Sonralar qəzaya səbəb olan yük maşınının sürücüsü Nikolay Pustovit istintaqa verdiyi ifadəsində demişdi: “Həmin gün gecə yatmamışdım və yuxusuz idim. Buna baxmayaraq, getdiyim yolun hər qarışına bələdəm və hətta gözüyumulu belə bu yolda hərəkət etmək mənim üçün çətin deyil. Həmişə də, o cümlədən qəza baş verən gün də bu yolla sakit gedirdim. Amma həmin gün qarşımda “MAZ” markalı maşın gedirdi. Aramızdakı məsafə 60- 70 metr idi. Lakin heç gözləmədiyim halda “MAZ”ın sürücüsü qəfil əyləci basdı. Həmin an artıq sürəti tənzimləyə bilmədiyimi hiss etdim. Ona görə də mən onunla toqquşmamaq üçün sükanı sağa döndərdim. Sonra güclü zərbə hiss etdim və alov gördüm”.
Güclü zərbə Pustoviti maşının qapısı ilə birlikdə bir neçə metr ətrafa tullayıb. Pustovit də od tutub yanırmış, onu ancaq köməyə gələn adamlar xilas ediblər. Amma burada da qəribə, müəmmalı məqamlar az deyil. Nə üçün Maşerovu müşayiət edən maşınlar ondan xeyli aralıda və olduqca yüksək sürətlə gediblər. Onlar Maşerovdan müəyyən edilmiş məsafədə olmalı və bununla bağlı qoyulan qaydalara əməl etməli idilər. Qəza ilə bağlı hadisə yerinə gələn Dövlət Yol Polisinin rəhbəri və Daxili İşlər Nazirliyinin generalı hadisə yerinə baxdıqdan sonra dərhal: “Bu elə-belə qəzaya oxşamır”,-demişdilər.
Görünür, qəza ssenarisi öncədən diqqətlə hazırlanıbmış. Məsələ ilə bağlı bir fakt da diqqətdən kənarda qalmışdı. Maşerovun sürücüsü faciə günü paltarının altından qəza baş verəcəyi halda, özünün ağır zədə almasına imkan verməyəcək zərbəyə davamlı xüsusi geyim geymişdi. Halbuki o əvvəllər heç vaxt belə geyimdən istifadə etməmişdi. Belə ehtimal etmək olar ki, sürücü Zaytsev öncədən baş verəcək hadisədən xəbərdar edilibmiş. O da sağ qalmaq üçün bu geyimdən istifadə edib. Lakin Zaytsev bununla da özünü ölümdən xilas edə bilməmişdi. Yenə də nə üçünsə istintaq komissiyası bu fakta xüsusi diqqət verməmişdi. Halbuki belə qəzalarda ən cüzi bir fakt belə hadisənin səbəblərinin üzə çıxarılmasına yardım edir. Amma olduqca təcrübəli əməliyyat işçilərindən təşkil olunan komissiya üzvlərinin bu ciddi faktı “nəzərdən qaçırması”, görünür, müəyyən səbəblərlə əlaqədar olub.
Maşerovun qəzaya düşməsi ilə bağlı məsələni araşdıran komissiya da bununla əlaqədar günahın müşayiət kortejinin üzərinə düşdüyünü bildirdi. Amma qəzaya səbəb kimi Pustovit göstərildi və ona 15 il həbs cəzası kəsildi. Pustovit isə həbsxanada cəmisi 5 il yatdı. Hansısa güclü əl Pustovitin vaxtından əvvəl azad edilməsinə nail oldu. Halbuki dövlət rəsmilərinə qarşı hansısa insidentdə günahlandırılan şəxslərə münasibət, adətən, çox sərt olurdu və onlar asanlıqla bağışlanmırdılar. Pustovitin isə vaxtından əvvəl həbsdən çıxması bu məsələnin öncədən DTK tərəfindən hazırlanan ssenari əsasında həyata keçirildiyini ehtimal etməyə imkan verir.
Maşerova qarşı sui-qəsd həyata keçirildiyi barədə o dövrdə çoxlu sayda ehtimallar ortaya çıxmışdı. Necə deyərlər, onun müəmmalı ölümü ilə bağlı müxtəlif şayiələr dolaşmaqda idi. Bu da əsassız deyildi. O dövrdə bütün İttifaqda yüksək hörmətə və nüfuza malik olan Maşerovun dəfnində Kremlin yüksək səviyyəli nümayəndələrindən yalnız Sov. İKP MK katibi Zimyanin iştirak etmişdi. Halbuki rəsmi protokola görə, dəfndə ən azı dövlətdə vəzifəsinə görə Brejnevdən sonra ikinci və ya üçüncü vəzifə tutan şəxslər iştirak etməli idilər. Amma görünür, Kremldə “qəza qurbanı” ilə vidalaşmaqdan utanmışdılar, ya da öz rəqiblərindən birini aradan götürdükləri ilə bağlı sevinclərini büruzə verəcəklərindən ehtiyat etmişdilər. Nəhayət, bir məqama da diqqəti cəlb etmək istəyirik. Belə ki, Maşerov kimi xüsusi hörmətə malik olan və ən yüksək vəzifələrdən birini tutan dövlət rəsmisinin qəzası ilə bağlı məsələnin araşdırılmasına Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşları cəlb edilməmişdilər. Halbuki Maşerovla müqayisədə hər hansı bir yüksək vəzifəsi olmayan aşağı səviyyəli dövlət rəsmiləri analoji hadisə ilə üzləşdikdə dərhal DTK bu işi xüsusi nəzarətinə götürürdü və burada düşmən əlinin olub-olmamasını araşdırırdı. Amma bu dəfə DTK susurdu, sanki baş verən qəzanın onlara heç bir aidiyyəti yox idi. Bu da qəzanın öncədən DTK tərəfindən planlaşdırıldığını və bu işdə onlardan şübhələnənlərin əsassız olmadıqlarını göstərir. Yenə də yaddan çıxarmaq olmaz ki, həmin dövrdə Brejnevdən sonra ölkəni idarə edəcək şəxsin Maşerovla bərabər, DTK şefi Yuri Andropovun olacağı da vurğulanırdı. Maşerovun “qəzası” Andropovun hakimiyyətə gedən yolunu açmış və onun qarşısındakı əsas maneəni aradan qaldırmışdı.
Qəzanın təsadüfi olmadığını və onun öncədən düşünülmüş şəkildə həyata keçirildiyinə Maşerovlar ailəsi də şübhə etmirdi. Məsələn, sonralar Maşerovun qızı N. P. Maşerova yazmışdı: “Atam Sov.İKP plenumuna iki həftə qalmış qəza nəticəsində öldü. O vaxt SSRİ Nazirlər Sovetinin sədri Kosıgin xəstə idi. Plenumda Kosıginin vəzifəsindən azad edləcəyi və onun yerinə atamın təyin ediləcəyi ilə bağlı məsələ artıq yüksək səviyyədə həllini tapmışdı. Amma mən başa düşürəm ki, atam o vaxt çoxlarının vəzifə yolundakı maneəyə çevrilmişdi. Məsələn, atamın məhz “qəzasından” sonra Qorbaçovun ulduzu parlamağa başladı və onun vəzifə kürsüsünə gedən yolu açıldı”.
Maşerova qəza ilə bağlı DTK-nın ünvanına hər hansı bir ittiham səsləndirmir. Çünki bu, təhlükəli idi və ona həyatı bahasına başa gələ bilərdi. Amma əvəzində atasını sevməyənlərdən olan Qorbaçovun adını çəkməklə o, atasına qarşı sui-qəsd həyata keçirilməsinə işarə vurur. Xüsusi istintaq işlərinin aparılması üzrə tanınmış müstəntiq V. İ. Kaliniçernko isə Maşerovun qəzası ilə bağlı: “Mən DTK-nın mükəmməl texniki imkanlara malik olmasını və istədiyi adamı aradan qaldırmağa qadir olduğunu yaxşı bilirəm. Maşerovun qəzası da yüksək texniki vasitələrə əsaslanaraq törədilmişdi. Maşerovu müşayiət edən və ondan irəlidə gedən mühafizə maşını xüsusi aparatla təchiz edilmişdi. Bu aparat vasitəsilə arxadan gələn Maşerovun maşınındakı sərnişinlər şüalandırılmışdı. Nəticədə bir anlığa özünü idarə etməkdən məhrum olan sürücünün qəza törətməsi üçün imkan yaradılmışdı”,-deyir.
Tarix elmləri doktoru Arkadi Rusetski: “Maşerovun nə səbəbdən qəzaya uğraması ilə bağlı əsas suala cavab tapılmadı. Axı nə üçün Respublika rəhbərinin maşınını müşayiət edən kortej məhz yolların kəsişmə nöqtəsində müşayiət etdiyi şəxsdən 150 metr aralanır və gözlənilmədən sürəti iki dəfə artırır? Sizcə onların bir hərəkəti təsadüfi ola bilərdimi? Əlbəttə, yox”,-deyir.
Sonralar müstəqil Belarusun ilk baş naziri olmuş Vyaçeslav Kebiç: “ Maşerovun qəzaya uğraması təsadüfi deyildi və öncədən xüsusi plan əsasında hazırlanmışdı”,-demişdi.
Bütün bunlar isə göstərir ki, Maşerovun müəmmalı şəkildə qəzaya düşməsinin arxasında Kremldə gedən siyasi oyunlar dayanırdı. Hakimiyyət uğrunda SSRİ-nin ali dairələrində gedən mübarizə Maşerovun müəmmalı qəza nəticəsində dünyasını dəyişməsinə səbəb oldu. Onu da deyək ki, Brejnevdən sonra ölkəni idarə edən Andropov da sonralar müəmmalı şəkildə dünyasını dəyişdi… Yəni hakimiyyət uğrunda Kremldə gedən mübarizədə DTK şefi belə özünü qoruya, canını xilas edə bilmədi…