Donald Trapm üçün gələcəkdə əməkdaşlıq istiqamətində Vladimir Putin ilə sövdələşmə əldə etməsinin üstünlükləri çoxsaylı və aydındır. Amerikanın aparıcı mövqeyinə qarşı Rusiyanın etiraz nümayiş etdirməsi, ABŞ-ın gündəliyində dayanan ən aktual beynəlxalq siyasət mövzusudur.
Nüvə silahına malik rəqiblə aradakı gərginliyin azaldılması tərifəlayıq məqsəddir. Siyasi baxımdan bu cür sövdələşmənin bağlanması Trampdan tikinti maqnatı, şou-biznes fiquru və siyasi autsayderdən dövlət xadiminə qədər uzun bir yol qət etməsini gərəkdirən bir məsələdir. Bütün dünya ümid edir ki, cənab Tramp Putinlə həyata keçiriləcək istənilən sövdələşmənin dərinliklərində hansı böyük risklərin yatdığını aydın görür.
Putin Avropadakı və bütün dünyadakı hazırkı siyasi qaydaları sındırmaq istəyir. O, hesab edir ki, arxasında ABŞ-ın dayandığı mövcud qaydalar ədalətsizdir və bu qaydalar Rusiyanın maraqlarına ziddir. Onun ambisiyalarının qarşısını alan beynəlxalq məhdudiyyətlərin yumşaldılması, Amerika-Rusiya münasibətlərində müvəqqəti istiləşmə yarada bilər. Amma bu ABŞ və bütün Qərb dünyasının uzunmüddətli maraqlarına uyğun deyil və təhlükəsizliyi, sabitliyi laxladır.
Putinin təsəvvürünə görə, ölkələr arasındakı hazırkı çox tərəfli əməkdaşlığın yerinə böyük dövlətlərin təsir sferasına bölünən dünya gəlməlidir. Belə bir dünyada Moskva keçmiş Sovet İttifaqının böyük hissəsində sərbəst hərəkət etmək imkanı qazanacaq. Cənab Tramp öz tərəfindən bizim günlərdə 1945-ci ildəki Yalta konfransının təkrarlanmasının istənilən cəhdini rədd etməlidir.
Ona görə ki, ruslar Krımın ilhaqından və Ukraynanın şərqinə soxulmalarından şirniklənə bilərlər. Bu isə dünyanın hər yerində təhlükəli president yaradar. Digər tərəfdən isə, Berlin divarının yıxılmasından sonra 1990-cı ildə müəyyənləşdirilmiş Paris xartiyasının prinsipləri dağılar.
Həm də ki, Ukraynanı satmaq olmaz. Çünki bu onun qərbyönümlü hökumətinin çökməsinə təkan verər. Rusiyanın təsir sferasındakı digər ölkələrin tabe olmaqdan imtina haqları var. Yəni Tramp Rusiya ilə münasibətlərdə bir neçə prinsip üzərində mütləq dayanmalıdır.
Birincisi – ABŞ administrasiyası 1949-cu ildən Avropa və dünyanın təhlükəsizliyinin əsasını təşkil edən NATO-nun mütləq və birmənalı tərəfdarı olduğunu səsləndirməlidir. Alyans isə bütün üzvlərin minimal olsa da, müdafiə xərclərinin artırılmasına inandırmalıdır. NATO-nun ən kiçik və yeni üzv ölkələrinin ABŞ tərəfindən qorunacağı öhdəliyi sözsüz şəkildə yerində qalmalıdır.
İkincisi – Tramp Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları götürməməlidir. Hərçənd ki, o özünün seçki kampaniyası zamanı sanksiyaları götürəcəyi barədə eyham vurub. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların böyük nəticələr verməməsini irəli sürərək, onlardan imtina edilməsi, ABŞ-ın Avropa və Yaponiya ilə həmrəyliyini sarsıda bilər.
Rusiyanın Krıma olan iddialarını da qəbul etmək olmaz. Bu işğal beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Trampın bütün problemli məsələləri dərhal qaldırmasına ehtiyac yoxur. Lakin o konkret sahələr üzrə tədricən tərəqqi yaratmağa səy göstərməlidir. Amerika-Rusiya əməkdaşlığının bərpa olunmasının mühüm sahələrindən biri də Suriya münaqişəsinin həllidir. Hazırda Hələbə vurulan aviazərbələr Rusiyanın nə dərəcədə inadkar olduğunu sübut edir.
Moskva ilə əlaqələrində Tramp Rusiya və onun qonşularının hüquq və maraqlarının qorunmasına bərabər səviyyədə diqqət ayırmalıdır. Bugünkü gərginliyin səviyyəsinin 1980-ci illərdəki kimi olduğunu nəzərə alsaq, onda bəlli olar ki, Rusiya ilə münasibətlərin səhmana salınması çox vacibdir. Amma buna Moskvanın istəyinə uğun yoldan getməklə nail olmaq yanlış addımdır. Bugünkü risklərin nə dərəcədə yüksək olmasına baxmayaraq, Putinlə bağlanmış pis sövdələşmə hər hansı bir müqavilənin olmamasından daha təhlükəlidir.
(“The Financial Times”)
Azpolitika.info