Moskvanın cənub-şərqində naməlum şəxsin fabrik binasına atəş açması nəticəsində bir nəfər həlak olub. Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, hadisə Moskvanın İlovaysk küçəsində sahibkarlıq subyektləri arasında münaqişə zəminində baş verib.
Məlumata görə, tərəflərdən biri fabrik binasına atəş açıb, daha sonra isə bir neçə nəfəri girov götürüb. Polis tərəfindən ərazi mühasirəyə alınıb.
Hazırda şübhəli şəxslə əlaqə qurulması üçün yollar axtarılır.
***
Rusiya mətbuatı atəş açan şəxsin adını açıqlayıb.
Həmin şəxs fabrikin keçmiş rəhbəri və baş direktoru İlya Averyanovdur.
Moskvanın “Menşevik” fabrikinin keçmiş sahibi olan İlya Averyanov müəssisənin onun əlindən alındığını və qəsdən məhv edildiyini bildirib.
“Mən direktoram. Saxta sənədlərlə fabriki əlimdən alıb, məni müflis etdilər. Mənim 8 uşağım var. Dörd ildir mübarizə aparıram. Bax belə olub hər şey. Məni burada artıq xüsusi təynatlılar mühasirəyə alıb”, – şübhəli bildirib.
Moskva-24 telekanalına verdiyi açıqlamasında həmin şəxs bildirib ki, onun özünə də atəş açıblar. Hazırda fabrikə giriş-çıxışlar bağlanıb. Polis girovların azad edilməsi üçün əməliyyata hazırlaşır.
Qeyd olunur ki, hadisənin baş verdiyi “Menşevik” qənnadı fabriki bankrot olub, məhkəmə fabrikin müflis olması ilə bağlı yanvarın 18-də proses keçirəcək. Bankrot olunmaq haqda müraciəti Şəmsəddin Rəcəbov adlı şəxs təqdim edib. Onun vəzifəsi bilinmir.
Polis şübhəlinin hazırda zavodun ətrafında hərəkət etdiyini və həbsə aktiv şəkildə müqavimət göstərdiyini bildirib.