MEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Bütün hallarda, 1908-1909-cu illərdə Qacarlar dövləti ilə yenilikçi-mütərəqqi Türk məşrutəçilərinin münasibətlərinin kəskinləşməsi, yəni dövlətin əsas iki Türk qüvvəsinin (hakim və müaxlif) qarşı-qarşıya qoyulması, hər ikisini də zəif saldı. Türk ağalıqla yenilikçi Türk məşrutəçilərin qarşı-qarşıya gəlməsində mühüm rol oynayan irticaçı-gerilikçi aryançı farslarla onların havadarları bu prosesdən çox karlı çıxmış oldular. Beləliklə, bizcə, Məhəmməd Əli Şahın rus diplomatiyasının təsiri altında mütləqiyyətçilik düşüncəsindən, anti-məşrutəçiliyindən istifadə edən aryançı farsların iki tərəfə (Qacarlar ağalığına və yenilkçi Türk məşrutəçilərə) son zərbəni vurmaq üçün hərəkətə keçdikləri bir vaxtda Məşrutəni qorumaq üçün yenilikçi türklərin ayağa qalxması təbii idi.
Məhəmməd Əli şahın məşrutiyyət deyil, mütləqiyyət yolu tutması Qacarların taleyini həll edən əsas faktor oldu. Belə ki, müəyyən bir aralıqdan sonra yenidən məşrutiyyət, hürriyyət “meyvəsini dərmiş” Türk ulusunun hətta, qarşılarındakının öz soyundan olduqlarını bildikləri halda belə, bundan vaz keçməyəcəkləri, sonuna qədər mücadilə verəcəkləri bəlli idi. Şübhəsiz, bunu Məhəmməd Əli şahdan fərqli olaraq onu mütləqiyyət yoluna sürükləyən ruslarla ingilislər də yaxşı bilirdilər. Başqa sözlə, Qacarlar dövləti hökmdarının məşrutəni ləğv edib mütləqiyyətə dönməsinə ilk etiraz edənlərin yenilikçi türklərin olması qaçılmaz idi ki, bütün bunlar gerçəkliyə çevrildi.
Bütün hallarda bizcə, Məşrutənin faciəli sonluğunda Məhəmməd Əli şah, ya da bütövlükdə Qacarlar dövlətinin idarəediciləri, müəyyən qədər də Səttarxan başda olmaqla yenilikçi Türk məşrutəçilər də müəyyən qədər yanlışlığa yol veriblər. Ancaq ilk Məclisin faciəli sonluğunda əsas rolu Məhəmməd Əli şahla Səttarxan ya da Qacarlarla yenilikçi Türk məşrutəçilər deyil, irticaçı aryançı farslarla onların havadarları (İngiltərə, Rusiya) oynamışlar. Bu anlamda Qacarların süqutunda Məhəmməd Əli şahmı, yoxsa yenilikçi Türk məşrutəçilərimi günahkardır düşüncəsindən bir qədər uzaqlaşıb, yalnız öz-özümüzü düşmən kimi qələmə verməkdən əl çəkməliyik.
Bununla bağlı Əli bəy Hüseynzadə hələ, 1908-1909-cu illərdə yazdığı “Siyasəti-fürusət” əsərində çox incə, həssas şəkildə Ağa Məhəmməd Şah Qacarın dilindən yazırdı ki, əslində Qacarlar özləri hakimiyyət başında olduğu müddətcə, məşrutiyyət və hürriyyət əleyhdarları da deyildilər. Bu anlamda Məhəmməd Əli şah da əslində tamamilə məşrutiyyət əleyhdarı olmadığı halda oyuna gətirilmişdir. Hüseynzadə yazırdı: “Məhəmməd Əli Şah ən xətərnak bir təriqi-zəlalətə sapmışdır. Onu o təriqə sövq edənlər də Əmir Bahadurlar, Hacübüddövlələr, siz və əmsalısınız (Mir Haşım, Şeyx Fəzlullah, Seyid Əli Yəzdi-F.Ə.). Bu xainanə hərəkətinizdən utanıb qızarmıyorsunuz, qorxmuyorsunuz?!”
Ona görə də, 1908-1909-cu illərdə Təbrizi məşrutəni qoruma hərəkatının mərkəzi halına gətirən yenilikçi Türk-Azərbaycan məşrutəçilərlə (Səttarxan, Bağırxanxan və b.) aryançı farslar arasında baş verən mübarizəni daha dərindən analiz etməliyik. Öncəlliklə, bilməliyik ki, yenilikçi Türk-Azərbaycan məşrutəçiləri Qacarlara qarşı deyil, Məhəmməd Əli Şahı əllərində oyuncağa çevirən aryançı fars irticaçılarla onların havadarlarına qarşı mübarizə aparmışdır.
Əgər mərkəzi Təbriz olmaqla yenilikçi Türk məşrutəçiləri birmənalı şəkildə Qacarlara, Qacarlar dövlətçiliyinə qarşı qiyam qaldırıb onlarla savaşmış olsaydılar, o zaman deyə bilərdik ki, onlar xəyanətkardırlar, çünki bununla da Qacarların tarix səhnəsindən silinməsinə ciddi zəmin hazırlamışlar. Ancaq heç bir zaman Azərbaycan Türk məşrutəçilərinin Qacarları devirib onların yerinə, başqa bir sülaləni hakimiyyətə gətirmək kimi niyyətləri olmamışdır. Türk məşrutəçilər başda Səttarxan olmaqla, yalnız Qacarların məşrutəli-konstitusiyalı bir dövlət halında qalması üçün Məhəmməd Əli Şah və onun ətrafında toplanmış irticaçı aryançı farslarla, eyni zamanda onların imperialist havadarları ruslara, ingilislərə qarşı mücadilə veriblər. Ə.Hüseynzadənin təbrincə desək, Azərbaycan Türk məşrutəçilərinin mücadiləsi gerilikçilərə, irticaçılara, onların havadarlarına qarşı olub yenilikçilik və mədəniyyət uğrunda idi.
Bu baxımdan Təbrizdəki məşrutəçilərin lideri Səttarxan da, onun yolgöstərəni Nəcəf üləmaları da yaxşı bilirdilər ki, yerli irticaçı farslarla onların dəstəkçiləri olan Rusiyayla İngiltərə hansı oyunu oynayırlar. Yenilikçi Türk məşrutəçilərinin güvəndikləri yeganə dövlət isə Osmanlı Türkiyəsi idi. Başqa sözlə, mühafizəkar aryançı farslar Rusiya və İngiltərədən dəstək alaraq hərəkət etdikləri halda, Azərbaycan Türk məşrutəçilərinin yeganə ümid bəslədiyi Osmanlı türkləri (Gənc Türklər ya da “İttihad və Tərəqqi”çilər) idi. Ona görə də, çar Rusiyasına məxsus hərbi birləşmələr 1909-cu ilin aprelin sonlarında Təbrizi işğal etdikdən sonra Azərbaycan Türk məşrutəçilərinin Osmanlı konsulluğuna sığınması təsadüfi olmamışdır. Bunu, Səttarxan Təbriz hərəkatı ruslar tərəfindən basıldıqdan az sonra (1909-cu il 27-28 may) Osmanlı konsulluğunda ondan bir jurnalist kimi müsahibə alan M.Ə.Rəsulzadəyə belə açıqlamışdır. “ – Mən vətənimin istiqlalı yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətəndə bir işıq ucu göründüyü zaman, o doğma anam başqa bir həlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir, elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayıra bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik. Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşsın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor (Osmanlı da baş verən “Gənc türklər” iniqlabını nəzərdə tutur-F.Ə.). Təmin almaq və bəstə girmək üçün doğrusu burasını müvafiq gördük. Zira, İslam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir…
Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstiliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm ediyor.Bütün hərəkətini, vücudunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünü təkrarən bəyan etdiklərinə görə Nəcəf üləması hökmi-müqəddəs¬lərinə tabe olub, onlar nə əmr edirsə, bir an təxir etməsizin icrayə hazırdır”.
Deməli, Azərbaycan Türk məşrutəçiləri başda Səttarxan olmaqla, bir tərəfdən siyasi-ideoloji məsələlərdə Nəcəf üləmalarının fikirləri ilə hərəkət edib, digər tərəfdən Osmanlı türkləri ilə yaxınlaşmağı məqbul görüblər. Şübhəsiz, Nəcəf üləmalarıyla Osmanlını idarə edən “İttihad və tərəqqi”çilər, ya da “Gənc Türklər” isə heç bir zaman Türksoylu Qacarlar dövlətinin devrilməsindən yana ola bilməzdilər. 1908-ci ildən etibarən Osmanlıda hakimiyyəti ələ keçirən “İttihad və tərəqqi” təşkilatının əsas məqsədi Qacarlar dövlətində hakim türk nüfuzunu qoruyub saxlamaq idi. Rəhim Əliyev yazır ki, İstanbulda yaranmış və “Gənc türklər”lə yaxın olan “Səadət əncüməni”nin əsas məqsədi Azərbaycan mərkəzli məşrutə hərəkatına yardım etmək olmuşdu. Onun fikrincə, Nəcəfdə yaşayan azərbaycanlı din xadimi Əsədullah Mamağaninin İstanbula gətirilməsi və ona 1908-ci ilin noyabrında “Səadət əncüməni”nin rəhbərliyinin tapşırılması təsadifi deyildi. Çünki Mamağani “İttihad və tərəqqi”nin liderləri yaxın idi, bu təşkilatda Qacarlarda, o cümlədən Azərbaycanda türklük şüurunu inkişaf etdirməyə çalışırdı.
Belə olduğu təqdirdə deyə bilərik ki, Osmanlıdakı “Gənc türklər”i özünə dost hesab edən Azərbaycan Türk məşrutəçilərinin də əsas məqsədi Qacarları hakimiyyətdən devirmək olmamışdır. Sadəcə, Azərbaycan Türk məşrutəçilərinin daim dəstəkləməyə hazır olduqları Qacarların hakimiyyətindən tək istəkləri Osmanlı kimi konstitusiyalı və parlamentli ölkə olmaq idi. Təbrizdəki məşrutə hərəkatının başçıları (Türkiyədəki Gənc Türklər kimi) hesab edirdilər ki, Qacarlar dövləti yeniləşmə sürəcindən, məşrutə hərəkatından kənarda qalacağı təqdirdə süquta uğrayacaqdır. Məhz bunun gerçəkləşməməsi üçün də Azərbaycan mərkəzli Türk məşrutə tərəfdarları Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə kimi idarə olunması yolunda mücadilə vermişlər. Bu anlamda Türk məşrutəçilərinin başladıqları hərəkat Qacarlara qarşı üsyan deyil, tam əksinə Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə olmasını qorumaq idi. Deməli, Türk məşrutəçilərinin savaşı da Qacarlarla deyil, Məhəmməd Əli şahı əlində oyuncağa çevirən xarici qüvvələrlə irticaçı farslar arasında olmuşdur.
Sadəcə, burada diqqət edəcəyimiz əsas məsələ məşrutə dönəmində ruhanilərin, mollaların oynadığı roldur. Daha doğrusu, Qacarlar dövlətində baş verən inqilabın başında ruhani qisminin olması idi. Çox maraqlıdır ki, ruhani məşrutə dönəmində iki qismə ayrılaraq bir hissəsi Məhəmməd Əli şah Qacara, digər qismi isə Azərbaycan Türk məşrutəçilərə dəstək vermişlər. Hesab edirik ki, bu anlamda məşrutə dönəmində ruhanilər iki qismə bölünmüşdür: 1) İran Fars ruhlu ruhanilər, 2) Azərbaycan Türk ruhlu ruhanilər. Yuxarıda da gördüyümüz kimi, Azərbaycan Türk ruhlu ruhanilərin başında Nəcəf üləmaları dayanmışdır. Bunu, Səttarxan Rəsulzadəyə verdiyi müsahibəsində açıq şəkildə ifadə etmişdir: “Rus və ingilis konsulları yanıma gəldiklərində: məşrutə sənin əlindədir – dedilər. Mən isə cavab verdim ki, siz böyük bir səhv edirsiniz, mən məşrutənin iti işli bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləmayi-əlamdır. Onlar nə əmr edirlərsə, mən o saatdaca icraya hazıram”.
Azərbaycan Türk məşrutəçilərinin konstitusiyalı və parlamentli ölkəni qorumaq yolundakı başladığı hərəkatın qarşısının alınmasında, eyni zamanda Məhəmməd Əli şah Qacarı devrilməsində əsas rolu çar Rusiyasıyla İngiltərə oynadılar. İlk növbədə, Azərbaycan Türk məşrutəçilərinin konstitusiyalı ya da parlamentli dövlət idarəçiliyini müdafiə etmələri Türk düşmənlərinin məkrli planlarını pozduğu üçün, “belə bir şəraitdə ingilislər və çar Rusiyası açıq müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanə¬silə 1909-cu ilin aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi. Bununla da Təbriz üsyanı yatırıldı”. Əslində isə bununla da “Təbriz üsyanı”na deyil, bu dövrdə məşrutənin yenilikçi qüvvəsi olan Azərbaycan Türklərinə, Azərbaycan Əyaləti Əncüməninə, o cümlədən də Qacarlar dövlətinə ciddi zərbə vuruldu. Çünki Türk düşməni Rusiyayla İngiltərə bir yandan Azərbaycan Türk məşrutəçilərini Təbrizdə qan içində boğduqları halda, digər tərəfdən Tehranda öz maraqların uyğun aryançı-irançı hökumət və parlament formalaşdırmağa çalışırdılar.
Arazinfo.com