Prezident: “Azərbaycan Avropa Şurasını tərk etsə, həyatımızda heç nə dəyişməyəcək”

0
585

“Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil”.

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

 

Dövlət başçısı qeyd edib ki, bunun bir neçə səbəbi var: “Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.

 

Prezident bildirib ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər: “Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik. Avropa təsisatlarına gəldikdə, bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur”.

 

BIR CAVAB BURAXIN