Qadını şantaj edib 42 min manatını aldılar

0
621
Bakıda xanımı şantaj edərək ondan pul almaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib. Şantaj olunan xanım təqsirləndirilən şəxsə bir neçə dəfə pul və qızıl verib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu və şantajla pul tələb etməkdə təqsirləndirilən Rakif Quliyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qadın Sevda Qasımov (ad və soy ad şərtidir) ifadə verib.
Zərərçəkmiş S.Q deyib ki, təqsirləndirilən şəxsi bir neçə il əvvəl tanıyıb: “Rakif Quliyevi bir müddət münasibətim olduğu Romanın dostu kimi tanımışam. Sonra biz Romanla ayrıldıq”.
S.Q söyləyib ki, sevgilisi olan Roman adlı şəxs onu öz evlərinə dəvət edib. Elə bütün problemlər də bundan sonra başlayıb:
“2015-ci ildə Romanla görüşdük. Bir dəfə evlərinə getmişəm. Amma aramızda heç nə olmayıb. Mən onun pis niyyətini başa düşüb oradan ayrıldım.
Düz bir il sonra Rakif bundan xəbər tutdu. Məni rüsvay edəcəyini, ailəmə bu görüş haqqında və başqa sözlər deyəcəyi ilə hədələyib ona pul verməyimi istədi. Rakif deyirdi ki, ailəmə, tanışlarıma yayacaq ki, mən Romanın evinə getmişəm”.
R.Quliyevə ilk dəfə 800 manat verdiyini söyləyən S.Q bildirib ki, daha sonra da şantaj edilib: “Sonra 1000, 1500 istədi. Əvəzində qızıl zinət əşyaları da vermişəm. Üzük, bilərzik, sırğa da vermişəm”.
Məhkəmədə hakimin və dövlət ittihamçısının suallarını cavablandıran S.Q 2016-cı ilin noyabrından, mayına qədər şantaj edildiyini söyləyib.
“Hər dəfə də söz verirdi ki, artıq məni narahat etməyəcək. Hər dəfə də “Elmlər Akademiyası” metrostansiyasının yanında görüşmüşük”- deyə zərərçəkmiş qeyd edib.
Məhkəmədə məlum okub ki, R.Quliyev sonuncu dəfə də S.Q-dan 10 min manat tələb edib. Bu zaman S.Q Baş Mütəşəkkil Cinahətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
S.Q suallara cavabında heç bir foto ilə şantaj edilmədiyini deyib.
Zərərçəkmiş deyib ki, R.Quliyevin ailəsi ona dəymiş zərəri tam şəkildə ödəyib. O, şikayətçi olmadığını deyib: “Həyatımı normal şəkildə davam etdirirəm. Buna görə də şikayətim yoxdur”.
Məhkəmədə məlum olub ki, R.Quliyev S.Q-dan ümumi 42 min manatdan çox pul alıbmış.
Prosesdə Baş Mütəşəkkil Cinahətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Səlimov da ifadə verib.
O bildirib ki, zərərçəkmiş qadın idarəyə müraciət edərək şantaj edildiyini söyləyib:
“Bildirdi ki, ondan 10 min tələb edilib. Sonda 3 min dollara razılaşmışdılar. Əməliyyat keçirildi və möhürlənmiş pullar Rakif Quliyev tərəfindən gğtürülən zaman o, saxlanıldı. O, həmin zaman əməlini etiraf etdi”.
Rakif Quliyev isə söyləyib ki, S.Q-dan pul tələb edib. Amma görüşə xanım gəlməyib: “Əməlimi etiraf edirəm . Amma pulu mənə polis əməkdaşları verdi”.
Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən və Ağcəbədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev həmin xanımdan 3000 ABŞ dolları alarkən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, R.Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.Musavat.com

BIR CAVAB BURAXIN