QƏTƏR ƏTRAFINDA NƏ BAŞ VERİR? – Kiçik Qətər Səudiyyəni niyə qıcıqlandırır?

0
838

4_9097

Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqləri Qətərlə diplomatik əlaqələri kəsdiklərini elan ediblər. Onlar bunu kiçik dövlət olan Qətərin İrana və “Müsəlman qardaşları” kimi islamçı qruplaşmalara qarşı hədsiz dözümlülük göstərməsi ilə izah edirlər.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir ABŞ prezidenti Donald Trampın regiona səfərindən bir həftə sonra Qətər ilə diplomatik münasibətləri kəsiblər. Donald Tramp, Səudiyyə Ərəbistanı ilə birlikdə, İranı Suriyadan tutmuş Yəmənə qədər olan ölkələrdəki terrorçuları dəstəkləməkdə ittiham ediblər.

1. Diplomatik sarsıntıların səbəbi nədir?

Məsələ başlıca olaraq İranla bağlıdır. Yanğına səbəb olan qığılcım isə Qətərin əmiri şeyx Tamim bin Həməda al-Taninin anti-İran əhvalının yüksəlməsinə qarşı tənqidi çıxışının dövlət informasiya agentliyi tərəfindən verilməsi olub. Amma qətərli məmurlar dərhal həmin şərhi silərək, bidiriblər ki, bu, hansısa hakerlərin işidir və narahat olmağa dəyməz.

Səudiyyə Ərəbistanı və BƏƏ KİV-ləri tərəfindən Qətərə qarşı yönələn tənqidlərin başlıca səbəbi şeyx Təmimin İran prezidenti Həsan Ruhaniyə zəng vurmaqla, Səudiyyə Ərəbistanının fikrinə məhəl qoymadığını nümayiş etdirməsi ilə bağlıdır.

2. Hər şey sünnülər və şiələr arasındakı əlaqələrin gərginliyi ilə bağlıdır?

Qismən. Şiələrin rəhbərliyindəki İran İslam Respublikası regionda sünnülərin idarəsi altındakı Səudiyyə Ərəbistanının əsas rəqibidir. Bu iki böyük neft ixracatçısı Suriya və digər yerlərdə bir-birinə əks olan tərəfləri dəstəkləyirlər. Diplomatik əlaqələri kəsmək qərarını izah edən Səudiyyə Ərəbistanı, Qətərin regiondakı vəziyyəti qarışdırmaq istəyən terror qruplarını dəstəklədiyini əsas gətirir. Terror qrupları dedikdə ”Müsəlman qardaşları”, İŞİD və Əl-Qaidə nəzərdə tutulur. Səudiyyə Ərəbistanı, həmçinin İranı Səudiyyənin şərq əyalətlərində, həmçinin də Bəhreyndəki terrorçuları dəstəkləməkdə ittiham edir.

3. Nəyə görə diplomatik əlaqələrin qopması məhz indi baş verdi?

Vəziyyət Trampın səfərindən sonra gərginləşib. Tramp və Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdulaziz İranı dünyadakı terrorizmin baş sponsoru adlandırdıqdan sonra, Səudiyyə və BƏƏ Qətəri İranı izolyasiyaya salmaq planını pozmaqda günahlandırmağa başladılar. Şeyx Tamimin ünvanına qəzetlər, ruhani liderlər və hətta tanınmış simalar tənqidlər söylədilər. Ər-Riyaddakı “Əl-Cəzirə” televiziya kanalını öz qonşularını “İran xəncəri ilə” vurmaqda ittiham edirlər.

4. Analitiklər nə deyir?

Tramp administrasiyası zamanı ABŞ-la əlaqələrin möhkəmləndirilməsi perspektivindən həvəslənən Səudiyyə Ərəbistanı və BƏƏ, İranın Yaxın Şərq təsirinə qarşı vahid cəbhəni zəiflətməyə can atan istənilən müxalifəti məhv etməyə çalışırlar. Bu iki dövlət həmçinin“Müsəlman qardaşları” və Qəzza sektorunu nəzarətdə saxlayan “Həmas”qruplaşması kimi islamçı hərəkatlara yardımı dayandırması üçün Qətərə təzyiq göstərirlər.

5. İran nə deyir?

İran prezidenti Həsən Ruhani, onun ölkəsinin böhranın həll olunması üçün danışıqlara hazır olduğunu söyləyib. Ruhanidən daha böyük hakimiyyətə malik olan İranın ali dini rəhbəri Əli Xameneyi isə deyib ki, Səudiyyə rejimi Yəməndəki siyasəti üzündən bəzi çöküşlər yaşayır. 2015-ci ildə Səudiyyə Ərəbistanı Yəməndəki hökuməti devirməyə müvəffəq olub və İrana tabe olan şiə müqavimət qüvvələri ilə mübarizə aparmaq üçün sünnü dövlətlərdən ibarət koalisya yaradıb. Yəməndəki müharibə davam edir.

6. İran və Səudiyyə Ərəbistanın maraqları daha haralarda toqquşur?

Bu iki dövlət, Suriyadan tutmuş Yəmənə qədər, regiondakı münaqişələrdə əks tərəfləri dəstəkləyirlər. Səudiyyə Ərəbistanı hökumət agentliklərinə edilən kiber hücumun arxasında İranın durması şübhəsi 2016-ci ilin sonunda iki ölkə arasındakı münasibətləri daha təhlükəli hala gətirmişdi. Bundan bir qədər əvvəl isə, Səudiyyə Ərəbistanındakı nüfuzlu şiə ruhani liderinin edamından sonra, Tehrandakı etiraz nümayişçiləri Səudiyyə Ərəbistanın səfirliyini yandırmışdılar. Bunun nəticəsində də Ər-Riyad İran ilə dipolmatik əlaqələri kəsdi.

7. Qətər ilə fikir ayrılığında yeni nə isə varmı?

2014-cü ildə Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn öz səfirlərini müvəqqəti olaraq Qətərdən geri çağırmışdılar.

O vaxtkı çəkişmənin səbəbi Misir idi. Qətər “Müsəlman qardaşları” hökumətini dəstəkləyirdi, Səudiyyə Ərəbistanı və BƏƏ isə hərbi çevrilişə sponsorluq edirdi. Bundan başqa Həmas və Taliban liderləri Qətərdə özlərinə sığınacaq tapıblar.

Analitiklərin sözlərinə görə, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri, əhalisi 2,6 milyon nəfər olan Qətərə göstərmək istəyirlər o, öz çəki dərəcəsinə uyğun gəlməyən strateji oyunlar oynamağa cəhd etməsin.

8. Məgər Qətər bunu etməyə cəhd göstərirmi?

İndi bunu daha az dərəcədə edir. Ərəb baharı üsyanı dövründə Qətər rəhbərliyi Yaxın Şərq hakimiyyətləri içərisində bir istisna kimi, dəyişikliklərə səsləyən qrupları müdafiə edirdi.

Qətər, həmçinin regionda aparıcı vasitəçilik missiyası yerinə yetirməyə can atır. Onun liderləri Liviyadakı döyüşkən tayfalardan tutmuş, Taliban və ABŞ-a qədər müxtəlif tərəflərlə əlaqələr saxlayır. Digər tərəfdən isə, ərəb baharı inqilabında müəyyən tərəfləri dəstəklədiyinə görə, Qətər demək olar ki, neytral vasitəçilik statusunu itirib.

9. Qətər barəsində daha nə söyləmək olar?

Qətər dünyada ən böyük təbii sıxılmış qaz ixracatçısıdır və dünyada adam başına düşən ən yüksək gəlirlə qürrələnə bilər. 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. ”Əl-Cəzirə” televiziya kanalının mənzil qərargahı da Qətərdə yerləşir.

2003-cü ildə Amerika regionda aviasiya hərəkətlərinin idarə edilməsi mərkəzi yerləşdirmək istəyəndə, Səudiyyə Ərəbistanı öz ərazisindən istifadə edilməsinə izn verməmişdi. Qətər isə amerikanlara öz xidmətini təklif etmişdi. İndi orada 10 min əsgər yerləşdirilib (May ayında Tramp Qətər şeyxi Tamim ilə Amerikan hərbi avadanlıqlarının alınması məsələsi ilə bağlı danışıqlar aparıb. Onda Tramp söyləmişdi ki, ABŞ və Qətər artıq çoxdandır dostluq edirlər.).

10. Diplomatik bağların kəsilməsi bazara necə təsir edir?

Regionda baş verən istənilən çəkişmə bazarlarda həyəcan yaradır. Fars körfəzi ölkələri arasındakı mübahisələr, xarici sərmayəçilər üçün onların cazibədarlığını azaldır. Hələ Trampın səfərinə qədər “Citigroup” nümayəndələri qeyd edirdilər ki, ABŞ və İran arasındakı gərginlik neft və maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Qətərin qiymətli kağızları 5% dəyər itirib.

11. Hazırkı çəkişmələr öncəkilərdən nə ilə fərqlənir?

“Corctaun Universiteti” nəzdindəki beynəlxalq regional təhqiqatlar mərkəzinin direktoru Mehran Kamrova Trampın bu yaxınlardakı səfərini nəzərdə tutaraq deyib: ”Daxili fikir ayrılıqları və mübahisələrdə yeni heç nə yoxdur, lakin hərəkətə keçmə zamanının indiki vəziyyətdə seçilməsi və təzyiq səviyyəsinin misilsiz olması diqqəti xüsusilə cəlb edir. Bu, onu deyir ki, Səudiyyə Ərəbistanı və BƏƏ Qətəri tamamilə özlərinə tabe etdirmək istəyirlər”.

(Bloomberg-ABŞ)

BIR CAVAB BURAXIN