Putini “rəngli inqilabla” devirmək?!

0
618
 

Rusiya ilə ABŞ arasında qarşıdurma daha da dərinləşib. Rusiya Vaşinqtondakı qalmaqallı səfiri Sergey Kislyakı geri çağıraraq onun yerinə müdafiə nazirinin keçmiş müavini, Qərbə qarşı sərt mövqeyi ilə tanınan Anatoli Antonovu təyin edib. 

Ötən gün prezident Vladimir Putin Antonovun səfir təyinatı barədə sərəncamı imzalayan kimi Birləşmiş Ştatların Dövlət Departamenti Rusiya vətəndaşlarına viza verilməsini sərtləşdirib. Yeni qaydalara görə Rusiya vətəndaşlarına vizalar regionlardakı konsulluqlar tərəfindən deyil, ancaq Moskvada veriləcək, üstəlik viza almaq üçün rusiyalılar aylar əvvəldən müraciət etməlidir.

Dövlət Departamenti bu qərarı Rusiyanın ABŞ səfirliyinin yüzlərlə işçisinin ixtisar olunması tələbi ilə əsaslandırıb və bildirib ki, diplomatik işçilərin sayı kəskin azaldığına görə viza verilməsi imkanları da məhdudlaşdırılır. Lakin rəsmi Moskva bunu Rusiyaya qarşı siyasi cəza tədbiri kimi qarşılayıb.

Analitiklər qeyd edirlər ki, prezident Putinin Anatoli Antonovu səfir təyin etməsi onun Vaşinqtonla münasibətlərdə güzəştsiz mövqe tutmaq niyyətindən xəbər verir. 62 yaşlı Antonovun son iş yeri xarici işlər nazirinin müavini vəzifəsi olub. Bundan əvvəl isə müdafiə nazirinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə müavini idi.

Bu səfir dəyişikliyi ona görə geniş rezonans doğurub ki, əvvəlki səfir Sergey Kislyak Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin və Trampın keçid komandasının üzvlərinin ələ alınması əməliyyatının əsas aktyorlarından idi. Məhz Kislyakla görüşə görə Trampln milli təhlükəsizlik müşaviri, general Maykl Flinn cəmi 3 həftə sonra qalmaqallı şəkildə istefa verməli oldu. Hazırda FTB onun barəsində istintaq aparır.

Anatoli Antonov isə hələ 2015-ci ildə Avropa İttifaqının sanksiyalar tətbiq edlən rusiyalı məmurlar siyahısına daxil edilib. O, Rusiya qoşunlarının Ukraynaya yeridilməsini dəstəkləyənlərdən biridir. Amerika KİV-ləri yazırlar ki, Antonov kifayət qədər peşəkar, ağıllı və olduqca sərt mövqeyə malik biridir. 2009-cu ildə o, tərksilaha dair Rusiya-Amerika danışıqlarında iştirak edib. Daha sonra Suriyada ABŞ və Rusiya hərbçiləri arasında koordinasiyanın qurulmasına dair təşəbbüs irəli sürüb.

Obama administrasiyasında müdafiə nazirinin köməkçisi olmuş Derek Çollet USA Today nəşrinə bildirir ki, Antonovun təyinatı Rusiyanın ABŞ-la münasibətləri nizamlamaq istəyindən xəbər vermir. Çünki Antonov “olduqca sərt və çox ağıllıdır”, Qərbə qarşı “qırğı”dır, geosiyasi məsələlərdə barışmaz mövqedən çıxış edir.

Bu baxımdan bəzi analitiklər hesab edirlər ki, Dövlət Departamentinin Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirməsi Antonovun səfir təyinatına qarşı cavab gedişidir. Yeni qaydalara əsasən Rusiya vətəndaşlarının ABŞ-a viza alması əməlli-başlı çətinləşib. Moskvadakı konsulluğun qarşısında uzun növbələr yaranıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, vizaların verilməsini sərtləşdirən qərarın amerikalı  müəllifləri Rusiya vətəndaşlarında hakimiyyətə qarşı narazılıq yaratmağa cəhd edirlər. “Bu məntiq aydındır, bu, “rəngli inqilablar” təşkil edənlərin məntiqidir”-Lavrov ABŞ-ın məqsədinin Rusiyada “rəngli inqilab” həyata keçirmək planlarına eyhamla bildirib.

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sonuncu sərt sanksiyalar da bu qəbildəndir, yəni Rusiya elitasına təzyiqləri artırmağa və hakimiyyətdən narazıların sayını çoxaltmağa hesablanıb. Rusiya əvvəllər özünü keçmiş sovet respublikalarını “rəngli inqilablar”dan qoruyan başlıca qüvvə kimi təqdim edirdi. Kreml belə fikirlər təlqin edirdi ki, Rusiyada Putinin nüfuzu olduqca yüksək olduğundan və rus xalqı onu dəstəklədiyindən hansısa “beşinci kalon” vasitəsilə “rəngli inqilab” mümkün deyil, belə təhlükə Rusiyanı gözləmir.  Lakin indi Lavrov Rusiyanın özündə bu təhlükənin yarana biləcəyi haqda danışır. Bu, Rusiya elitasında yaranmaqda olan ciddi narahatlığın təzahürləri hesab edilə bilər. Görünür Kremldə nəzərə alırlar ki, “yavaş təsirli bomba”-sərt iqtisadi sanksiyaların təsiri uzun müddət özünü göstərəcək və bunun nəticəsində əhalinin sosial vəziyyəti ağırlaşacaq, deməli hakimiyyətdən narazılar da artmaqda davam edəcək…

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN