Politoloqdan İrana sərt sözlər: “Ruhaninin erməni həmkarına…”

0
705

Hələ işğalçı ölkənin baş naziri olarkən ABŞ-a səfər edən Serj Sərkisyan erməni diasporu ilə görüşdə Ermənistanı xristianlığın şərqdə “ən son qalası” adlandırmışdı.

 

Publika.az xəbər verir ki, bu fikirlər Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri politoloq Mübariz Əhmədoğluna məxsusdur.

 

Onun sözlərinə görə, əslində, bu, S.Sərkisyanın prezident olarkən prioritetlərini açıqlaması, özünü xristian idealları uğrunda mübariz kimi qələmə vermək istəməsindən irəli gəlirdi: “Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi başladığı ilk illərdən Ermənistan xristian ölkələrində bu müharibəyə dini münaqişə donu geyindirməyə, xristian-müsəlman qarşıdurması  kimi təqdim etməyə can atıb. Bəzi radikal xristian klubları, Böyük Britaniya Lordlar Palatasının üzvü, baronessa Koks kimi islamofob siyasi xadimlər bütün bu illər ərzində məhz Ermənistan ideoloqlarının hazırladığı, “əzabkeş xristian xalqı” haqda mifi Qərbdə tirajlamaqla məşğul olublar. Eyni zamanda “ən qədim xristian xalqı”na maddi və hərbi yardım kampaniyaları da bəzən açıq xarakter alır.

S.Sərkisyan və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Avropa dövlət rəsmiləri ilə görüşdə özlərini müsəlman dövlətlərinin əhatəsində göstərir, bunu çox riskli hal kimi təqdim edirlər. Ermənistan rəhbərliyi iddia edir ki, onlar bu çətin coğrafi vəziyyətdə xristian dəyərlərini müdafiə edirlər. Eyni zamanda Ermənistan rəsmiləri öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Qəribə olan isə bu cəhdlərinin kifayət qədər “uğurlu” nəticələr əldə etməsidir.

Azərbaycan ərazisində 1 milyondan çox müsəlman –şiənin doğma yurd yuvasından didərgin salmış, müsəlman-şiə torpaqlarını işğal etmiş Ermənistanın xarici işlər nazirinin Tehranda xüsusi isti qəbula layiq bilinməsini, Həsən Ruhaninin erməni həmkarına İrəvana səfər edəcəyi barədə vəd verməsini təsadüfi saymırıq”.

 

Politoloq deyib ki, Azərbaycan tərəfi həmişə beynəlxalq hüquqa, sivil dünyanın qaydalarına əsaslanaraq öz ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqlarının azad olunmasına çalışır: “Bu zaman daha çox “işğalçını sülhə məcbur etmə” taktikası yürüdülür. Azərbaycan qonşu dövlətlərin, o cümlədən qonşu və dindaş İranın da beynəlxalq hüquqa sahib çıxacağını gözləyir. İslam Əməkdaşlıq Təşkilatı artıq dəfələrlə Ermənistanın təcavüzünü pisləyən qətnamələr qəbul edib, Dağlıq Qarabağın işğaldan azad edilməsinin Qüds problemi qədər İslam dünyasının ən ümdə problemlərindən biri kimi sübuta yetirib. Sözügedən qətnamələrdə Azərbaycanın işğal edilmiş ərazilərində tarixi dini abidlərin, məscidlərin, məzarlıqların darmadağın edilməsi faktı nəzərə çatdırılır, İƏT-ə üzv ölkələri Ermənistanla iqtisadi əlaqələrə son qoymağa çağırılır. Ermənilər tərəfindən törədilən vandalizm aktları ATƏT-in bölgəyə göndərdiyi faktaraşdırıcı missiyasının hesabatında da öz əksini tapmışdır. Yada salmağı vacib bilirəm: bu dini abidlər hər hansı başqa dinə aid deyil, məhz İslama, həm də İranda rəsmi dini doktrina sayılan şiə məzhəbinə mənsubdur. Lap yaxınlarda Qarabağın ən böyük şiə dini abidələrindən olan Ağdam məscidinin ermənilər tərəfindən hərbi qərargaha çevrilməsi haqda xəbər İranda nədənsə sükutla qəbul edildi. 1992-ci ildə Qarabağın incisi Şuşadakı Gövhərağa məscidinin talan edilməsi də beləcə sükutla qarşılanmışdı. Fələstindəki, Suriyadakı dini abidlərin taleyinə həssaslıq göstərən, Zeynəbiyyəni qorumaq üçün aşıq savaşa girməkdən çəkinməyən İran əhalisinin etnik və məzhəbi kimliyi onunla eyni olan qonşu ölkədəki abidələrin “xristian həməryliyi” adı altında dağıdılmasına niyə belə biganədir?

 

Axı, İran özünü həmişə müsəlman həmrəyliyinin tərəfdarı, sevimli terminləri ilə desək, “müstəzəafın müdafiəçisi” olaraq təqdim edir. Bəlkə Dağlıq Qarabağın işğalı nəticəsində yurd-yuvasından olmuş, zülmə məruz qalmış 1 milyondan çox şiə İran üçün geosiyasi maraqlar naminə qurban edilə bilər?

 

Təəssüf ki, müsəlman həmrəyliyinin qızğın tərəfdarı İran müstəqillik illərində Ermənistana 2 milyard dollar məbləğində yardım edib. Bu, ABŞ-ın etdiyi yardımla müqayisə oluna bilər.

 

Ermənistanın hər üç prezidenti bir neçə dəfə İranın xilaskar rolunu qeyd ediblər. Sonuncu dəfə 2008-ci ilin avqust hadisələri zamanı İran Ermənistana yanacaq və ərzaqla yardım etməsəydi, Ermənistan dövlət olaraq çox çətin duruma düşəcəkdi. Belə ki, Gürcüstan yolu bağlı idi.

 

Beləliklə, anlaşılmaz bir durum yaranır: Azərbaycan İranı beynəlxalq təcriddən, təzyiqlərdən xilas etmək naminə mümkün olan risklərə nəzərə alaraq addımlar atır,  İslam dünyasının əsas qurumu olan İƏT-in rolunun gücləndirilməsi, müsəlman həmrəyliyinin artırılması, müsəlman sivilizasiyasının qorunması  üçün addımlar atır , islamafobiyaya qarşı beynəlxalq səviyyədə mübarizənin ən ön sıralarında yer alır,  ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını reallaşdırmaq üçün İrana kreditlər təklif edir, onun təkidi ilə hətta Ermənistanın işğalı altında olan ərazisində Xudafərin su elektrik stansiyasının tikintisinə razılıq verir,  qarışlığında isə açıq şəkildə işğalçıya dəstək faktı ilə üz-üzə qalır. Belə halda Azərbaycan öz əməkdaşlıq formatlarını yenidən nəzərdən keçirməyə, məhz müsəlman –şiə həmrəyliyi naminə ehtiyatlılıq göstərdiyi yeni əməkdaşlıq formatlarını reallaşdırmağa haqlıdır”.

 

BIR CAVAB BURAXIN