Qədim sivilizasiyanın yadigarları

0
920

 

Bəşər tarixində böyük rol oynadığı ehtimal edilən qədim sivilizasiyaların buzlaşma dövründə bir anın içində yoxa çıxması və özlərindən sonra çox az izlər qoyması günümüzdə belə tədqiqiatçıları düşündürən ən önəmli faktorlardan biridir. Axı Yer üzündə, dünyanın müxtəlif bölgələrində buzlaşma nəticəsində bir anın içində obrazlı şəkildə desək “buz heykəllərə” çevrilən və o vəziyyətdə də günümüzə kimi gəlib çatan çoxsaylı mamont, gərgədan və digər canlıların qalıqları ilə müqayisədə, o dövrdə yaşayan insanların analoji numunələrinə rast gəlmək mümkün deyil. Ola bilməz ki, bütün canlıların bir andaca donaraq məhv olduğu bir vaxtda insanlar da analoji hadisələrin qurbanları olmasınlar. Amma əgər elədirsə, bəs onda belə insan qalıqlarına nə üçün rast gəlinmir? Bu suala birmənalı cavab vermək çətin və olduqca mürəkkəbdir. Hər halda insanlar heyvanlarla müqayisədə meşələrdə yaşamayıblar və yüksək inkişaf dövrünü yaşayıblar. Bəlkə bu insanlar öncədən qlobal faciənin baş verəcəyini bilərək daha təhlükəsiz yerlərə köç edib gediblər? Bu baxımdan böyük su daşqını ərəfəsində Nuh peyğəmbərin öncədən bunu bildiyi və xilas olmaq üçün böyük bir gəmi hazırladığı məlumdur. Həmçinin Atlantidanın məhvi zamanı orada yüksək sivilizasiya quran insanların baş verəcək kataklizmlərdən xəbər tutaraq vaxtında yaşadıqları yerləri tərk edərək daha təhlükəsiz yerlərə getdikləri, gedə bilməyənlərin də məhv olduqları ilə bağlı deyilənləri bəlkə də məntiqi baxımdan doğru hesab etmək olar. Yenə də bəzi əfsanələrə inansaq 12 min il bundan əvvəl mövcud olan yüksək sivilizasiya baş verən qlobal fəlakətdən insanları xilas etmək üçün kosmik məkandakı planetlərə uçub gediblər. Bəlkə də onları kosmosdan gələn naməlum uçan obyektlər xilas ediblər və bir neçə min illərdən sonra yenidən Yer kürəsinə qaytarıblar. Nəticədə o insanlar vaxtı ilə onlara yadigar qalan biliklər əsasında nəhəng piramidalar inşa ediblər? Bu suallara cavab tapmaq olduqca çətindir. Ancaq bütün hallarda dünyanın hər yerinə səpələnən piramidaların yaşı 5 mindən başlamış və 20-30 min illər arasında dəyişməkdədir. Amma yenə də buzlaşma dövründən əvvəl yüksək sivilizasiya quran insanların taleyinin necə olması bizə məlum deyil. Əvəzində buzlaşma dövründən on min illər əvvəllərə aid edilən insan qalıqlarına, həmçinin qlobal fəlakətlər nəticəsində okean sularının altında qalan qədim sivilizasiya abidələrinin qalıqları indi də insanları heyrətləndirməkdə davam edir.

Seydozero sirləri

Buzlaşma dövrünə aid qədim sivilizasiya qalıqlarının qalıqları Kola yarımadasındakı Seydozero da rast gəlinib. 1997-ci ildə Lovozerskoe dağlıq massivində, Seydozero gölünün 20 metr dərinliyində aşkar edilən qədim sivilizasiya mədəniyyəti qalıqları həqiqətən də tədqiqatçıları heyrətə salır. Qalın lil qatı altında qalan sivilizasiya qalıqları gölün ortasında daş plitələr şəklində özünü biruzə verir. Gölün ortasından müxtəlif istiqamətlərə tunellər gedir Bu tunellərin hansı məqsədələrlə inşa edildiyi məlum deyil. Bundan əlavə göyün dərinliyinə doğru da iki dərin quyu uzanır. Hələlik gölün altındakı sivilizaisya qalıqlarını tam şəkildə tədqiq etmək mümkün olmur. Çünki göl lil, torf və qum qatı ilə örtülüb. Bütün hallarda tədqiqatçılar Seydozero gölündəki qalıqların buzlaşma dövrü nəticəsində Yer üzündən silinən qədim sivilizaisyaya aid olduğunu istisna etmirlər.

Rok gölü piramidaları

12 min il bundan əvvəlki sivilizasiyaya aid olduğu ehtimal edilən piramidalara ABŞ-dakı Rok gölünün altında rast gəlinib. Viskonsin ştatındakı Medison şəhərindən 40 kilometr şərqdə yerləşən gölün uzunluğu 8 kilometr, eni isə 4 kilometrdir. İlk dəfə göldəki kiçik piramidaları 1836-cı ildə tədqiqatçı Nataniel Xeyer aşkar edib. O Cənubi Amerika piramidalarında olduğu kimi yastıbaşlı idi. Ona görə də Xeyer bu daş piramidalara Attsalan adı verdi. 1937-ci ildə Maks Cin Noul adlı akvalanqçı Rok gölünün sirləri ilə maraqlandı. O müxtəlif yerlərdə gölün dərinliyinə enərək onu tədqiq etdi. Bununla bağlı Noul yazır ki, piramida kəsik formaya malikdir. Onun yuxarı hissəsində 1,4 metrlik kvadrat meydança yerləşir. Piramidanın hündürlüyü 8,83 metrdir. Piramida hamar daşlardan inşa edilib. Geoloji araşdırmalar zamanı məlum oldu ki, Rok gölü təxminən 10 min il əvvəl yaranıb. Bu isə o deməkdir ki, göl yaranmamışdan əvvəl orada 12 min il əvvələ aid qədim piramidalar olub və baş verən fəlakət nəticəsndə onlar su altında qalıb. Bütün bunlar da buzlaşma dövründən əvvəl bu ərazidə qədim sivilizasiyanın olduğunu bir daha təsdiq edir. Lakin yenə də sual çıxır: Yüksək sivilizasiyaya mənsub insanlar nə üçün özlərindən sonra yalnız nəhəng tikilələrin qalıqlarını qoyub yoxa çıxıblar? Nə üçün onlardan hansısa yazılı mənbə qalmayıb? Axı ola bilməzdi ki, yüksək sivilizasiya quran bir xalqın yazısı-pozusu olmasın və ya onlar iz qoymadan yoxa çıxsınlar. Hələlik tədqiqatçılar bu suallara cavab tapa bilmirlər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN