“PROQRAM NAMİQ”İN HƏBSİ və “AKULA AKİF”İN ƏMƏLLƏRİ – Bakıda toya maskalıların basqını

0
805

Hazırda həbsdə olan şirkət rəhbərinin başına film kimi hadisə gəlib. MTN-çilərin, xüsusilə də general Akif Çovdarovun əməllərindən zərər çəkən olduğunu deyən İlham Qasımov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il azadlıqdan məhrum edilib. O, dələduzluqda təqsirli bilinərək həbs edilib. Ancaq o, mətbuatın gündəminə daha çox “Çovdarovun qurbanı” kimi gəlib.

“Real” MTK-nın rəhbəri olmuş İlham Qasımovun istintaqa ifadəsi zamanı danışdıqları Hollivud filmlərini xatırladır. Onun əvvəlcə qardaşını, sonra oğlunu, ardınca isə toya gələn qonaqlarını qara maskalılar aparıb…

İlham Qasımov kimdir?

“Real” mənzil-tikinti kooperativinin həmtəsisçisi olan İlham Qasımov 2004-cü ildən inşaat sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qardaşı İslam isə həmin MTK-nın icraçı direktoru, Tahir Mirzəyev isə satış üzrə meneceri olub. İ.Qasımov haqda mətbuatda kifayət qədər məlumatlar yer alıb. O, daha çox mənzil alan müştərilərlə arasında yaranan problemlərlə yadda qalıb.

İş adamı ilk dəfə MTN-çilərlə 2007-ci ildə yaxından “tanış” olub. İ.Qasımovun istintaqa dediyinə görə, həmin il tanımadığı bir nəfər ona zəng edərək “qardaşın İslamla Tahir MTN-dədir, Akif Çovdarov sizi çağırır” deyib. Bununla da əvəllər tanımadığı Çovdarovla tanışlıq başlayıb.

“Qardaşına “podval”da tok veriləndə biləcəksən”

Onun dediyinə görə, Çovdarov qardaşının dollarla ev alqı-satqısı etdiyini deyib və buna görə həbs ediləcəyini bildirib. Çovdarovla ilk görüşündə “qardaşına “podval”da tok veriləndə biləcəksən. Əgər buraxılmasını istəyirsənsə, 500.000 dollar verməlisən” təhdidi alan Qasımov tikintiyə yeni başladığını, bu qədər pulunun olmadığını deyib və vaxt verilməsini istəyib.

Çovdarovla uzun danışıqdan sonra 250 min dollara razılaşıblar. Qasımov elə MTN-dən rəhbəri olduğu MTK-ya zəng edərək kassasından 250 min dollar gətirilməsini istəyib. Pulu ödəyəndən sonra onları MTN-dən buraxıblar.

Mahmudovun dostuna “atmağın” cəzası…

covdarov eldar

Qasımov deyib ki, MTN-çilər növbəti dəfə 2009-cu ilin qışında MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisinə gələrək onu və şirkətin sənədlərini aparıblar. MTN-də Çovdarov ona qəzəbli şəkildə deyib ki, Rauf adlı şəxsə 150 min atmısan. Çovdarovun dediyinə görə, Rauf Eldar Mahmudovun yaxın dostudur, nazirin otağında çay içir. Qasımov Rauf adlı şəxsi tanımadığını desə də xeyri olmayıb. Çovdarov bu dəfə işin yoluna qoyulması üçün Rauf adlı şəxsin pulunu – 150 mini, 100 min də öz payını istəyib. Qasımov istintaqa deyib ki, Çovdarovun bu dediyi ilə də razılaşıb və növbəti dəfə MTN-ə gəlib və pulu orada Çovdarova verib.

Qasımovun MTN sərgüzəştləri bununla bitməyib. Dediyinə görə, 2011-ci ildə özünə məxsus “Real” MMC-nin mal satdığı şirkətlərdən biri məhsulların xarab olması ilə bağlı DİN-ə şikayət edib. Bu şikayət araşdırılıb, dəymiş zərər ödənilib və tərəflər arasında razılaşma əldə olunub. Bu işdən MTN də xəbər tutub. Akif Çovdarov Qasımova zəng edib “səndən şikayət var, gəl təcili MTN-ə” deyib. Eyni qaydada hədə-qorxu gələn Çovdarov bu işə görə də Qasımovdan 200 min alıb.

Növbəti hədəf Qasımovun oğlu…

Qasımov ifadəsində göstərib ki, 2015-ci ilin sentyabrında həyat yoldaşı Arifə Qasımovaya zəng edərək bir neçə silahlı şəxsin evin qarşısında oğlu Nurlanı apardıqlarını deyib.

Bundan sonra Qasımova zəng gəlir: “Çovdarov deyir ki, Nurlan bizdədir. Gəlsin yanıma”. İş adamı deyir ki, Çovdarovun oğlunun narkotikdən istifadə etdiyini deyib və 300 min tələb edib. Ancaq sonradan ürəyi yumşalan Çovdarov ondan 50 min alıb.

Daha maraqlı hadisə isə restoranda- İlham Qasımovun bacısı oğlunun toy məclisində baş verib.

“Sofiya”dakı əməliyyat…

mtn emeliyyat

2015-ci ilin 14 sentyabrında “Sofıya” şadlıq sarayında toy mərasimində Qasımovun dostları Tofıq İbrahimov və Namiq Orucov da iştirak edib. Qasımovun dediyinə görə, Tofıq İbrahimov Moskvada bizneslə məşğul olur və Rusiya vətəndaşıdır.

sofiya restoran

Qasımov toy günü yaşananları belə danışıb: “Saat 22 radələrində şadlıq evinin birinci mərtəbəsində səs-küy eşitdim. Çoxlu sayda MTN əməkdaşları əllərində silah Namiqin qollarını burub yerə uzatmışdı. Döyüb, sonra qoluna qandal vurdular. Tofiqin isə şadlıq sarayının qarşısnda olan maşınını və sürücüsü Gülağanı MTN-ə apardılar. Sonra Tofiq dostu Akif Mustafayevə zəng etdi”.

“Akula Akif” kimdir?

Qeyd edək ki, Akif Mustafayev “Akula Akif” ləqəbi ilə tanınıb. O, MTN rəhbərliyinə imkanlı şəxslər, sahibkarlar barəsində məlumat ötürürmüş. Bunun qarşılığında da öz payını alırmış. MTN əməliyyatlarından sonra ölkədən qaçan “Akula Akif”in hazırda Barselonada olduğu bildirilir.

“Akula Akif” bu işdə “vasitəçi” kimi özünü göstərib. Tofiq adlı biznesmendən MTN 1 milyon dollar istəyib. Sürücüsünü, avtomobilini buraxmaq və özünü həbs etməmək üçün. “Akula Akif” bu işi 300 minə həll edəcəyini deyib. Belə də olub. Tofiqin sürücüsünü və maşınını MTN-dən çıxarıblar. Sonradan məlum olub ki, MTN tutduğu digər Namiq Orucov adlı şəxsdən də 100 min dollar alıblar.

İstintaq zamanı İlham Qasımov və Akif Çovdarov üzləşdirilib. Qasımov dediklərini təkrar etsə də, Çovdarov bütün bunları inkar edib.

“Proqram Namiq” kimdir?

namiq akif mtn

Restorandakı əməliyyat zamanı saxlanılan Namiq Orucov ifadəsində göstərib ki, 1989-2003-cü illərdə polis orqanlarında çalışıb. Sonuncu iş yeri Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi olub. 2003-cü ildə öz xahişi əsasında polis orqanlarından xaric olunub. 2005- dən bizneslə məşğul olduğunu deyən N.Orucov Bakıda obyektinin, Dubayda “Renta car” şirkətinin olduğunu, İlham Qasımovla da şərik olaraq iş gördüklərini deyib.

“Mahmudov nazir olandan sonra qəfildən pullandı”

eldar akif

“Akula Akif” haqda danışan N.Orucov deyib ki, Akif Mustafayevi məclislərdə tanıyıb və o, özünü Eldar Mahmudovun yaxın dostu kimi təqdim edirmiş.

