997-ci ildə, iyunun 2-də, 74 yaşında vəfat edib. O, Moskvada, Vedenski qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com