Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 24-də Gürcüstanda işgüzar səfərdə oldu.
Əlbəttə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək bu səfər bölgədəki proseslərə, təhlükəsizlik məsələlərinə də öz təsirini göstərəcək. Məsələ burasındadır ki, Gürcüstan və Azərbaycan xalqları əsrlər boyu bir-birləri ilə dostluq əlaqələri quraraq qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar və bu gün bu münasibətlərin iki dövlət arasında strateji tərəfdaşlığın davamı olaraq müttəfiqlik səviyyəsinə qalxması təbiidir. Üstəlik, müstəqillik dönəmində Azərbaycan və Gürcüstan həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir-birini dəstəkləyir, nəinki ölkələrimiz, eyni zamanda bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyəti olan birgə layihələri uğurla reallaşdırırlar.
Bu gün Azərbaycanın mühüm məqsədlərindən biri də təklif etdiyi 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq, bununla da Cənubi Qafqazda sülh, əməkdaşlıq üçün imkanlar yaratmaqdır. Ölkəmiz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa da hazırdır.
Şübhəsiz ki, sülh müqaviləsi olarsa bölgəmizin inkişafı daha da sürətlənər. Bunu belə bir faktdan da görmək olar ki, bu ilin 9 ayında təkcə Gürcüstanla qarşılıqlı ticarət dövriyyəmiz 1 milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə hər iki tərəfin maraqlarına cavab verir. Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını 2 dəfə artıracaq, 2027-ci ildə təkcə Avropaya qaz ixracatını 20 milyard kubmetrə çatdıracaq, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə də ixrac artırılacaq.
Ölkəmiz öz elektrik enerjisini dünya bazarlarına Gürcüstan istiqamətindən ixrac etməyi ən uğurlu variant sayır və növbəti illərdə ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq edəcək, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdıra biləcəklər. Digər tərəfdən, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əksinə ötürülən yüklərin həcmini artırmaq yeni reallıq yaradır.
Ümumiyyətlə, Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalı, birgə layihələr eyni vaxtda tamamlanmalı, enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq həm də öz milli maraqlarını təmin etməlidirlər edəcəklər.
İsaməddin Əhmədov-Zərdab rayon “Əkinçi” qəzetinin redaktoru