“Putin Rusiyası qana boyanacaq” – Kremlin Donbas agenti

0
565

“The Guardian” qəzeti öz təbirincə deyilsə, Ukraynanın şərqindəki münaqişənin ən məşhur fiquru ilə müsahibə dərc edib.
Qəzet xatırladır ki, Ukraynanın şərqindəki separatçı hərəkat 2014-cü ilin aprelində məhz İqor Strelkovun Slavyansk şəhərini işğal etməsi ilə başlanmışdı.

Məqalədə deyilir ki, Kiyevdə ona qanlı və qəddar müharibə canisi, Ukraynanın şərqini qarışdırmaq üçün Kremlin göndərdiyi agent kimi baxırlar. Rusiyada isə onu daha çox yerli üsyançı qüvvələri Kiyevin əleyhinə qaldırmış cəsur müharibə qəhramanı kimi tərənnüm edirdilər. Onu tez-tez Donetskədi qiymaçı qərargahının dəhlizlərində, Steçkin tapançasını taxta qoburunda gəzdirərkən göstərirdilər.
Lakin iki il sonra “The Guardian” qəzetinə özünün kiçik Moskva ofisində verdiyi müsahibədə Strelkov tamam başqa bir fiqur təsiri bağışlayır. Mülki geyimdə, bir az da dolğunlaşmış sifətli ilə…
“The Guardian” yazır ki, son həftələrdə Strelkov öz ritorikasının atəşini Kremlin özünə doğru yönəldib, “hərçənd indi onun sözlərini dəstəkləyəcək ordusu yoxdur”.
“Putin və çevrəsi bu yaxınlarda elə addımlar atıblar ki, bu demək olar qaçılmaz şəkildə sistemin çökməsinə gətirib çıxaracaq, – deyib Strelkov, – Biz bunun necə və nə vaxt baş verəcəyini hələ bilmirik, amma sistem çökəcək. Özü də tezliklə…”
“The Guardian” yazır ki, Ukraynadan deyilənə görə həddən-ziyadə məsuliyyət yaratdığna görə Rusiya hökuməti tərəfindən geri çağrılmış Strelkov özü üçün bir növ alatoranlıq zonasına daxil olub. Onu münaqişə zonasına qayıtmağa qoymurlar, dövlət televiziyalarında çıxışlarına imkan vermirlər.

Məqalədə deyilir ki, iki il sakitcə yerində oturduqdan sonra, bir vaxtlar Rusiya uğrunda amalların rəmzi sayılan Strelkov ötən həftə prezident Vladimir Putini pisləyən bəyanat səsləndirərək yaxın gələcəkdə Rusiyada qiyam və qan axıdılması olacağının proqnozunu verib.
Əsl adı Girkin olan (Onun Strelkov ləqəbi ruscada “atıcı” sözündən götürülüb) Strelkov, inanır ki, Putin 2014-cü ildə son anda Qərblə əlaqələrin həmişəlik pozulacağından qorxaraq qətiyyətsizlik edib.
Radikal millətçi Strelkov inanır ki, Rusiya rusların yaşadığı bütün yerləri işğal etməliydi. O ukraynalıları başqa ləhcədə danışan ruslar hesab edir və düşünür ki, Putin Krımın işğalı ilə kifayətlənməklə ölümcül səhvə yol verib.
“O, Rubikonu keçdikdən sonra gözlənilmədən və məntiqsiz şəkildə dayandı. O geri çəkilmədi, amma irəli də getmədi. Onun heç bir ideyası yoxdur və o, sanki möcüzə gözləyir. O, bataqlığın ortasında ilişib qalıb” – deyib Strelkov.
Tarix tələbəsi olmuş və özünü bolşeviklərə qarşı mübarizə aparmış ağqvardiyaçı zabitlərə bənzədən Strelkovun adı, Ukraynadakı müharbə oynadığı rola görə beynəlxalq sanksiyalar siyahısına salınıb.
Ötən həftə Polşa millət vəkili Małgorzata Gosiewska Strelkovun iddia olunan hərbi cinayətləri barədə hesabatı Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsinə təqdim edib.

