Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rufan Ağcabəyov ifadə verib. O bildirib ki, Suriya ərazisinə getməmişdən əvvəl Orxan adlı şəxslə tanış olub: “Orxandan Suriyaya getməyin yollarını öyrənmək istədim, Orxan da mənə kömək etdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 18 iyun 2013-cü il tarixdə təyyarə ilə Bakıdan İstanbul şəhərinə gedib. Orada Abdulcəlil adlı şəxs və 2 nəfər ərəb millətindən olan şəxs onu Hatay şəhərinə, oradan isə Suriyanın Atma vilayətinə keçirib: “Atma vilayətinə getdikdən sonra Xalid ləqəbli Rövşən Bədəlovla görüşdüm. Onun göstərişi əsasında “camaat”ın yerləşdiyi inzibati binaya “AK-74” avtomat silahla gecə-gündüz növbə çəkmişəm”.
“Mənə ərəb qadınla evlənməyi təklif etdilər”
Rufan Ağcabəyov qeyd edib ki, orada yaşayan hər bir şəxsə 3 dəfə pulsuz yemək və 750 Suriya pulu verilir: “Orada yaşayan azərbaycanlılar mənə bir ərəb qadınla evlənməyi təklif etdilər. Lakin təklifi rədd edərək öz arvadımı Suriyaya gətircəyimi bildirdim”.
Rufan Ağcabəyov bildirib ki, kürd millətindən olan qüvvələrlə döyüşlər zamanı əsir düşüb: “Əsirlik zamanı kürd qadınlar düşərgədə məni qulluqçu kimi işlədirdilər. Orada kürd qadınlarla cinsi əlaqəyə girmək və başqa məqsədlər üçün istifadə olunmuşam. Suriya ərazisində heç bir döyüş əməliyyatlarında və hərbi təlimlərdə iştirak etməmişəm”.
Rufan Ağcabəyov bildirib ki, Suriya ərazisində “Azəri camaatı”ı 2 yerə – Abu Yəhyanın və Xalidin başçılıq etdiyi silahlı dəstələrə bölünüb: “Abu Yəhyanın dəstəsi daha böyükdür, 70-80 nəfərdən ibarətdir. Mənim olduğum Xalidin dəstəsi isə 15-20 nəfər idi. Xalidin başçılıq etdiyi silahlı qruplaşma yeni-yeni təşəkkül tapırdı.
Xalidin rəhbərlik etdiyi “Azəri camaatı”nın tərkibində müxtəlif millətlərin nümayəndələri vardı”.
“Silahlı münaqişələrdə və ya döyüşlərdə iştirak edib”
Təqsirləndirilən şəxsin sözlərinə görə, kiminsə əsl adını, yaşını, harada doğulduğunu, Azərbaycanda yaşayarkən nə işlə məşğul olduğunu soruşmayıb: “Bunu soruşanda dərhal şübhəli məqam yaranıb və bunun nə ilə qaynaqlandığı ciddi araşdırılıb. Digər azərbaycanlılar – Abdurrauf, Abdulla, Məhəmməd və digər şəxslər Azərbaycan vətəndaşlarıdır. Adını çəkdiyim şəxslərlə normal münasibətlərim olub.
Üzv olduğum qruplaşmanın qərargahı Atma qəsəbəsindəki yüksəklikdə yerləşirdi. Qərargaha Xalid başçılıq edirdi. Ora gələnlərin çoxu azərbaycanlı idi və ilk olaraq Xalidin yanına gedirdi. Sonradan azad seçimlə camaatlara da qoşulurdular.
“Əhməd” dini ləqəbli şəxs də Atmaya gəldi və Xalidin camaatına qoşulmuşdu. Həmin müddətdə döyüş növbətçiliyində dayandığıma görə Əhmədin hansı tapşırığı yerinə yetirməsindən xəbərim olmayıb. Lakin Əhməd bildirirdi ki, camaata qoşulan hər bir kəs ya qərargahda çalışır, ya da silahlı münaqişələrdə və ya döyüşlərdə iştirak edirdi”.
“Ərəb şeyxlərindən gələn yardımlarla bağlı danışıqlar aparıblar”
Rufan Ağcabəyov qeyd edib ki, Əhməd təxminən 10-15 gün onların camaatında olub və daha sonra dini baxışlarına görə ərəb camaatına qoşulub. Onun sözlərinə görə, ərəb camaatının qərargahı Xalidin camaatının yerləşdiyi yüksəklikdən 150-200 metr aşağıda olub: “Həmin camaatın yerləşdiyi qərargah 1 mərtəbədən, 2 otaqdan ibarət idi Bu camaatın əsas məqsədi İŞİD-ə qoşulanları ərzaq və hərbi geyimlərə təmin etmək idi. Həmin ərzaq və geyim isə qaçaq yolla Suriyaya keçirilirdi. Həmin müddətdə Əhməd qeyd edilən əraziləri yaxşı mənimsəmişdi. Buna görə də orada bələdçi təyin olunmuşdu. Yardımlar ayda 3 dəfə yük maşınları ilə gətirilirdi. Əhməd də həmin yardımları gətirənləri müşayiət edirdi”.
