Finikiyalılar dünyanın ən qədim və yüksək sivilizasiyaya nail olmuş xalqlarından biri hesab edilirlər. Eramızdan əvvəl 1550-300-cü illərdə finikiyalılar Aralıq dənizi sahillərində o dövr üçün qeyri-adi hesab edilə biləcək yüksək inkişaf səviyyəsinə çatmış və bununla da özlərindən sonra günümüzdə belə alimləri təccübləndirməkdə davam edən izlər qoymuşlar. Finikiyalılar bu gün də istifadə edilən əlifba yaratmış və Qərbi Avropada ilk şəhərlər salmışlar. Buna paralel olaraq finikiyalıların heç vaxt vahid dövləti olmayıb. Onlar əsasən ümumi mədəni əlaqələrlə bir-birlərinə sıx bağlı olan şəhər dövlətlər əsasında yüksək sivil inkişaf mərhələsinə nail olmuşdular. Müasir Livan və Suriyadan Aralıq dənizi sahillərinə köç edən finikiyalılar dəniz sahiliboyu yaşayış məskənləri inşa etmiş və o dövrdə Roma imperiyasının varlığını daim təhlükə altında saxalayan güclü, möhtəşəm Karfagen şəhər dövlətinin əsasını qoymuşdular.
Finikiya sivilizasiyası çoxdan mövcud olmasa da, genetik baxımdan burada yaşayan əhalinin varisləri bu gün də yaşamaqda davam edirlər. Bunu National Geographic-in əməkdaşı Kris Tayler Smitin araşdırmaları da sübut etməkdədir. O, vaxtı ilə finikiyalıların yaşadıqları Suriya, Fələstin, Tunis, Kipr və Mərakeşdə 1330 nəfərin DNT-sini yoxlayıb. Genetik baxımdan insanın milli kimliyinin açarı hesab edilən Y xromosumu adı çəkilən ərazilərdə yaşayan əhalinin 6 faizində aşkar edilib. Bu isə o deməkdir ki, finikiyalıların genetik nəslini davam etdirən insanlar indi də yaşamaqdadırlar.
Əlifbanın yaradıcıları
Finikiyalılar eramızdan əvvəl XVI əsrdə qədim əlifba hazırlamışdılar. Düzdür, onlardan əvvəl misirlilər və türk-şumerlər mürəkkəb simvollar əsasında yazılı əlifbanın əsasını qoymuşdular. Bu əlifba ilə Finikiya tacirləri tanış idilər və onlar daha sadə əlifba hazırlanması üçün o dövrün savadlı şəxslərini prosesə cəlb etdilər. Araşdırmalar zamanı məlum oldu ki, sözlər müxtəlif səslərdən ibarətdir və onlar 22 simvolla (hərflə) ifadə oluna bilər. Finikiya dilində sait səslər olsa da, onlardan yazıda istifadə edilmirdi. Saitlərin yazıda olmamasını hazırda ivrit, aramey əlifbasında da görmək olar. Eramızdan əvvəl VIII əsrdə yunanlar finikiyalıların əlifbasını qəbul etdilər, ancaq onlardan fərqli olaraq saitləri öz əlifbalarına daxil etdilər. Romalılar da latın əlifbasının qəbuluna kimi finikiya əlifbasından istifadə edirdilər.
Finikiya məxməri rəngi
Finikiyalıları həmin dövrdə ən çox tanıdan məxməri rəngi əldə etmələri idi. Funikiya məxməri rəngi dəniz molyuskalılarından hazırlanırdı və bu rəng demək olmar solmurdu. Geyimlərə xüsusi gözəllik verən bu rəngin əldə edilməsi çox çətin və mürəkkəb iş idi. Ona görə də məxməri rəngli paltarlar o dövrdə ən bahalı mal hesab edilirdi. Məhz məxməri rəngin əldə edilməsi və ondan istifadə nəticəsində Finikiya tacirləri o dövrdə sürətlə varlanmışdılar. Qədim Roma imperiyasında məxməri rəngdən hazırlanan paltarLarın ancaq elit təbəqə tərəfindən istifadə edilməsi barədə qərar qəbul edilmişdi. Məxməri rəng o dövrdə hakimiyyət simvolu hesab edilirdi. Bu rəngdən istifadə XIII əsrə kimi davam etdi. Yalnız 1204-cü ildə xaçlı yürüşləri zamanı İstanbulun ( o dövrdəki Konstantinopolun) yandırılmasından sonra məxməri rəng öz əvvəlki əhəmiyyətini itirdi.
Məşhur dəniz səyyahları
Finikiyalılar məşhur dəniz səyyahları kimi ad çıxarmışdılar. Araşdırmalar nəticəsində məlum olub ki, onlar Britaniya sahillərinə qədər üzüb getmiş, eyni zamanda Afrika qitəsini dövrə vurmuş və Kolumbdan 1000 il əvvəl Amerika sahillərinə qədər gedib çıxmışlar. Bunu sübut etmək üçün Britaniyadan olan 52 yaşlı Filip Bil arxeoloqların tapıntıları əsasında 20 metr uzunluğunda qədim Finikiya gəmisi inşa etdirdi. Bil Suriya sahillərindən səyahətə başladı və Afrikanın ən cənub nötəsi olan Ümid burnuna qədər üzdü. Sonra Afrikanın qərb sahilləri ilə Hibraltar boğazından istifadə etməklə Suriyaya qayıtdı. 6 ay davam edən və 250 min funtsterlinqə başa gələn səyahətlə Bil sübut etdi ki, finikiyalılar nəinki Avropa və Afrika sahillərinə, həm də Amerikaya qədər gedib çıxa biliblər.
Livan tapıntısı
2014-cü ildə arxeoloqlar Cənubi Livanın Sidon şəhərində qazıntılar apardıqları zaman Finikiyaya aid artefakt aşkar etdilər. 1,2 metr hündürlüyündə olan və eramızdan əvvəl VI əsrdə hazırlanan keşiş heykəlini qədim Finikiya ilahəsi Tanitinin təsviri olan bürünc simvollarla bəzəmişdilər. Artefaktdan əlavə arxeoloqlar əvvəllər elmə məlum olmayan və eramızdan 2000 il əvvəl inşa edilən yeraltı ambarlar və 20 məzar aşkar etdilər. Yeraltı ambarda 200 kiloqram buğda və 1660 kiloqram lobya saxlanılırıd. Bu lobya və buğda günümüzdə olduğu kimi saxlanılmışdı və ondan asanlıqla istifadə etmək olardı. Buğda və lobyanın xarab olmadan günümüzə kimi istifadəyə yararlı halda saxlanılmasına finikiyalılar necə nail olmuşdular? Alimlər bunun şirrini açmaqda çətinlik çəkirlər.
İberiyada Finikiya izləri
Finikiyalılar o dövrdə Pireney yarımadasını məskunlaşdırmağa başlamışdılar. Bunu finikiyalılar tərəfindən eramızdan əvvəl 1100-ci ildə Pireney yarımadasında-İberiyada Kadis şəhərinin əsasını qoymaları da sübut edir. 2007-ci ilə kimi Kadis şəhərinin əsasının finikiyalılar tərəfindən qoyulmasına Avropada şübhə ilə yanaşır və bunu mif hesab edirdilər. Lakin qazıntılar zamanı Kadisdə eramızdan əvvəl VIII əsrə aid edilən divarlar, məbəd qalıqları, həmçinin finikiyalılara məxsus olan keramika, qablar, qaşıqlar aşkar edildi. Bütün bunlar da finikiyalılar tərəfindən o dövrdə Pireney yarımadasının məskunlaşdırılmasının sübutu hesab edilir. Finikiyalılara aid digər qədim maddi mədəniyyət nümunəsi isə şüşədən hazırlanan muncuq kulondur(boyunbağı). Eramızdan əvvəl VI əsrdə Livanda hazırlanan muncuq kulon saqqallı insan başı şəklindədir.
Amerikaya gedən yolda Azor forpostu
Qərbi Avropanın sahillərindən minlərlə kilometr uzaqlıqda yerləşən Azor adaları da finikiyalıların izlərini özündə saxlamaqdadır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, Amerikya gedən yolda finikiyalılar Azor adalarında dayanaraq oradan digər yerlərə üzmək üçün özlərinin forpostı kimi istifadə ediblər. 2010-cu ildə Portuqaliyadan olan arxeoloqların Azor adalarında apardıqları qazıntılar da bu ehtimalı bir daha təsdiq etməkdədir. Azor adalarına aid edilən Terseyrada qazıntılar zamanı IV əsrə aid edilən və Finikiya ilahəsi Tanutin şərəfinə inşa edilən Karfagen məbədinin qalıqları aşkar edilib.
Amma bu günə kimi finikiyalıların yüksək inkişafa necə nail ola bildikləri alimlər üçün sirr olaraq qalmaqda davam edir.
Əziz Mustafa