Onu sevib-sevməməyinizdən asılı olmayaraq, Vladimir Putin ustad-taktikdir. Söhbət qısa və orta müddətli siyasi perspektivlərdən getdikdə, heç kim onun kimi kiçik xərclərlə böyük uğur qazana bilmir.
Putinin son müvəffəqiyyəti bütün beş sahilyanı ölkənin imzaladığı Xəzər dənizinin hüquqi vəziyyətinə dair Konvensiyadır. Bu konvensiya dünyanın ən böyük gölünü Rusiyanın aero-dəniz hərbi bazasına çevirməkdə və hövzənin böyük enerji ehtiyatlarının istismar və marketinqində hakim hüququ Moskvaya verə bilər.
Sənədin imzalanmasından cəmi 24 saat sonra Moskva Dağıstanda – Rusiyanın Qafqazdakı “federal” respublikalarının birində yeni hərbi bazanın yaradılmasına başlandığını açıqlayıb. Yeni baza Xəzər dənizinin şimalındakı Həştərxanda mövcud olan obyektləri tamamlayacaq. Birlikdə onlar Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Qara dəniz bölgələrində əməliyyatlar üçün Rusiyaya böyük hərbi üstünlük verəcək.
Hüquqi üzlük
Amma bu, hamısı deyil. Üç Xəzəryanı dövlət: Azərbaycan, Qazaxıstan və Türkmənistan konvensiya ilə Amerika və Avropanın neft nəhəngləri ilə imzaladıqları müqavilələr, habelə danışıqlarını apardıqları sazişlər üçün hüquqi üzlüyü təmin etmək istəyir. Buna maneə İslam Respublikasıdır. O, iyirmi il ərzində 19 və 20-ci əsrlərdə imzalanmış üç müqavilə əsasında Xəzərin Rusiya və İranın suverenliyi altında olan göl olduğunu iddia edir.
Həm Boris Yeltsin, həm də Dmitri Medvedev – Putinin sələfləri, prezident kimi, Tehran mollalarının rəsmi danışıqlarda iddialarından əl çəkilməsini təmin edə bilməyib.
Putin rəsmi İran hökumətini, yəni prezident və xarici işlər nazirini görməməzliyə vurub, hələ 2015-ci ildə Ali Rəhbərin yanına yollanıb və onunla sövdələşib. Sövdə budur ki, İran Xəzər Konvensiyasına veto qoymayacaq, əvəzində Rusiya Bəşər Əsədin Dəməşqdə hakimiyyətdə qalmasına dəstək verəcək.
İki ildə Putin vədini yerinə yetirib. İndi Tehranın Xəzərlə bağlı tarixi iddialarından imtina vədinə əməl etməsi dönəmidir.
Sövdənin gözəlliyi hüquqi çərçivədə Xəzərdəki qonşularının da Rusiya ilə razılığı gəlməsidir.
Həmişə əlavə bir şey axtaran Putin Rusiyanın “iranlıları ram etməsi” üçün mükafat olaraq Azərbaycan, Qazaxıstan və Türkmənistanı Rusiyaya neft payı verməyə razı salıb.
Bu hələ hamısı deyil. Putin bu günə qədər dövlətə məxsus olan İranın ən böyük enerji layihəsini ələ keçirmək üçün də mollaların razılığını alıb. Həqiqətən, tarixi hadisədir, İran yüz illərlə çar və / və ya sovet imperiyası formalarında olmuş Rusiya ilə mülkiyyət davası aparıb, amma indi bu müqavimət qırılıb.
Hər şey gözəl və qanunidir – bu, Putin metodudur.
Gürcüstana müdaxilə
2008-ci ildə də eyni metodu görmüşdük. Putin Rusiya ərazisinə ehtimal olunan müdaxiləni bəhanə gətirib, əks-hücumla Cənubi Osetiya və Abxaziyanı, Gürcüstan ərazisinin 25 faizini işğal edib. Rusiya, Putinin iddia etdiyi kimi, özünümüdafiə hərəkəti edib; mizan səhnə gerçəyə o qədər yaxın idi ki, ATƏT müfəttişləri buna təsirli şəkildə müqavimət göstərə bilməyib.
Hər şey gözəl və qanuni idi.
Daha sonra Putin Cənubi Osetiyada daha yaxşı və qanuni bir referendum keçirməklə, onu Rusiya ərazisinə əlavə edib. Abxaziyaya gəldikdə isə, yerli hakimiyyət Rusiya ordusunun orada qalmasına razılıq verib – çox gözəl və qanuni bir hərəkət.
Eyni gözəl və hüquqi yol Krımın “birləşdirilməsi”ndə istifadə olunub.
Şərqi Ukraynada fəaliyyət göstərən rusiyalı “könüllülər”, kiyevli “avrofaşistlər”in haqlarını pozduğu rus əhalini müdafiə edən tanklar, raketlər və döyüş təyyarələri ilə eyni gözəl və qanuni üsulla istifadə olunub.
Putin daxili və xarici sahədə də öz gözəl və qanuni üsulundan faydalanıb. O, Rusiya Konstitusiyasını dəyişdirmədən prezidentliyini saxlaya bilib. Bunun əvəzinə, Kremldə protejesinin – Medvedevin dəstəyini alıb. Bir müddətlik müvəqqəti prezident olması üçün.
Rus oliqarxları bu metodu dadıblar. Onların qeyri-qanuni yolla əldə etdiyini qusması üçün Putin əlavə hüquqi vasitələrdən istifadə etməyib. Bunun əvəzinə onları bir araya gətirib, kürü və borşa qonaq edib, hər qanun pozuntusunun sadalandığı faylları göstərib. Bundan sonra oliqarxlar varidatlarını səxavətlə bölüşmək və həbsxanaya düşmək arasında seçim etməyə dəvət olunub.
Özünü vazkeçilməz hala gətirmək Putinin taktiki uğurlar qazanmasının başlıca üsuludur. Tehran mollalarına o, Vaşinqton kimi qurd əleyhinə müdafiəçi kimi lazımdır. Bəşər Əsəd öz həyatına görə rus ustadına borcludur. Benyamin Netanyahu iranlıları və onların Livan, Əfqanıstan və Pakistandan olan militanlarının İsraillə təmas xəttindən mümkün qədər uzaqda saxlamaq üçün Putindən asılıdır.
Ərdoğanın ehtiyacı
NATO və ABŞ-dan uzaqlaşma, “yeni ittifaqlar” haqqında fantaziyalarını gerçəkləşdirmək üçün Putin, Rəcəb Tayyib Ərdoğana metafora kimi lazımdır.
Xəzəryanı ölkələrin dövlət başçıları da iqtidarda qalacaqlarına əmin olmalıdırlar. Coşub-daşmaları və fınxırmalarına baxmayaraq, avropalılar da iqtisadiyyatlarını üzdə saxlamaq üçün Putinin enerji axınına ehtiyac duyurlar.
Bütün bunlar barədə demək olar: indiyə qədər hər şey çox yaxşıdır! Amma bu, uzun müddətli ola bilməz. Tarix strateji məğlubiyyətlərlə bitən taktiki zəfərlərin nümunələri ilə doludur.
KQB-də Putinin rütbəsi polkovnik idi. Hərbi tarixçilərin dediyi kimi, taktiki zəfərlər polkovniklərin, strateji qələbə isə yalnız generalların işidir.
Əmir Tahiri
“Əş-Şərq əl-Əvsət”
Tərcümə: Strateq.az