Böyük Britaniyada çıxan “Express” qəzeti yazır ki, Estoniyanın millət vəkillərindən Eerik-Niiles Kross-u vətənində James Bond kimi tanıyırlar. O, ölkə kəşfiyyatının keçmiş başçısıdır və hazırda TRUSTCORP özəl təhlükəsizlik firmasına sahibdir. Kross NATO müttəfiqlərinə müraciət edərək, onları “Vladimir Putinin ekspansionist ambisiyalarının nazı ilə az oynamağa çağırıb”.
Onun fikrincə, cənab Putin suveren əraziləri ona görə işğal edir ki, Qərbin “yumşaq” olduğunu bilir.
“Qərbin güclü reaksiyası belə olmalıydı: Krımda birinci balaca yaşıl adam görünən kimi Putinə zəng edib demək lazım idi ki, “Sənin ordan rədd olmaq üçün 24 saat vaxtın var. Mənim 6-cı donanmam artıq ora gəlir” -millət vəkili deyib.
“Ona demək lazım idi ki, donanmanı götür, Sevastopoldakı bazanı yığışdır və…” – ardınca millət vəkili söyüş söyür.
Cənab Kross Səddam Hüseyn devriləndən sonra İraqda ABŞ Koalisiyasının Keçid Hakimiyyətində iştirak edib. Kross 2008-ci ildə Rusiya hücum edəndə Gürcüstanda olub və rəsmi Tbilisiyə əks-təbliğat işində kömək edib. Rusiya onun həbsinə order verib və Kross yalnız Birləşmiş Ştatlara diplomatik biznes səfərlərinə gedə bilir. Eerik-Niiles Kross bundan əvvəl 1994-cü ildə Boris Yeltsini Rusiya qoşunlarını Estoniyadan çıxarmağa inandıran nümayəndə heyətinin üzvü olub, lakin bu gün də bu qoşunların Estoniyaya qayıtmağa hazır olduğu barədə xəbərdarlıqlar verir.
O deyib: “Putin üçün başlıca sual budur ki, hansısa bir işi görəndən sonra cəzasız qala bilər, ya yox?”
“O, inadkarlıqla sərhədlərini genişləndirir, hava məkanlarını pozur, yeri gəldi-gəlmədi Qərbi və NATO-nu ittiham edir” -Kross deyir.
“O, Gürcüstanda da belə etdi və cavabını verən olmadı. Krıma girəndə bilirdi ki, ona heç nə olmayacaq və olmadı da. Buna görə də Ukraynanın şərqinə girişdi”.
Cənab Kross inanır ki, Qərb Putini lazımınca dəyərləndirə bilməyib və onun 2014-cü il Krım təcavüzündən sonra Qərbin heç bir planı yoxdur. Estoniyalı deputat inanır ki, Obama “hərbi variant masa üstündə deyil deməklə” əslində geri çəkilib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü Qərbin heç cür qulaqardına vura bilməyəcəyi həyəcan təbili olmalıydı.
Kross deyib: “NATO-nun sərhədi qırmızı xətt olmalıdır. İndi bizim Baltikada Almaniya tankları təlim keçir. Bu, böyük dəyişiklikdir və çox mühümdür”.
Onun qənaətinə görə, cənab Putini yalnız hərbi hədə ilə qorxutmaq olar.
“Putin nitq və bəyanatları oxumur, o, gözlə gördüyünü, hərəkəti başa düşür. O, həbsxana kamerasındakı xuliqan kimidir. Gözləyir ki, kameraya yeni gətirilən məhbusa evdən gələn payı əlindən alsın. Məsələ bu qədər bəsitdir” -Kross deyib.bbc.com/azeri