Qədim xəritələrdəki sirli Azərbaycan şəhəri – Spartan

0
828

Elm tarixi hər ötən gün yeni faktlarla zənginləşir. Bu prosesi təmin edən mənbələr sırasına həmçinin qədim xəritələr də daxildir. Qərbi Avropa kartoqrafiyası antik, xüsusən Roma kartoqrafiya sənəti ilə bağlıdır. Orta əsrlərdə Avropada coğrafiya elminin formalaşmasında müsəlman alimlərinin nailiyyətləri birbaşa rol oynamışdır.

7-ci əsrdən etibarən ərəblər tərəfindən fəth edilmiş Azərbaycan şəhərləri ilə bağlı fikirlər Qərbi Avropada ərəb və fars mənbələrinin məlumatları əsasında formalaşmışdır. Buna görə də orta əsr xəritələrində Azərbaycan ərazisi qədim adı olan Albaniya kimi göstərilib.

Orta əsrlər dünya xəritələri – mappaemundi – məzmununa görə çox fərqlənir.

Bu əvəzsiz mənbələr sırasına sadə sxematik təsvirlərlə yanaşı, 1600-ə yaxın coğrafi adların qeyd olunduğu Abstorf xəritəsi kimi nəhəng şah əsərlər də daxildir.

Qafqaz orta əsrlər Qərbi Avropa coğrafiyaçılarının təsvirində yəcuc və məcuc tayfalarının yaşadığı yarımifik region kimi təsvir edilib. Qafqaz ərazisində əfsanəvi Amazon qızları – mifik canavarlar yaşayıb. Avropa monarx və hərbçilərinin təsəvvüründə Qafqaz qızılla, ləl-cəvahiratla zəngin bölgə kimi formalaşıb.

Ancaq Qafqazın inanılmaz zəngin region kimi təsvir edilməsinin bir sıra həqiqi əsasları da var idi. Qafqaz və Azərbaycanın zənginliklərinə Avropada böyük tələbat vardı. Həm Qərbi, həm də Şərqi Avropada təbii boyalar, Şamaxı ipəyi, ədviyyat və bəzək əşyaları arzuolunan məhsullar idi.

Avropalıların cazibədar Şərq dünyası ilə birbaşa təmas etdikləri Səlib yürüşləri dövründən etibarən mənbələrdə Azərbaycan şəhərləri barəsində real təsvirlər yaranır. Qərbi Avropa kartoqrafları coğrafi xəritələrdə iri şəhərlərin təhrif edilmiş adlarından istifadə edir.

XII əsrdə dünyanın divar xəritələrini hazırlamaq ənənəsi Fransada formalaşıb. Bunlardan ən böyüyü Burjdan 40 kilometr məsafədəki Şalivoy-Milon şəhərində Müqəddəs Silven kilsəsində həmən əsrin ortalarında yaradılıb. 1885-ci ildə məhv olan bu xəritə həqiqətən nəhəng idi – diametri 6 metr. Tezliklə bu cür xəritələr hazırlamaq ənənəsi Qərbi Avropaya yayılmışdır. Ancaq qeyd etmək lazımdır ki, bu xəritələri hazırlamaq ənənəsinin kökləri IX əsr İtaliyasına, o cümlədən antik ənənələrə söykənir.

Anqlo-saks dünya xəritəsi

XI əsrin ikinci rübündə Kenterberidə yaradılan anqlo-saks dünya xəritəsi tarixçilərin kəskin marağına səbəb olur. Xəritənin ölçüləri: 212X176 mm. Yaşayış ərazilərinin demək olar ki, düzbucaqlı formasında təsviri və dalğalı sahil xətti xəritənin fərqlədirici xüsusiyyətləri sırasına daxildir. Azərbaycan üçün bu xəritə Xəzərin qərbində türklərin, Xəzərlə Qara dəniz arasında albanların, Qara dəniz sahillərində kolxların yaşamasının göstərilməsi ilə əlamətdardır.

Türklər və Albaniyanın da yer aldığı anqlo-saks xəritəsindən fraqment

Orta əsrlər Avropasına aid növbəti əlamətdar abidə dini kitablarda adları çəkilən ölkələrin qeyd olunduğu xəritələrdir. Bu xəritələr özünün bədii dizaynı cəhətdən Ebstorf xəritələrinə yaxındır.

Hər iki xəritə XIII əsr əlyazmasında saxlanılır. Xəritələrin yaranma tarixini alimlər 1260-cı illərin əvvəllərinə aid edirlər.

Dini kitablarda adları çəkilən ölkələrin qeyd olunduğu xəritə

Qafqaz Albaniyasında Spartan adlı sirli şəhərin qeyd olunduğu xəritə xüsusi maraq doğurur. Birinci xəritədə Qafqazın qərbində Spartan şəhəri qeyd olunub. Burada aşağı Albaniyada amazonkalar yaşayır.

İkinci belə xəritədə Spartan şəhəri Spartum adı ilə göstərilib.

Sparta adlı qədim militarist dövlətə bənzər bu sirli şəhər nədir?

Alman coğrafi fikrinin şedevri sayılan Ebstorf xəritəsi bu suala cavab verir. XIII əsrə aid olan bu xəritə 1830-cu ildə tapılıb. 1833-cü ildə xəritə müvəqqəti olaraq saxlanılması üçün Hannoverə göndərilib. 1888-ci ildə xəritənin bərpa edilməsi üçün 30 ədəd perqament bir-birinə tikilib. Bu xəritə xüsusi rəflərdə 1943-cü ildə Hitler əleyhinə koalisiyanın Hannoveri bombardman etməsinə qədər saxlanılıb. Müharibədən sonra xəritə yenidən qurulub və Ebstorf monastırında nümayiş etdirilib.

Xəritənin 1239-cu ildəki siyasi vəziyyəti əks etdirdiyi hesab olunur. Monqol yürüşlərinin səbəb olduğu özbaşınalıqdan Zaqafqaziyanın xristian hökmdarları dərhal istifadə edirlər. Bu dövr Xaçın knyazlığı vasitəsilə Alban dövlətçiliyinin Azərbaycanda dirçəlməsi dövrünə təsadüf edir.

Ebstorf xəritəsi Spartan-Spartum şəhərinin sirri barədə də bir sıra məlumatları ehtiva edir. Xəritənin mərkəzi İsanın təsvir olunduğu Qüds şəhəridir. Bu xəritədə bütün dünya Məsihin bədəninin bir parçası kimi göstərilir: İsanın başı şərqdə, qolları şimal və cənubda, ayaqları qərbdədir. Ebstorf xəritəsi zəngin ikonoqrafiya ilə birlikdə tarixi və təbii baxışların əks olunduğu əsl ensiklopediyadır.

Xəritənin şimal-şərqində Qafqaz dağları əhatəsində Asiya Skif padşahlığı göstərilir. Qafqazdan Qərbdə “Parthaucivitas” – Partau şəhərinin (Spartan) olduğu qeyd olunur.

Partau şəhəri – orta əsrlərin Partav (Bərdə) şəhəridir. Erkən feodal Albaniyasının formalaşması və xristianlığın qəbul edilməsi dövründə Partav dövlətin dini həyatının paytaxtı idi. Albaniyanın Avtokefal kilsəsinin katolikosunun iqamətgahı Bərdədə yerləşirdi. Diqqətçəkən bir digər məqam isə Qərbi Avropa xəritələrində Albaniyada xristian dinini yayan apostol Varfolomeyin məzarının məhz Albaniya ərazisində Partav yaxınlığında göstərilməsidir.

Partav şəhəri Sasani şahənşahı Perozun əmri ilə alban çarı II Vaçe tərəfindən tikilib. Alban çarlığının hökmranlığının başa çatmasından sonra Partavda Sasani mərzbanının iqamətgahı yerləşib. VIII əsrdə Partav Zaqafqaziyanı özündə birləşdirən Ərməniyyənin (Xilafət tərəfindən yaradılmış inzibati-ərazi vahidi) paytaxtına çevrilir. X əsrdə Salarilər dövlətinin paytaxtı da məhz burada yerləşir.

Bərdə – Partavın ticarət yollarının üzərində olması, xüsusən ipək ticarətində daşıdığı önəm onun Avropa xəritə tərtibçilərinin diqqət mərkəzinə düşməsinə səbəb olub. Müəllif: Zaur, Orxan