Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlər dindirilib.
Adil Qasımov ifadə verərək təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını deyib: “Yeni Həyat” MMC-nin direktoru olmuşam. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Tikinti üçün 80 min manat ayrılmışdı, 40%-ni Aztelekomun işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarırdım. Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik”.
Təqsirləndirilən Oqtay Rüstəmov deyib ki, A.Qasımov bütün işləri Vidadi Zeynalovla həll edib.
A.Qasımovun istintaqa ifadəsi elan olunub, orada Oqtay Rüstəmovu tanıdığını, geri qaytardığı məbləği ona çatdırıldığını deyib. A.Qasımov məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirib.
Poçtdaşıma mərkəzinin rəisi Fikrət Vəliyev hazırda həbsdə olan vəzifəli şəxsləri işgüzar münasibətdə tanıdığını deyib.
BTRİB-in baş direktor müavini Əhməd Mehdiyev deyib ki, Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib: “Müqavilə özəl şirkətlərlə bağlanmışdı, amma onlar çatdıra bilmirdi deyə qovşaqlara tapşırmışdıq. Şirkətlər Bayram müəllimin idi. Bizə siyahı verilirdi, onlarla işləməli olduğumuz tapşırılırdı”.
Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunub: “Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, qalanını öz cibimizdən ödədik”.
“Optik Rabitə Tikinti” MMC-nin mühəndisi Ələddin Quliyev rayonlarda kabel çəkilişləri ilə məşğul olduqlarını deyib.
Təqsirləndirilən Namazalı Məmmədovun bacısı oğlu Rəşad Məmmədov istintaqa ifadəsini təsdiq etdiyini, “Optik Tikinti Montaj” MMC-nin rəhbəri olduğunu deyib.
“Qafqaz-S İnşaat” MMC-nin rəhbəri Qorxmaz Həziyev deyib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar: “Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədəri gəlir olub bilmirəm”.
V.Zeynalovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran Q.Həziyev Elçin İbrahimovla dost olduğunu deyib: “Hamı bilir ki, Elçin rabitə naziri Əli Abbasovun qaynıdır. Elçinə usta, texnika lazım olanda mənə deyirdi, göndərirdim. Onun şirkətə heç bir aidiyyatı yox idi”.
C.Yusifov ayrılan pulların əksəriyyətinin həmin şirkətə ödənildiyini deyib.
Vidadi Zeynalov “Qafqaz-S İnşaat” MMC-yə pulların göndərilməsinə nazirin göstərişi ilə özünün nəzarət etdiyini deyib: “Şişirdilmiş rəqəmlər özlərinə aiddir. Bizə nə qədər deyilirdisə,o qədər göndərirdik”.
“Optik Rabitə Tikinti” MMC-nin təsərrüfat şöbəsinin rəisi İlyas Tağıyev pulların şirkətin hesabına köçürülməsi və çıxarılaraq nəyə xərclənməsi barədə danışıb.
Prosesdə fasilə elan olunub.