Qadın gecəni birgə keçirdiyi kişinin mənzilini necə “apardı”

0
677
 

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan 37 yaşlı Sevinc Mollayevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Sevinc Mollayeva ötən il iyul ayının 7-də Bakı şəhəri, Süleyman Vəzirov küçəsi 22-də yaşayan Liliya Qəmbərovanın mənzilindən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlayıb. Ev sahibinə 7317 manat zərər vuran S.Mollayevaya qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı S.Mollayevanın əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub. O, ilk dəfə 22 yaşında olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbsxanaya düşüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Sevinc Mollayeva ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Liliya Qəmbərovanın mənzilindən götürdüyü bütün qızıl-zinət əşyalarının hamısını istintaq zamanı qaytardığını deyib: “Qızılların hamısı məhkəmə-əmtəəşünaslıq ekspertizasından keçirildi, ümumi dəyəri 7 mina yaxın idi. İbtidai istintaq orqanı isə eyni əşyaları zərərçəkmişin ifadəsi əsasında 26 min 214 manat kimi müəyyən edərək mənə etdiyim əməldən daha ağır ittiham vermişdi”.

İfadəsində maddi vəziyyətinin ağırlığını, himayəsində 3 yaşı körpəsinin olmasını və iş tapmaq məqsədilə paytaxta gəldiyini göstərən S.Mollayeva tutduğu əməldən peşmançılıq hissi keçirdiyini deyib: “Anam rəhmətə gedib. Atamın 70-dən yuxarı yaşı var. Ailə qurduğum adam isə övladımı da, məni də atıb getdi. Rayonda iş tapa bilməyib Bakıya gəldim, kirayə ev tapıb müxtəlif yerlərdə işlədim ki, qızımı və özümü dolandıra bilim. Nicat Qənbərovla hadisədən bir müddət əvvəl tanış olmuşdum, aramızda münasibət yaranmışdı. O, məni evə dəvət etdikdə etiraz etmədim. Məni apardığı mənzilin qardaşına məxsus olduğunu bilməmişəm. İki gün sonra yenidən Nicatın evinə getdim. Qızımın ad günü ərəfəsi idi. Ona hədiyyə almaq üçün pula ehtiyacım vardı. Gecəni orada qaldıqdan sonra səhər tezdən digər otağa keçib qızılları götürdüm”.

S.Mollayeva qızılları götürdükdən sonra Nicat Qənbərovu yuxudan oyadıb, onunla sağollaşaraq mənzili tərk edib. Elə həmin gün rayona yola düşüb və əldə etdiklərinin bir hissəsini qızıl məmulatlarının satışı ilə məşğul olan Ruhəngiz adlı qadına satıb.

Zərərçəkmiş Liliya Qəmbərova xarici ölkəyə köçməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyib. Onun istintaqa verdiyi ifadəsi elan olunub. İstintaq zamanı ifadəsində bildirib ki, həyat yoldaşı xaricdə olduğu üçün övladı ilə birgə Sumqayıt şəhərində qayınatasına məxsus mənzildə yaşayıb. Bakı şəhərindəki evlərində çox zaman qaynı Nicat Qəmbərov qalıb. Mənzildən oğurluq olunduğunu iyul ayının 19-da Nicat onu Sumqayıtdan evə gətiən zaman bilib. Dolabdan 100 dollar götürmək istədikdə görüb ki, nə pul var, nə də qızıllar: “Vanna otağındakı hamam əşyaları da yoxa çıxmışdı. Nicatdan evə kimi gətirdiyini soruşdum. Əvvəl heç kimi gətirmədiyini dedi. Sonra yadına düşdü ki, bizi Sumqayıta aparandan sonra gecə evə qadın gətiribmiş. Yuxudan oyananda isə qadının evdə olmadığını görüb”.

Şahid qismində dindirilən Nicat Qəmbərov ifadəsində tanışı Sevinc Mollayevanı evə dəvət etdiyini, mənzildən qızıl əşyalarının oğurlanmasından hadisədən təxminən on gün sonra xəbər tutduqlarını deyib: “Birlikdə vaxt keçirmək üçün Sevinci qardaşımın mənzilinə dəvət etdim. Qardaşımın ailəsi həmin vaxt orada yaşamırdı. Mənzilin açarı məndə idi. Ertəsi gün Sevinclə gecəni bir yerdə qaldıq. Möhkəm yatdığım üçün onun nə zaman oyandığını, mənzildə nə iş gördüyünü bilməmişəm. Qızılların oğurlanması hadisədən on gün sonra-qardaşımın arvadı Bakıya gələndə aşkar olundu. Bildim ki, qızılları Sevincdən başqa heç kim oğurlaya bilməz. Ona görə də polisə məlumat verdik”.

Məhkəmənin hökmü ilə Sevinc Mollayeva 4 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

BIR CAVAB BURAXIN