Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sabiq prezident Robert Köçəryanla görüşdü. Görüş bir neçə gün əvvəl baş tutsa da, bu yöndə Ermənistanda gedən ictimai-siyasi müzakirələr səngimək bilmir. Baş nazir Nikol Paşinyana yaxın media qurumları bu sürpriz görüşü “Kremlin siyasi sifarişi” adlandırdığı halda, “Qarabağ klanı”nı müdafiə edən KİV Köçəryanın təbliğatçısı qismindən çıxış edir.
Paşinyan hökumətinin kulislərində gedən müzakirələrə görə, İrəvanda baş tutan görüşün sifarişçisi Rusiya başçısı Vladimir Putinin özüdür və bu, Ermənistanın mövcud iqtidarına qarşı zərbə xarakterlidir. Məhz bu ittiham üzərindən Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilərək, izahat tələb olundu.
Putinin səbr kasasını daşıran son damla
“Qarabağ klanı”nın, yaxud Köçəryan tərəfdarlarının fəallaşmasına, Rusiya KİV-də anti-Ermənistan ab-havasının yenidən körüklənməsinə yol açan bu addımın Paşinyana baha başa gələcəyi müzakəsini də qızışdırıb. Erməni ekspertlər qiyamçı baş nazirin bu addımını “Putinin səbr kasasını daşıran son damla” adlandırır, onun açıq formada Kremlin sinir sistemləri ilə oynadığını bildirir.
Paşinyanın qisas cəhdi
Əslində isə ilk baxışda rus səfir Köçəryanla bir müxalifət lideri qismində görüşmüşdü və burda müzakirə olunası bir şey yox idi. Bir sıra erməni ekspertlərin fikri bundan ibarətdir. Lakin söhbət başı birbaşa Rusiyanın siyasi elitasının əlindəki ipə bağlı olan, uzun illər bu yolla hakimiyyəti əlində saxlamış bir adamdan gedirsə, Paşinyanın narahatığı anlaşılandır. Digər yandan, Paşinyanın Kreml və ona bağlı olan daxili siyasi qüvvələr qarşısında manevr imkanları məhduddur. Silahlı Qüvvələrdən tutmuş, sosial-iqtisadi, maliyyə və təhlükəsizlik strukturlarınadək bütün sektorlara nəzart edən Köçəryan klanının əli çox güclüdür. Üstəgəl, Paşinyanın Kremlin dəhlizlərində “arzuolunmaz şəxs” elan edilməsi bu ahəngdarlığa uyğundur.
Putinlə siyasət oyunu…
Bir neçə gün əvvəl Baş nazir Dmitri Medvedyev İrəvanda olarkən bu, bir daha aydın oldu. Medvedyevin Paşinyanla görüşü birincinin erməni həmkarını ələ salması ilə yadda qaldı. Bundan sonra Moskvaya gedən Paşinyanın Putin tərəfindən rədd edilməsi, ad günündə Putindən təhdid xarakterli “təbrik məktubu” alması, paralel olaraq, bütün əngəllərə baxmayaraq, Köçəryanın sərbəst buraxılması Paşinyanın daxili reytinqini bir xeyli aşağı saldı. Baş verənlər fonunda heç bir addım ata bilməyən Paşinyan üçün Sergey Kopırkinin Köçəryanla görüşməsi qisasın alınması üçün bir fürsət idi. Belə desək, rus səfiri izahat verməyə məcbur etməklə bir növ Putinə öz dişini qıcadı. Amma Putinin “qara siyahı”sında olan bir adamla siyasət oyunu oynamağı sevmədiyi də bəllidir, elə Paşinyanın özünə də…
İrəvanda nə baş verir?
Keçən il Ermənistanda baş vermiş “narıncı inqilab”ın bu ölkəyə nə vəd edəcəyi hələ də öz aktuallığını qoruyur. İnqilabla hakimiyyətə gələn Nikol Paşinyanın bu vaxtadək Ermənistanın ənənəvi xarici siyasətinin əksinə olaraq, tamamilə Qərbə meyllənməsi təxminən öz ölkəsini kimin zərbəsi qarşısında qoyacağını müəyyən etdi. Qiyamçı baş nazirin ənənəvi xarici siyasətə sadiq qalacağı bəyanatlarına baxmayaraq, tez-tez Rusiyanı hədəf alan fikirlər səsləndirməsi də diqqətdən yayınmır.
Təsadüfi deyil ki, Nikol Paşinyan Ermənistan parlamentinin deputatı olarkən Rusiya qarşı sərt çıxışları ilə populyarlaşmışdı. Ermənistanın KTMT, Avrasiya İttifaqı və Gömrük Birliyindən çıxarılmasını təklif edən qanun layihəsinin müəlliflərindən biri də Paşinyan idi. Serj Sərkisyan dönəmində parlament, post-Sərkisyan dönəmində isə inqilab tribunasından Moskva əleyhinə bəyanatlar verən Paşinyan özünü Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılması kimi radikal dəyişikliyə gedə biləcək lider kimi nümayiş etdirməyə çalışır. Kremlin xarici işlər naziri Sergey Lavrovla Paşinyana hədə barmağını qaldırması da, Ermənistanda baş verən tərs çevrilişin ahənginə uyğun idi.
Qarabağın Azərbaycana qaytarılması ideyası
Paşinyanın iş başına keçdikdən sonra xarici siyasətinin hansı yöndə quracağı müzakirə mövzusu olsa da, Rusiya başçısı Vladimir Putinin dəfələrlə onunla görüşdən imtina etməsi isə Kremldə onunla bağlı nə danışıldığını göz önünə sərdi. Rusiya əleyhinə çıxışları ilə ermənilərin sevimlisinə çevrilmiş Paşinyan bu hədələri nəzərə almayaraq, çox rahat bir şəkildə Avropa İttifaqı və NATO-nun tədbirlərinə qatılır, Qərblə münasibətlərin genişləndiriləcəyinə dair anonslar verir.
Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvan-Moskva münasibətlərinin sürətlə qırılma nöqtəsinə çatmasına adekvat olaraq, Kreml Aleksandr Duqin kimi ideoloqları vasitəsilə “Qarabağın Azərbaycana qaytarılması”, “Azərbaycan – Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” ideyasını irəli sürdü. Hətta, Rusiyanın baş diplomati Sergey Lavrov öz fəaliyyəti tarixində ilk dəfə olaraq, Azərbaycan ictimaiyyətinin rəğbətini qazana biləcək üstüörtülü Qarabağ mesajları verdi.
Ermənistan “ayı pəncəsi”ndə
Rusiyanın diplomatik təzyiqləri və Ermənistana satılan təbii qazın qiymətinin artırılacağı ilə bağlı hədələrinə Paşinydan cavab gecikmədi. KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və ikinci prezident Robert Köçəryanın 2008-ci il martın 1-də İrəvanda baş vermiş qanlı olayların təşkilatçıları qismində həbs edilməsi İrəvan-Moskva gərginliyini pik həddə qaldırdı.
Rusiyanın siyasi elitası ilə gərginliyə yol açan bu addımlardan sonra Sergey Lavrov açıq formada Paşinyan hökumətini hədələyərək, Ermənistanda baş verənləri yaxından izlədiklərini dedi. Şimaldan gələn soyuqqanlı təhdidləri öz üzərində hiss edən Paşinyan bundan sonra vaxtilə Serj Sərkisyanın ata bilmədiyi addımı atdı. Rusiyanın hərbi-humanitar fəaliyyətinə dəstək məqsədilə Suriyaya hərbi missiya göndərdi, lakin qiyamçı baş nazirin bu addımı aranı yumşaltmadı. Nəticədə Robert Köçəryanı sərbəst buraxmağa məcbur olsa da, Paşinyan yenə də Kremlin nəzərində qərbpərəst baş nazir kimi görünür. Rus ekspertlərə görə, Paşinyanın Ermənistanın bir əsrdən çoxdur davam edən ənənəvi xarici siyasətindən imtina etməsi və şəxsən Putinlə dostluq əlaqələri olan şəxsləri cəzalandırması bu ölkə üçün mənfi nəticələrə yol açacaq.
Müəllif: Mənsur Rəğbətoğlu