“Krım yarımadasının kurort şəhəri Yaltada ucaldılan bürünc heykəl sərt şəkildə Qara dənizə tərəf baxır. Rusiyadan gələn minlərlə turist bu heykəlin önündə fotoşəkil çəkdirirlər. Bu Sovet İttifaqının rəhbəri Stalinin, Amerika prezidenti Ruzveltin və Böyük Britaniyanın baş naziri Çörçilin heykəlidir. Onlar 1945-ci ilin fevralında Yaltada keçirilən konfransda İkinci Dünya Müharibəsi qurtardıqdan sonra, dünyanın necə tənzimlənməsi məsələlərini müzakirə etmişdilər. Həmin heykəl 2015-ci ildə Livadiya sarayının yaxınlığında, İkinci Dünya Müharibəsinin qurtarmasının 70-ci illiyində ucaldılıb”. Bu fikirlər Yaponiyanın “Nihon Keydzay” nəşrində dərc olunan məqalədə yer alıb. Məqalədə daha sonra qeyd edilir:
Diktatorun şərəfinə
Konfransın gedişində Stalin müqavilə imzalamışdı. Həmin sənədə əsasən SSRİ Yaponiyaya qarşı müharibəyə başlamaq şərtiylə Kuril adalarını özünə götürdü. Beləliklə də, Stalin Yaponiyanın şimal adalarını ələ keçirmiş oldu. Yaponiya hökuməti bunu məxfi anlaşma adlandırırsa, Moskva turist şirkətinin nümayəndəsi bu barədə qürurla belə deyir: “Yalta müqaviləsi sülh gətirdi. Stalin dahi insandır”.
Stalin, həmçinin özünün amansızlığı və qorxulu siyasəti ilə ilə tanınır. 2012-ci ildə ”Levada-Mərkəz”-in apardığı araşdırmaya əsasən, rusiyalıların 28%-i Stalinin siyasətini bəyəndiklərini bildiriblər. Bu ilin yanvarında isə həmin göstərici 46%-ə kimi qalxıb.
2014-cü ilin martında Putin Krımı ilhaq etdi və beləliklə də, Qərb ölkələri ilə qarşıdurma başladı. Vətənpərvərlik hisslərinin dərəcəsinin qaldırılması üçün Rusiya hakimiyyəti Böyük Vətən Müharibəsindəki qələbəni aktiv şəkildə təbliğ etməyə və həmçinin Stalinin rəhbərliyini pozitiv tərəfdən işıqlandırmağa başladı. Bir təqaüdçi heykələ baxaraq söyləyir: “Bura rus torpağıdır. Prezident səhv etməyib”.
Krımın ilhaqından sonra prezident Putinin reytinqi “göylərə” yüksəldi. Elə indi də bu göstərici 80%-dir. “Levada –Mərkəz”in direktor müavini Aleksey Qrajdankin belə deyir:“Hakimiyyət böyük Rusiyanın dirçəldilməsi üçün rusiyalıların əhval-ruhiyəsini qızışdırır. Onlar xarici ölkələr ilə yaşanan gərginliklərdən istifadə edirlər. Məsələn, Ukraynanın şərqindəki gərginlik kimi. Bununla da ölkənin içindəki iqtisadi böhrandan doğan narazılığı unutdurub tarazılıq yaradırlar.”
3 apreldə Putinin vətəni Sankt-Peterburq şəhərindəki metroda terror aktı baş verdi və bu hadisə nəticəsində 14 nəfər həlak oldu. Baş verən bu insident Rusiya liderinin nüfuzuna ciddi zərbə vurdu. Amma müxalifət nümayəndələrinin fikrinə görə, hakimiyyət baş vermiş bu terror aktı təhlükəsindən istifadə edərək təbliğatı gücləndirir. Eyni zamanda da deyirlər ki, böyük Rusiyanın müdafiə olunması naminə ölkəyə mütləq xilaskar lazımdır. Bəzi ekspertlər belə hesab edirlər ki, Suriya ətrafında ABŞ-la yaşanan qarşıdurma Putinin əlinə oynayır.
İrəlidə kompromis mümkün deyil
Hələlik prezident Putin gələn ilin martında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi barəsində bəyanat verməyib. Lakin onun ətrafında belə şayiələr gəzir ki, Putinin məqsədi, seçicilərin 70 %-nin iştirak edəcəyi seçkiərdə 70 % səs qazanmaqdır. Prezident administrasiyasına yaxın olan mənbə bidirir: “Növbəti prezident seçkiləri Putinə olan etibarlılıq dərəcəsini göstərəcək. Seçkilərdə onun yüksək üstünlüyünü əyani göstərən nəticələr gərəkdir.”
Onu da deyək ki, keçən ilin sentyabrında Dövlət Dumasına keçirilən seçkilərdə iqtidar partiyası 48 % toplamışdı. Halbuki, onun bundan əvvəlki seçkilərdəki nəticəsi 60% olmuşdu. Bu fakt avtoritarizmin gücləndiyini və xalq arasında məyusluğun və biganəliyin yayıldığını nümayiş etdirir.
Əgər 2000-ci ildə hakimiyyətə gələn Putin növbəti seçkilərdə qalib gələrsə, onda o, 2024-cü ilədək bu vəzifəni tutacaq. Əgər baş nazir postunu da hesaba qatsaq, onda Putin 25 il hakimiyyətdə olacaq Deməli, o, səlahiyyət müddətinin uzunluğuna görə Stalindən sonra ikinci yerdə dayanacaq.
Əgər Putin prezident seçiklərinin gedişində öz hakimiyyətini möhkəmləndirərsə, onda Cənubi Kuril probleminin siyasi həlli qərarını vermək onun üçün daha asan olacaq. Ancaq vətənpərvərliyin önə çəkildiyi bir sistemdə hər hansısa kompromisin tapılması çox mürəkkəb və çətin bir məsələdir”.
V. Nəsibov
AzPolitika.info