“Qəbələ” ilə oyun maraqlı alındı

0
696

“Yaxşı oyun alındı. Hər iki komanda maraqlı futbol göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Qış fasiləsindən sonrakı ilk turda çempionluq yolunda əsas rəqibi olan “Qəbələ”ni qəbul edən Ağdam təmsilçisi rəqibi ilə qolsuz bərabərə qalıb.

 

Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında oyunu dəyərləndirib: “Komandamdan razı qaldım. Futbolçularımız düşünülmüş hücumlar qururdular. Bu matçda sadəcə, qol çatmadı. Amma belə oyunlarda istər-istəməz gərginlik olur. Toplanışdan yeni qayıdıblar. İkinci yarı daha çətin olacaq. Çünki bütün komandalar heyətlərini genişləndiriblər. Biz də oyunumuzu yaxşılaşdırmalıyıq”.

 

– Ramil Şeydayevə bu gün də şans vermədiniz. O, özünü niyə doğrulda bilmir?

 

– Ramil üzərində çalışan futbolçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Oyunların gedişatının tələbinə uyğun addım atırıq. Digərləri daha uğurlu oynadıqları üçün şans əldə etmir. Elə oyunçu var ki, gənc yaşda komandaya daha tez uyğunlaşır. Belə futbolçulara daha çox oynamaq lazımdı ki, təcrübə toplasın. Onun üzərində çalışırıq, daha çox vaxt ayırırıq. Ramildə istək var. Ona inanırıq. İndiki məqamda digərləri daha hazırlıqlıdı.

 

– Final fitindən sonra azarkeşlərə yaxınlaşıb nə dediniz? Sanki mübahisə edirdiniz…

 

– Azarkeşlərin hər birinə hörmət edirəm. 20-25 yaşlı uşaqlar “Qurban, Qurban” deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə etiraz… Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

 

– Yeni transferlər etmədiniz. Bu, sizə problem yaratmayacaq?

 

– Heyətimiz elə də az deyil. Qara Qarayev, Miçel və Əfran İsmayılov zədəlidilər. Onlar da sağlam olanda, heyət daha geniş olardı. Bəli, heyətin geniş olması yaxşı haldı. Amma bizim qarşıda cəmi 14 oyunumuz qalıb. Avrokubok olsaydı, oyun sayı daha çox olardı. İki futbolçu ilə anlaşmağa çox yaxın idik, son anda alınmadı. Heyətimiz get-gedə möhkəmlənir. Hər biri sağlam futbolçudu.

 

– Hər iki komandanın heyətində milli üzvləri var idi. Matçın sürətini necə dəyərləndirərdiz?

 

– Çox yaxşı. Komandalar adətən 3-4 turdan sonra öz oyunlarını tapmağa başlayırlar. Bu gün komandalarda sürətli əks-hücumlar oldu. Hər iki komanda yaxşı mübarizə apardı.

 

– Namiq Yusifovun “Qarabağ”dan gedişinin səbəbi nə oldu?

 

– Dəfələrlə belə hallar olub ki, məşqçilər işdən ayrılır. Kimisi tələblərə uyğun olmayıb, kimisinin başqa planı olur. Namiq tələblərimizi tam yerinə yetirə bilmirdi. Bəzən bir işçi lazım olsa 3 saat yox, 7-8 saat çalışmalıdı. “Qarabağ”ın yetirməsi olmasına baxmayaraq, belə qərara gəldik. Hər birimiz bu gün burdayıq, sabah olmaya bilərik.

 

– Yusifov “Qarabağ”ın aşağı yaş qruplarında olacaqmı?

 

– C kateqoriyasını oxuyur. Məşqçi işləmək üçün savad tələb olunur. Xüsusən də, aşağı yaş qruplarında belə tələblər çox olur. Namiq də gələcəkdə “artırarsa”, niyə də bizimlə çalışmasın.

 

– Yaroslav Dedanı əsas komandada görə biləcəyikmi?

 

– Təəssüf ki, Deda toplanışda 3 gündən sonra zədələndi. Gələcəkdə özünü yaxşı tərəfdən göstərsə, komandaya cəlb oluna bilər. Mənim üçün futbolçunun işinə məsuliyyətlə yanaşması önəmlidi. Bəzi gənclərimizlə xüsusi proqramla məşqlər keçirilir. Məsələn, Nicat Süleymanovun fiziki dözümlülüyü, sərtliyi çox yaxşıdı. O da nəzərimdə olan futbolçulardan biridi.

BIR CAVAB BURAXIN