Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
APA-nın xəbərinə görə, qurultayda təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.
Prezidentin Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geni
ş imkanlar açılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, mətbuat – hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.
Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin I qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış edib. Mətbuat Şurası dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.