Qalina Brejnevanı azadlığa buraxan, “Spartak”ı çempion edən Baş katib

0
949
Konstantin Ustinoviç Çernenko sovet liderlərinin arasında hakimiyyətə ən az rəhbərlik etmiş Baş katib olub. Məhz onun 13 aydan da az hakimiyyəti dövründən sonra Qorbaçovun liderliyə sahib olması ilə SSRİ kimi nəhəng bir dövlətin mövcudluğuna son qoyulub.

Krasnoyarskda sadə kəndli ailəsində dünyaya göz açan Konstantin Çernenkonun siyasi fəaliyyətə başlamasının səbəbkarı böyük bacısı Valentina olub. Kifayət qədər hökmranlı qadın olan Valentina Çernenko Krasnoyarsk şəhər Partiya Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. Fəallığı ilə fərqlənən Valentinanın Krasnoyarsk şəhər Partiya Komitəsinin birinci katibi Oleq Aristovla xidməti münasibətlərdən savayı, çox isti və gizli sevgi münasibətləri də olub. Qardaşı hərbi xidmətdən qayıtdıqdan sonra məhz Valentinanın xahişi ilə Aristov gənc Konstantini Ali Partiya məktəbinə təhsil almağa göndərib. Çernenko həmin məktəbi bitirdikdən sonra da Aristovun himayədarlığı ilə partiya sistemində müxtəlif vəzifələrlə təmin olunub.

Partiya vəzifələrində sürətli keçidlər edən Çernenko qısa müddətdən sonra Penza vilayəti Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunub. Vilayətdə üç il ərzində 26 min partiya təşviqatçısı hazırlamaqla fərqlənən Çernenko daha yüksək vəzifəyə, Moldaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbər təyin edilib. Yeddi il bu vəzifədə işlədiyi dövrdə Çernenko Leninin əsərlərini moldovan dilinə tərcümə etdirərək, 300 min tirajla nəşr olunmasını həyata keçirib. Çernenkonun gələcək siyasi karyerasında Moldaviyadakı fəaliyyəti çox mühüm rol oynayıb. Çünki həmin dövrdə Moldaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnevlə Çernenko sıx və mehriban münasibət yaratmağa nail olub. Məhz həmin dövrdən sonra Çernenko Brejnevin himayədarlığı ilə yüksək siyasi zirvələri fəth edib. Mülayim xarakterli, ancaq işində ciddi, tələbkar və məsuliyyətli olan Konstantin Çernenko hələ 70-ci illərdə Kreml məmurları tərəfindən gələcəkdə “birinci” kürsüdə əyləşəcək siyasətçi kimi qəbul olunub. Leonid İliç Brejnev bir çox partiya məsələlərini inamla Mərkəzi Komitənin təşkilat şöbəsi vəzifəsində çalışan Çernenkoya etibar edib.

 


Yüksək təşkilatçılıq qabiliyyəti olan Çernenko bu vəzifədə olarkən bütün aparatı özünə tabe etməyi bacarıb. O daha çox hər şeyi kağız üstündə əks etdirməyi tələb edən məmur kimi yadda qalıb. Kreml məmurları bir çox hallarda yazılı hesabatlardan, arayışlardan, məruzələrdən bezdiklərini açıq şəkildə göstərməsələr də, narazılıqlarını biruzə veriblər.

Çernenko Brejnevin vəfatından sonra özünü Baş katib kürsüsündə görmək istəsə də, buna nail ola bilməyib. SSRİ-nin müdafiə naziri Ustinov ona tələsməməyi məsləhət görüb və Siyasi Büro Andropovun Baş katib olmasına “xeyir-dua” verib. Ancaq Çernenkonu da narazı salmayıblar, onu Lenin mükafatına layiq görüblər.

Konstantin Çernenko öz növbəti şansını çox da gözləməyib. Cəmisi 15 aydan sonra Andropov həyatla vidalaşanda nəhayət Çernenko illərlə gözlədiyi və arzuladığı günə yetişib.

13 fevral 1984-cü ildə o, Baş katib kürsüsünə sahib olub. Ancaq həmin dövrdə Çernenko bir çox xəstəliklərdən əziyyət çəkib. Xüsusilə astma, qaraciyər və ürək xəstəlikləri Baş katibə gözüdolusu kabinetində əyləşməyə imkan verməyib. Mərkəzi Komitənin və Siyasi Büronun bir çox iclasları Kreml xəstəxanasında, Çernenkonun yatdığı palatada keçirilib. Bütün xəstəlikləri ilə yanaşı, Baş katibin yay fəslində, avqust ayında hisə verilmiş balıqdan zəhərlənməsi onun sağlamlığına böyük problem yaradıb.

Konstantin Çernekonun Baş katib olduğu dövr cəmi bir neçə hadisə ilə yadda qalıb. Onun ilk gördüyü işlərdən biri “briliyant iş”in istintaqının dayandırılması və Qalina Brejnevanın ev dustaqlığından azad edilməsi olub.

1 sentyabrın “Bilik günü” kimi qeyd edilməsi Çernenkonun adı ilə bağlıdır.

 


Konstantin Çernenko musiqi sahəsindəki “islahatları” ilə də yadda qalıb. O bəzi rok və estrada qruplarına qarşı amansız mübarizə aparıb. Belə qrupların fəaliyyətini Baş katib sovet əxlaq normalarına zidd sayıb. “Bravo”, “Kino”, “Akvarium” kimi qruplar Çernenko hakimiyyətinin amansız təzyiqlərinə məruz qalıb. Janna Aquzarova isə Baş katibin qəzəbinə düçar olaraq, türməyə göndərilib.

Hələ gənclik illərindən idman oyunlarını həvəslə izləyən Çernenko “Spartak” futbol komandasının azarkeşi olub. Bu komandanın ölkə çempionu olması üçün o bütün imkanlardan istifadə edib, ən yaxşı oyunçuları bu komandaya cəlb edib, oyunçuların sosial-məişət problemləri ilə ciddi məşğul olub və nəhayət arzusuna çatıb. Komanda bu qayğının müqabilində öz avtoqraf və şəkilləri ilə düzəldilmiş kubok-suveniri Çernenkoya bəxş edəndə o özünü çox xoşbəxt sayaraq deyib ki, “bu mənimçün ən böyük hədiyyədir”.

Əxlaq normalarına ciddi diqqət yetirən, sadə həyat tərzi sürməyə üstünlük verən, ölümündən sonra adı heç bir korrupsiya və vəzifədən sui-istifadədə hallanmayan Konstantin Çernenko iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Faina Vasilyevna ilə nikahları çox da uzun çəkməyib. Bu nikahdan onların bir qızı və bir oğlu olub. 1944-cü ildə Çernenko ikinci dəfə ailə həyatı qurub. Bu nikah isə onlara üç uşaq bəxş edib. Çernenkonun dövlət təltiflərinə həvəsi və hərisliyi silahdaşı Leonid İliç Brejnevdən az olmayıb. O, dörd dəfə Lenin ordeni, üç dəfə Sosialist Əməyi Qəhrəmanı və bir çox orden, medallarla təltif olunub. Konstantin Çernenko 10 mart 1985-ci ildə vəfat edib. O, Kremlin divarlarında dəfn olunan sonuncu sovet lideri olub. Baş katibin vəfatı ilə bağlı ölkədə üç günlük matəm elan olunub.Modern.az .İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN