Putinin adamı seçki ərəfəsi müharibə olacağını bildirir

0
613

Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın günlərdə müharibə başlana bilər.

Bu haqda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

“Kiyevin cəza rejiminin nəzarətində olan KİV-lər Rusiya qoşunlarının müdaxiləsi ehtimalının yüksək olduğu və Rusiyanın hücumuna cavab vermək zərurəti barədə təbliğat kampaniyasına başlayıblar. Bu, ehtimal etməyə imkan verir ki, Kiyev yaxın günlərdə genişmiqyaslı təxribat hazırlayır. Aydındır ki, Rusiyada prezident seçkiləri ərəfəsində yeni müharibənin əsas məqsədi seçkilərə təsir etməkdir”, – politoloq qeyd edib.

Markov Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə istiqamətləri kimi Donetsk, Luqansk və Qorlovka şəhərlərinin adlarını çəkib.

“Yüzlərlə insan həlak olacaq. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hərbi əməliyyatları dayandıracaq. Və Rusiya əhalisinin reaksiyasını gözləyəcəklər. Nəticədə, Rusiya çox çətin vəziyyətdə olacaq. Sərt cavab veriləcək? Amma, axı döyüş əməliyyatları artıq başa çatıb. Bəyanatlarla kifayətlənmək lazımdır? O halda Putinin Donbasdakı rusları qorumaqda qabiliyyətsiz olduğu bildiriləcək və prezident seçkiləri ərəfəsində onun reytinqinin kəskin düşməsi başlanacaq”, – Markov əmin edib.

Markovun sözlərinə görə, bombardmanlar “qorxunc reallıq” ola bilər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-nə təyin edilib. Bu, Krımın Rusiya tərəfindən ilhaqının rəsmiləşdirilməsinin dördüncü ildönümünə təsadüf edir. Ukraynanın Xarici İşlər Nazirliyi Krımda prezident seçkilərinin keçirilməsinə qarşı etirazla Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

BIR CAVAB BURAXIN