Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəməyə verilib

0
742

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəyə dayanmayan və qaçqın olmayan şəxslərə ev verdiyinə görə, ondan polisə və prokurorluğa şikayət edilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində böyük rezonansa səbəb olacaq qalmaqal baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Belə ki, bir qrup məcburi köçkün pul müqabilində başqalarının ev növbəsi qabağa salındığı ittihamı ilə Dövlət Komitəsinin əməkdaşları əleyhinə etiraz aksiyası keçirib. Məlumata görə, hazırda Binəqədi rayon Prokurorluğunda AR Baş Prokurorluğunun nəzarəti altında faktla bağlı araşdırma aparılır.

Məlum olduğu kimi, vaxtilə Binəqədi rayonu ərazisindəki Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşmış bir qrup məcburi köçkünü o qəzəbləndirən səbəb Dövlət Komitəsinin hələ ötən ilin dekabrında bayramqabağı Xətai rayonu ərazisində, Telnov küçəsində tikilən binadan bəzi şəxslərə növbədənkənar ev verməsi olub. Etirazçılar artıq uzun illərdir ki, öz mənzil növbələrini gözləyirlər. Ədalətsizliklə üzləşən qaçqın və məcburi köçkünlər Binəqədi rayon prokurorluğuna və polis idarəsinə müraciət ediblər.

O da məlumdur ki, ötən bayram günlərində 250-yə qədər məcburi köçkün Binəqədi rayonunda etiraz aksiyası keçirərək avtomobil yolunu bağlayıblar. İlkin məlumatlara görə, 2013-cü ildə Səhiyyə Nazirliyinin balansındakı tikintisi başa çatmamış binada yaşayan bir qrup məcburi köçkün Müşfiqabad qəsəbəsində mənzillə təmin edilib. Digər qaçqın və məcbur köçkünlərə isə söz verilib ki, gələn dəfə onların da növbəsi çatacaq və onların mənzil problemi tezliklə həll ediləcək. Amma şikayətçilər bildiriblər ki, nəticədə 2014-cü ildə Səhiyyə Nazirliyinin yarımçıq binasında qaçqın və ya məcburi köçkünlüklə bir əlaqəsi olmayan yeni şəxslər məskunlaşdırılıb. Sonra isə onlar Telnov küçəsində mənzillə təmin ediliblər, baxmayaraq ki, məcburi köçkünlər illərdir o küçədəki binada öz mənzil növbələrini gözləyilər. Şikayətçilər bildirilər ki, yeni sakinlər Xətai rayonundakı evə müəyyən məbləğdə (3-5 min manat) pul verərək 2-3 otaqlı mənzillərə sahib olublar.

Maraqlı məqamlardan biri də odur ki, etiraz edənlər təkcə mənzilsiz qalan qaçqın və ya məcburi köçkünlər deyil, həm də Telnov küçəsində ev alan yarımçıq binanın yeni sakinləridir. Sonuncuları narazı salan səbəb çoxuşaqlı ailələrə yeni evdə birotaqlı mənzillərin verilməsidir.

Sputnik Azərbaycan-ın müxbiri baş vermiş hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İki gün ərzində müxbirimizin Komitə ilə dəfələrlə əlaqə saxlamasına baxmayaraq, qarşı tərəf lazımi informasiyanı verməyə vaxt tapa bilməyib. Mətbuat Xidmətinin rəhbəri Elçin Qədimov sözügedən etiraz aksiyası və narazılıqlar haqqında məlumatının olmadığını deməklə kifayətlənib.

Onun sözlərinə görə, bu işin rayon prokurorluğunda araşdırıldığından xəbərsizdir. O, hətta son zamanlar Dövlət Komitəsinin nə qədər məcburi köçkünü yaşayış yeri ilə təmin etdiyini də bilmədiyini deyib.

BIR CAVAB BURAXIN