Putin azərbaycanlı oliqarxı maşınına çağırıb 20 dəqiqə nə danışdı…

0
642

Kreml Rusiyanın dövlət büdcəsinin “deşiyini” yamamaq üçün iri oliqarxları “tərlədir”.

Virtualaz.org xəbər verir ki, büdcədə bəyan edilmiş hər beş rubldan birinin mövcud olmadığı, yəni büdcə kəsirinin 20 faizə çatdığı bir vaxtda Rusiyanın iri özəl neft şirkətləri zor-xoş bu kəsirin yamanmasına cəlb olunacaq. Büdcə kəsirini yamamaq üçün tərləməyə namizəd oliqarxlardan biri də azərbaycanlı milyarder, “Lukoil” prezidenti Vahid Ələkbərovdur.

“Vedemosti” xəbər verir ki, özəl neft şirkətlərində toplanmış pul ehtiyatları “Rosneft” dövlət şirkətinin özəlləşdirilməsi yolu ilə büdcəyə daxil ola bilər. Kreml “Rosneft”in səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmağa hazırlaşır. Məlumata görə prezident Vladimir Putin şirkətin səhmlərinin 19.5 faizini 700 milyard rubla (11 milyard dollara yaxın) almağı Vahid Ələkbərova təklif edib. Qəzet yazır ki, Putin oktyabrın 31-də Xəzərin şimal hissəsində, Həştərxan yaxınlığında “Lukoil”un aktivlərinə daxil olan Filanovski adına neft yatağının istismarının başlaması münasibətilə keçirilən mərasimdə Vahid Ələkbərovu maşınına çağırıb və bu təklifi şəxsən ona çatdırıb. Bu haqda Kremlə yaxın mənbələr bildirib.

Mənbənin sözlərinə görə, Putin azərbaycanlı oliqarxla maşında 20 dəqiqəyə yaxın söhbət edib. Ancaq söhbət zamanı Ələkbərovun Putinin təklifinə necə reaksiya verdiyi məlum deyil. Bundan əvvəl V.Ələkbərov demişdi ki, “Lukoil” “Rosneft”in səhmlərinin özəlləşdirilməsində iştirak etməyi planlaşdırmır.

Lakin “Lukoil”un balansında bu ilin iyul ayına olan vəziyyətə görə 5.4 milyard dollar pul vəsaiti var. Bu, indiki məzənnə ilə 340 milyard rubldur, yəni hökumətin büdcəni yamamaq üçün axtardığı vəsaitin yarısıdır.

“Vedemosti” yazır ki, növbədə öz hesabında 30 milyard dollar saxlayan “Surqutnefteqaz” şirkətidir. Bu şirkət 10 ildən çox öz sahiblərini gizlədir, onun səhmlərinin kimə məxsus olduğu hələ də sirr olaraq qalır. “Surqutnefteqaz” 90-cı illərin ortalarında özəlləşdirilib, direktoru elə o vaxtdan Vladimir Boqdanovdur.

Lakin bir neçə il əvvəl Boqdanov özü “Financial Times”ə bildirmişdi ki, şirkətin səhmlərinin cəmi 2 faizi ondadır, qalanların kimə məxsus olduğunu bilmir. Hərçənd ki, “Surqutnefteqaz” Rusiyanın ən varlı və maliyyə vəziyyəti ən sabit olan neft şirkətidir. Lakin o da “Rosneft”in özəlləşdirilməsində iştirak etmək istəmir.

Hökumətdəki mənbə isə TASS-a bildirib ki, əgər neft bahalaşmasa büdcə kəsirini  doldurmaq üçün 700 milyard rubl da kifayət etməyəcək. Ona görə də hökumət bu il “Rosneft”İn 19.5 faizini sata bilsə gələn il daha 10 faizini sata bilər.

Virtualaz.org

BIR CAVAB BURAXIN