Məhkəməsiz güllələmirdi…

Strelkov adamları qarətçiliyə görə güllələtdiyini danmır, amma israr edir ki, o, müharibə zamanına aid sovet qanunlarına uyğun hərəkət edib.
“Mən yeganə adamam ki, eləcə güllələmirdim, əvvəlcə məhkəmə qururdum. Bu hakimlərdən ibarət üçlük idi. Burda hərbi prokuror və vəkil də olurdu. Əlbəttə, səhv hökmlər də olub, – deyib Strelkov, – Hərbidə sərt intizam və ədalətin cəzalandıran qılıncı olmadan vəziyyətə nəzarət etmək çətindir. Mən komandan olanda belə şeylər olmurdu. Hər bir əsgər bilirdi ki, cinayət törətsə, bir düşmən kimi, bəlkə ondan da ciddi mühakimə olunacaq. Bu intizam yaradılamasına çox kömək edirdi”.
“The Guardian” yazır ki, Strelkovun Ukraynadakı hərəkətlərinə Kremlin nə dərəcədə nəzarət etdiyi aydın deyil. Krımın Strelkovun da iştirak etdiyi ilhaqında Rusiyanın hərbi əməliyyatı yaxşıca ölçülüb-biçilmişdi. Lakin bəziləri düşünürlər ki, Strekov Krımdan Ukraynanın şərqinə atılandan sonra daha çox özfəaliyyətlə məşğul olmağa başlayıb.
“The Guardian” müxbiri ehtimal edir ki, onun Kremllə əlaqələri olub, lakin fəal şəkildə yönləndirilməyib.
Qəzet yazır ki, Strelkov 1990-cı illərdə Dnestryanıda və Bosniyada könüllü kimi döyüşüb, hər iki Çeçen müharibəsində Rusiya FTX-sinin zabiti kimi xidmət edib. O, iddia edir ki, həqiqi xidmətdən “şəxsi münaqişə zəminində” tərxis olunub, lakin bunun detallarını açmır.
O etiraf edir ki, Ukraynanın şərqində daha çox müstəqil fəaliyyət göstərib və Moskvadakı bütün kontaktlarından Rusiyanın genişmiqyaslı müdaxiləsini tələb edib, lakin tezliklə başa düşüb ki, bu baş verməyəcək.
Rusiya Ukraynanın şərqindəki münaqişədə iştirakını indiyədək danır, elə Strelkov da müxbirə özünün nəticə çıxarmasını məsləhət görüb.
“The Guardian” yazır ki, münaqişənin əsas məqamlarında Rusiyanın nizami qüvvələrinin Ukrayanaya müdaxilə etməsinə dair tutarlı dəlillər var. Bəzi qiyamçı mənbələr bildirirlər ki, elə ipə-sapa yatmayan Strelkovun geri çağrılması da Moskvanın ukraynalıların darmadağın edildikləri İlovaysk döyüşündən əvvəl dəstək qüvvələri göndərməsi üçün şərtlərindən biri olub.

Bolşeviklərə 1 faizin dəstəyi kifayət etmişdi

“The Guardian”ın məqaləsində deyilir ki, 2014-cü ilin avqustunda Ukraynadan geri çağırıldıqdan bəri Strelkovun adı “stop siyahısına” salınıb. Bu siyahıya televiziya efirindən məhrum edilən müxalifətçilər salınır.
“Mən onlar üçün başağrısıyam. Bilmirlər mənimlə nə etsinlər. Mən qəhrəmanam, yoxsa terrorçuyam? Onlar məni həbs edib türməyə sala bilmirlər, çünki bu Qərbin qarşısında baş əymək olardı. Digər tərəfdən mənə qiymət də verə bilmirlər. Odur ki, mən çox qəribə bir vəziyyətdə qalmışam” – deyir Strelkov.
O deyir ki, hətta onunla görüşüb danışmaq istəyən jurnalistlər də az sonra təkrar zəng edib deyirlər ki, görüş alınmayacaq.
“Hakimiyyət hansı düşərgəyə mənsub olmalarından asılı olmayaraq müstəqil siyasətçiləri və adamları istəmir. Onlara heç müstəqil düşünən tərəfdarlar da lazım deyil” – deyir Strelkov.
“The Guardian” yazır ki, onun ötən həftə elan etdiyi manifest çox qarışıq sənəddir. Burada həm ifadə azadlığı kimi demokratik vədlər, həm də Rusiya torpaqlarının genişləndirilıməsinə çağıran imperiya ritorikası da var.
“Biz əhəmiyyətsiz qüvvə təsiri bağışlaya bilərik, amma 1917-ci ildə bolşeviklərə əhalinin 1 faizinin dəstəyi kifayət etmişdi” – yazır millətçi bloger Yeqor Prosvirnin. Sözü gedən deklarasiyanı Strelkovla yanaşı o da imzalayıb.

Həbsxanadakı putinçilər

Məqalədə deyilir ki, Strelkov və onun millətçi blogerləri marginal fiqurlara bənzəyə bilərlər, lakin Rusiyanın özündə millətçilik qüdrətli güc kimi qalır.
Müxalifətçi Aleksey Navalnı bildirir ki, Kreml millətçilərdən qorxur, çünki onlar da hakimiyyətin imperiya ritorikasından istifadə edirlər.
Onun fikrincə, məhz bu səbəbdən də Rusiya həbsxanalarında, hətta Putini dəstəkləyən millətçilər də var.
“Onlar onun ayağını öpmək istəyəndə, ağızlarından təpik zərbəsi yeyiblər” – deyir Navalnı.
Bəziləri isə düşünürlər ki, Strelkov kimilər həmişəlik arxa planda qalacaqlar.
Strelkovun özü də heç bir seçkidə iştirak etmək fikrində olmadığını bildirib, amma düşünür ki. onun da vaxtı gələcək.
“Biz Vladimir Putini devirmək üçün inqilab planlaşdırmırıq, – deyib Strelkov, – Beş müharibədə iştirak etmiş birisi kimi mən, böyük şəhərlərdə hakimiyyətin və sosial strukturun çökməsinin nə demək olduğunu yaxşı bilirəm. Bunu içi mən, heç kim istəmir. Lakin təəssüf ki, bu, qaçılmaz ola bilər”. /BBC Azərbaycanca

BIR CAVAB BURAXIN