“Əvvəllər çox kasıb idi. Mahmudov nazir olandan sonra qəfildən pullandı. MTN-də vəzifəyə adam düzəldirdi. MTN-lə bağlı hadisələrdən sonra bildik ki, bizimlə bağlı məlumatları nazirliyə o çatdırıb. İlhamın bacısı oğlunun toyunda foyedə olanda maskalı şəxslər içəri girdi. Məni döyə-döyə yerə yıxıb, əlimi qandalladılar. Ağ rəngli maşınla MTN-ə apardılar. Orda Çovdarov məni görən kimi söyüş söydü. Yumruqla sağ qabırğamın üstündən vuraraq dedi ki, “aparın bunları salın içəri, narkotik alverçiləridir”. 1 milyon istədilər. Sonra 100 minə razılaşdıq. Toyda olanda cibimdə 8200 dollar var idi. Pulu da, saatı da MTN əməkdaşları götürdülər. Puldan 5200-nü və saatı qaytardılar. 3 min dolları vermədilər”- deyə N.Orucov ifadəsinə əlavə edib.

Namiq Orucov onu da deyib ki, Çovdarovun həbsindən sonra “Akula Akif” Barselonadan ona zəng edərək prokurorluqda onun adını çəkməməsini xahiş edib.

MTN-çilər səhv adamı qandallayıblar

İstintaqa restorandan aparılan sürücü Gülağa Quliyev də ifadə verib. Onun ifadəsindən məlum olub ki, MTN-çilər onu yox, sürücüsü olduğu Tofiq İbrahimovu tutmaq istəyirmişlər.

Gülağa ifadəsində deyib ki, onu döyərək maşına mindirib MTN-ə aparıblar. Orada onu görən vəzifəli şəxslərdən biri əsəbləşərək əlini masaya vurub və səhv adamı gətirdiklərini deyib.

İş üzrə şahid qismində restorandakı əməliyyata rəhbərlik edən MTN əməkdaşı Vüqar Muxtarov da dindirilib. O, iş adamı İlham Qasımovun oğlu Nurlanı tanıdığını, əməliyyat məlumatı alaraq onun narkotik vasitədən istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu söyləyib. Ancaq onu saxlayarkən üzərindən narkotik vasitə çıxmadığını və sonradan da satışı ilə məşğul olduğunu sübut edə bilmədiklərini deyib.

“Namiq imkanlı şəxslərə eyş-işrət məclisləri təşkil edirdi”

Vüqar Muxtarov saxlanılanlardan Namiq Orucov haqda da danışıb. O, deyib ki, 2015-ci ilin aprel ayında “Proqram Namiq” ləqəbli Namiq Orucovun narkotik vasitə olan kokainin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alıblar.

“Həm də müəyyən edildi ki, Namiqin əsas işi imkanlı şəxslərə eyş-işrət məclisləri təşkil etmək, həmin məclislərə qadın müğənni və artistləri dəvət etmək, imkanlı şəxslərə kokain sifariş etmək və gətirməkdən ibarətdir. O da məlum oldu ki, Namiq polis orqanlarında çalışıb, amma sonradan narkotikdən istifadə etdiyi üçün sistemdən qovulub. “Sofiya” şadlıq sarayındakı toy məclisinə Namiq Orucov Ağa adlı şəxsi çağırıb kokain gətirməsi üçün pul verdi. Ağa həmin pula kokain alaraq Namiq Orucovun yanına qayıdanda həmin şəxslər tərəfimizdən saxlanıldı. Namiq MTN əməkdaşlarını görəndə kokaini kənara atdı”- deyə MTN əməkdaşı söyləyib.

Vüqar Muxtarov deyib ki, saxlanılan şəxlsər Akif Çovdarovun göstərişi ilə sərbəst buraxılıblar.

MTN əməkdaşının dediyinə görə “Proqram” ləqəbli Namiq Orucov onlarla işləməyə, kokain satdığı adamların adını deməyə razı olub və bildirib ki, təxminən bir həftə əvvəl “Asiman” restoranında İlham Qasımov və Nizami adlı şəxsələrə kokain verib. Bunu deməkdə məqsədi isə sərbəst buraxılmasını istmək olub.(musavat.vom)

BIR CAVAB BURAXIN