Avropanın bir çox siyasətçiləri Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün yüzilliklərə ehtiyac olduğunu dilə gətirirlər. Hətta, Böyük Britaniyanın keçmiş baş naziri Devid Kameron hesab edir ki, 3 min il lazımdır. Bu gün Ankaranın ümidlərinin üzərindən növbəti dəfə xətt çəkildi. Amerikanın potensial prezidenti Donald Tramp Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) 13 səlahiyyətlisinin kömək etdiyini açıqladı. Prezidentliyə namizəd onların adlarını açıqlayacağına söz verib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Dağlıq Qarabağla bağlı məqaləsi də maraqla qarşılana bilər.
2023-cü il ümidinə Nataşanın cavabı
Türkiyənin Avropa Birliyi (AB) yanında daimi nümayəndəsi Səlim Yenel Almaniyanın “Die Welt” nəşrinə açıqlamasında deyib ki, Türkiyə AB ilə fikir ayrılıqlarına baxmayaraq, 2023-cü ilə qədər quruma üzv olmağa ümid edir.
“Türkiyə hökuməti 2023-cü ilə qədər Avropa Birliyinə daxil olmağı hesablayır. Avropa Birliyinə üzvlük mənim ölkəm üçün ən yüksək nailiyyət olardı”, – diplomat bildirib. Yenel xatırladıb ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. O, həmçinin etiraf edib ki, AB və Türkiyə arasında hazırda dərin etibarsızlıq hökm sürür.
Lakin qarşı tərəfin cavabı çox gecikməyib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto Türkiyənin AB-yə üzv olmağa hələ hazır olmadığını deyib. O, xatırladıb ki, Türkiyənin AB-yə qəbulu üçün dövlət başçıları və hökumətlərin yekdil qərarı lazım olacaq. Onun sözlərinə görə, üzvlük danışıqlarının yekun tarixini müəyyən etmək mümkün deyil.
“Türkiyə hazırda Avropa Birliyinə üzv olmaq üçün lazımı vəziyyətdə deyil və biz onun üzvlüyünün mümkün tarixi mövzusunda möhtəkirlik etməyəcəyik”, – Berto vurğulayıb.
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra bu ölkənin mediası çevriliş cəhdinin arxasında ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin (CİA) olduğuna dair silsilə yazılar yazdılar. Və konkret şəxslərin də adlarını çəkdilər. Deyilənə görə, onlar çevriliş planının icrasına birbaşa olaraq Türkiyədə nəzarət ediblər.
Eyni iddia Moskvadan rəsmi şəkildə səsləndirildi. Rusiya parlamentinin aşağı qanadı olan Dövlət Dumasının təhsil komitəsinin başçısı Vyaçeslav Nikonov Fətullah Gülənin CİA üçün çalışdığını və ABŞ-ın Güləni Türkiyəyə qaytarmayacağını deyib. “Hərbi çevriliş cəhdində Amerikanın izi var. Gülənin CİA üçün işlədiyini hər kəs çoxdandır bilir. Güləni Türkiyəyə qaytarmayacaqlar”, – Nikonov “Rossiya-1” telekanalının efirində söyləyib.
Trampdan ŞOK İDDİA: “CİA-nın 13 səlahiyyətlisi Ərdoğanı…”
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı qalmaqal yaradacaq bir iddia ortaya atıb və hadisənin arxasında CİA-nın olduğunu bildirib.
Milyarder rəsmi “Twitter” hesabında 13 CİA səlahiyyətlisinin dövlət çevrilişi cəhdinə kömək etdiyini yazıb. “CİA-nın 13 yüksək vəzifəli səlahiyyətlisinin Türkiyədə müvəffəqiyyətsiz olan çevriliş cəhdinə kömək etdiyinə dair yeni dəlillərim var. Qarşıdakı günlərdə adlarını açıqlayacam”, – Tramp qeyd edib.
Lakin bir müddət sonra bu status CİA tərəfindən yoxa çıxarılıb. “Daily Iowan” nəşrinin müxbiri Rebecca Morinin də xəbər olaraq verdiyi “tweetler” bir müddət sonra silinib.
Ərdoğanı yox etmək, Türkiyəni 5 hissəyə bölmək… – ABŞ-ın DƏHŞƏTLİ PLANI
Türkiyənin “Yeni Şafak” nəşrində yazar İbrahim Karagül yazdıqlarında da analoji iddialar səsləndirilir.
Türkiyənin tarixinin ən ciddi təhdidləri ilə üzləşdiyini yazan Karagül təhdidin mərkəzinin Vaşinqton və Brüssel olduğunu iddia edib. O, qeyd edib ki, 15 iyul Türkiyəni işğal planı idi: “Bizləri Anadoluya həbs etmək, ardınca da beş hissəyə bölmək layihəsi idi. Gülən və terrorçuları vasitəsilə ölkə içəridən işğal ediləcək və ABŞ-a təslim olunacaqdı. Ardınca etnik və məzhəb döyüşlərinin baş verdiyi suriyalaşma planı tətbiq olunacaqdı”.
Yazar bildirir ki, xüsusilə son 20 ildə ABŞ-ın bölgədə tətbiq etdiyi bütün planlar və həyata keçirdiyi siyasətlə Türkiyəni hədəf alıb (http://publika.az/p/147161).
“Putin iki rayonu qaytarmağı təklif etdi” – Metyu Brayzadan Vaşinqtona ÇAĞIRIŞ
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Atlantic Council” Amerika analitik mərkəzinin saytında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqalə dərc edib.
Amerikalı diplomat münaqişənin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Azərbaycan əsilli nüfuzlu rusiyalı biznesmen, 2004-2009-cu illərdə Rusiya Federasiya Şurasının üzvü olmuş milyarder Fərhad Əhmədovun təkliflərinə toxunub.
Metyu Brayzanın iyunun 20-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ilə bağlı yazdıqları xüsusilə diqqət çəkir: “Azərbaycan, və erməni həmkarları ilə görüşdə Putin dalandan çıxmaq üsulunu tapdı. Putin, görünür, tədricən irəli hərəkət etməyi təklif etdi: Ermənistan iki rayonu qaytarmalıdır və əvəzində Azərbaycan Ermənistanla nəqliyyat əlaqəsi və iqtisadi əlaqələri bərpa etməlidir, Madrid prinsiplərinin bütün başqa aspektləri, həmçinin işğal edilmiş qalan beş rayon sonrakı danışıqların predmeti olacaq” (http://publika.az/p/147199).
Putin Təhlükəsizlik Şurasını Krımda topladı
Rusiya prezident Vladimir Putin Krıma səfər edib.
Putin burada Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib. Putin Ukrayna ilə Krım yarımadasının sərhədində yaranan son vəziyyətin müzakirə olunduğu müşavirədə Kiyevlə münasibətlərdən danışıb.
Rusiya prezidenti qeyd edib ki, Kiyevlə səfirlər səviyyəsində diplomatik münasibətlər qurmağa hazırlaşmır. Rusiya lideri həmçinin ümid etdiyini bildirib ki, Ukraynada sağlam düşüncə üstün olacaq və fitnəkar hərəkətlər son seçim olmayacaq.
Çavuşoğlu İrana gizli səfər
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 18-də birgünlük İrana səfərə gedib. Bunun bir gün sonra açıqlanması isə ortaya müəyyən suallar çıxarıb.
Merkeldən Rusiya çağırışı
Rusiyada bəzi dairələr ümid edir ki, Avropa Birliyi 2017-ci ilin yanvarında sanksiyaların müddətini uzatmayacaq. Amma Avropa Birliyinin lokomotivi sayılan Almaniya bu ümidlərin üzərindən xətt çəkdi.
Kansler Angela Merkel bildirib ki, Avropa Birliyi hazırkı zamanda Rusiya üzərindən sanksiyaların götürülməsi məsələsinə baxmamalıdır. Almaniya mətbuatına açıqlamasında kansler söyləyib ki, Rusiya Minks razılaşmasının şərtlərini tam yerinə yetirmir.
Naxçıvanla sərhəddə “kiçik sensasiya”
“Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına çox yaxındır.
Virtualaz.org xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” Rusiya müdafiə nazirinin müavini Anatoli Antonova istinadən yazıb. Qəzet bu hadisəni “kiçik sensasiya” adlandırıb. Bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu İrəvanda səfərdə olub, onun iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Nazirlər Şurasının iclası keçirilib.
Anatioli Antonov deyib ki, bu barədə saziş mətninin üzərində iş gedir. “Rossiyskaya qazeta” yazır ki, hərbçilər saziş layihəsinin detallarını məxfi saxlayırlar və vahid qoşun birləşməsinə hansı qoşun növlərinin daxil olacağı məlum deyil. Lakin bəzi məlumatlara görə, yeni qoşun birləşməsi Ermənistan ərazisində dislokasiya olunacaq və ona Ermənistan Silahlı Qüvvələrinin 4-cü ordu korpusu və Rusiyanın 102 nömrəli hərbi bazası daxil olacaq. Ermənistan ordusunun 4-cü korpusu Vayk vilayətində, Naxçıvanla sərhəddə dislokasiya olunub.
Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratmaq planı Qarabağda aprelin əvvəllərində gedən 4 günlük müharibədən sonra gündəmə gəlib. Hərçənd erməni tərəfi iddia edir ki, bu məsələ daha əvvəldən müzakirə olunurdu. Ermənistandan verilən məlumatlara görə vahid qoşun birləşməsinə 4-cü korpusun komandanı, general Andranik Markaryan komandanlıq edəcək.
Hazırda Ermənistan ərazisində Rusiyanın üç tam gücə malik motoatıcı polku, 1 özüyeriyən artilleriya polku, tank batalyonu, “Qrad” və “Smerç” reaktiv sistemlərinin bir neçə divizionu, “Erebuni” hərbi hava bazasında bir neçə qırıcı və helikopter eskadriliyaları, S-300 və “Buk” sistemləri ilə təchiz edilmiş ayrıca zenit-raket diviziyaları var.
Ömər Dağlı