Fotoqraf Mehmet Genç, dünyanın bir çox ölkəsini gəzərək, qadınların iltifata bildirdiyi münasibətləri araşdırır.
Türkiyəli fotoqraf Genç, Latın Amerikasının bir çox ölkəsini gəzərək, yerlilərin şəkillərini çəkir. Instagram-da “Rotasız Seyyah” (Marşrutsuz Səyyah) hesabı ilə tanınan Genç, “Çox gözəlsən” layihəsi əsasında qadınların fotosunu lentə alır.
Genç, layihənin planlı bir şəkildə yaranmadığını söyləyir. 2015-ci ilin yanvar ayında Meksikanın San Cristobal de las Casas bölgəsində bir qadının şəkilini çəkmək istəyib. Qadının fotoaparat qarşısında özünü daha rahat hiss edə bilməsi və gülümsəməsi üçün etdikləri işə yaramayan fotoqraf, ona çox gözəl olduğunu söyləyib.
“Aramızdakı buzları əritmək üçün bir şey lazım idi. Asan söyləyə biləcəyim və reaksiya alacağım qısa bir cümlə. Bunun üçün bir iltifatdan daha yaxşı nə ola bilər? Qarşınızdakı insanla ani bir əlaqə qurmuş və onu rahatladıb güldürmüş olursunuz.”
Bu yolla çox isti və səmimi bir foto əldə edən Genç, yeni layihənin konseptini müəyyənləşdirib.
Mehmet Genç, 2017-ci ilin oktyabr ayınadək iltifatın inanılmaz gücünü lentə almağa davam edəcək. İndiyə qədər çəkdiyi və öz internet səhifəsində yerləşdirdiyi şəkillər “çox gözəlsən” kimi iki sadə sözün nə qədər böyük bir təsir yaratdığını göstərir.
Qvatemalalı Mathildanı çəkmək istədikdə “Dişlərim yoxdur, zəhmət olmasa güldürmə,” cavabını alıb. Amma “çox gözəlsən” sözlərini eşidən Mathilda, özünü gülməkdən saxlaya bilməyib.
“O da, mən də çox güldük. Xoş bir an idi”, Genç deyir və bunun ən sevdiyi fotolardan biri olduğunu söyləyir.
Margarita isə Ekvadorda bazarda meyvə satırmış. Genç ondan bazarlıq etdikdən sonra, fotosunun çəkilməsinə razı olur, amma, gülümsəmir. İltifatı eşitdikdə isə ürəkdən qəhqəhə çəkir.
Kolumbiyanın uzaq və dağlıq Sierra Nevada de Santa Marta bölgəsindən olan Zarekkim sadəcə yerli dil, arhuako dilində danışırmış. Genç onun kəndinə getdikdə, o dildə də “Çox gözəlsən” deməyi öyrənib və Zarekkimin reaksiyasını çəkməyi bacarıb.
Kolumbiyanın şimalında səhranın Karib dənizi ilə birləşdiyi bir kənddə, Juliana ilə qarşılaşıb.
Çox quraq və isti bu bölgədə əl işi əşyaları satan qadın, günəşdən qorunmaq üçün üzünə maska sürtübmüş. Genç yanına yaxınlaşıb iltifat etdikdə isə o, sevincindən gülüb.
Braziliyanın Amazon bölgəsində Marubo qəbiləsindən olan Meto da, sadəcə öz dilində danışa bilirmiş. Fotosunu çəkərkən onu güldürmək üçün Genç, bu dildə də iltifat etməyi öyrənib.
Eyni qəbilədən Mimba utancaq olduğu üçün ancaq ikinci görüşdə uşağı ilə şəkilinin çəkilməsinə razı olub. Lakin, iltifatı eşitdikdə olduqca rahat görünürmüş.
Eyni bölgənin qərbində Peru ilə sərhədin yaxınlarında Altenanı görüb şəkilini çəkmək istədikdə o, evinin önündə oturubmuş. Bir neçə pozadan sonra, onu da iltifat edib gülərkən lentə almağı bacarıb.
Eyni bölgədən olan Cosmitanın iltifatı eşitdikdən sonra, poza verməyə başlaması, Gençi təəccübləndirib. “Çox gözləsən dedikdən sonra, bu cür təsirlənən başqa birini görməmişdim” deyir.
BBC