Rufan Ağcabəyov qeyd edib ki, Əhməd tez-tez Xalidin yanına gəlirmiş: “Onlar ərəb şeyxlərindən gələn yardımların paylanması ilə bağlı müxtəlif danışıqlar aparırdılar. Olduğum müddətdə ərəblər yalnız bizim camaata 4 ədəd yeni “Toyota” markalı universal minik avtomobillərini hədiyyə göndərmişdilər. Həmin avtomobillərdən döyüşə gedilən zaman nəqliyyat vasitəsi kimi istifadə edilirdi.
Əhməd bələdçi olduğu üçün ayın yarısını Altmada, qalan müddətini isə Türkiyə ərazisində keçirirdi”.
“Yerli camaat İŞİD-ə qarşı olduqlarını bildirirdilər”
Rufan Ağcabəyov əlavə edib ki, Suriyadakı yerli əhali onlarla kontakta girməyə qorxub: “Söhbət zamanı yerli camaat İŞİD rejiminə qarşı olduqlarını, azad yaşamaq istədiklərini deyirdilər. Bu səbəbdən də insanlar arasında vahimə yaratmamaq məqsədilə Xalid bizim dükanlara belə getməyimizə qadağa qoymuşdu. Bu əmr isə Xalidə İŞİD-in şəriət məhkəməsindən gəlmişdi. Yerli sakinlər həmişə təlaş içində olurdular. Lakin Əhməd azad şəkildə istədiyi yerə gedib-gələ bilirdi. Çünki onun üzvü olduğu camaat İŞİD-də böyük nüfuza malik idi. Bu səbəbdən həmin camaatın üzvləri Atma qəsəbəsində azad şəkildə hərəkət edə biliblər”.
Rufan Ağcabəyov qeyd edib ki, 2013-cü il sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində Türkiyəyə qayıtmaq qərarına gəlib. Əhməd həmin vaxt hələ də ərəb camaatında qalıb: “Bundan sonra həmin şəxsi görməmişəm. “Azəri camaatı” adlı silahlı dəstə yeni-yeni formalaşırdı”.
Təqsirləndirilən şəxs bildirib ki, əməliyyatlara və hərbi təlimlərə qoşulmayanları məcbur etməyiblər: “Həmin şəxslərə başqa işlər tapşırılırdı”.
Digər təqsirləndirilən Marfin Vladimir qeyd edib ki, 2000-ci ildə quldurluq maddəsi ilə tutulub və törətdiyi əmələ görə 13 il azadlıqdan məhrum edilib: “14 saylı müəssisədə cəza çəkdiyim müddət ərzində Pankisi dərəsində gedən döyüşlərdə iştirak etdiyi üçün həbs edilən Xalid adlı şəxslə tanış oldum. Bundan sonra orada bir Türkiyə vətəndaşı məni dinə gəlməyi təklif etdi. Həmin şəxsin verdiyi namaz qaydaları olan kitabı oxudum”.
“Suriyada partlayışlar, yanğınlar törətməmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə həbsdən azad olunandan sonra yaşadığı Şəmkir rayonuna qayıdıb: “Orada olduğum müddətdə Suriyada ağır döyüşlər getdiyini eşitdim. İnternetdə müxtəlif saytlar vasitəsi ilə Suriyada gedən prosesləri izləməyə başladım. Hökumət qüvvələrinin insanlara verdiyi işgəncələrə tab gətirməyərək Suriyaya getmək, hökumət qüvvələrinə qarşı çıxmaq və mübarizə aparmaq qərarına gəldim. 2013-cü ilin fevralında 3 saylı cəza çəkmə müəssisəsində birlikdə cəza çəkdiyim İlqar adlı tanışım Vüqar adlı başqa bir şəxslə bizə gəldi. Həmin şəxslərin hər ikisi dindar idi”.
Marfin Vladimir qeyd edib ki, 2013-cü ilin ramazan ayı yaxınlaşanda ətrafında həmfikirləri olmadığına görə Bakı şəhərinə gəlib. Bakıda bir neçə gün qalan Marfin Vladimir sonradan Türkiyəyə, oradan da Həsən adlı şəxsin köməyi ilə Suriyaya gedib.
Marfin Vladimir qeyd edib ki, Suriyada başqa-başqa yerlərdə qalsa da, İŞİD terror təşkilatına daxil olmayıb, döyüş əməliyyatlarında və hərbi təlimlərdə iştirak etməyib: “Suriya Ərəb Respublikasının ərazisində partlayışlar, yanğınlar törətməmişəm. “Xalid” dini ləqəbli Azərbaycan vətəndaşı Rövşən Bədəlovdan həmin dövlətin və Azərbaycan Respublikasının qanunverciliyində nəzərdə tutulmayan “Azəri camaat”ı adlı qanunsuz birləşmənin tərkibində döyüş əməliyyatlarında iştirak etmək təklifi almışam. Amma həmin döyüşlərdə iştirak etməmişəm”.
Məhkəmə prosesi davam edir.
İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.
Müəyyən edilib ki, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.
Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
Hacı Zeynalov