Əfsanə Qurbanova
ƏFSANƏYƏ BƏNZƏYİR
Qəribədir bu həyat,
Hökmü verir hər saat.
Mənasızdı kainat,
Əfsanəyə bənzəyir.
***
Qanadsız arzularım,
Yığılan suallarım.
Dolaşıq xəyallarım,
Əfsanəyə bənzəyir.
***
Ötüb keçən illərim,
Boynun bükən güllərim.
Xəyali ümidlərim,
Əfsanəyə bənzəyir.
***
Yarım qalan piyalə,
Köksü qaralan lalə.
Eşitdiyin o nalə,
Əfsanəyə bənzəyir.
OXŞAYIRSAN
Hərdənbir təsəllin ilə,
Ovudana oxşayırsan.
Alovlanan ürəyimi,
Soyudana oxşayırsan.
***
Bəzən gözlərimin gözün,
Açırsan, arx açan kimi.
Hərdən də bağlayıb arxı,
Qurudana oxşayırsan.
***
Birdən çılğın sevgi ilə,
Eşqi gətirirsən dilə.
Əfsanəni niyə belə,
Unudana oxşayırsan?
OLMUR
Dərd düyünü var məndə,
Xumar gözlərim nəmdə.
Söz gizlənir sinəmdə,
Yazmaq da olmur.
***
İtirdim sağı, solu,
Bu yol tikanla dolu.
İstədim azam yolu,
Azmaq da olmur.
***
Bəmə düşüb avazım,
Düşündüm bir söz yazım.
Fələyə quyu qazım,
Qazmaq da olmur.
ƏFSANƏYƏM
Həyat yolu çaş-baş edib,
Həyatıma biganəyəm.
Zaman ələkdən keçirib,
Dərviş kimi divanəyəm.
***
Hanı ağ yol, hanı işıq?
Görən işıqda biz varıq?
Dolandım şama mən yazıq,
Elə bil ki, pərvanəyəm.
***
Dəryadan damla götürən,
Sevinc əkib, qəm bitirən.
Bütün ümidin itirən,
Nağıl kimi Əfsanəyəm.
SEVİRƏM E…
Səni elə-belə deyil,
Bilə-bilə sevirəm e…
Silib nəmli gözlərimi,
Gülə-gülə sevirəm e…
***
Tut, sığalla əllərimi,
Külək vuran tellərimi.
Sənlə bütün dərdlərimi,
Bölə-bölə sevirəm e…
***
Keçirirəm ələyimdən,
Söz yoruldu gileyimdən.
Tənhalığı ürəyimdən,
Silə-silə sevirəm e…
***
Son qoyuram göz yaşıma,
Sevgi yazdım eşq daşıma.
Hopmusan bu yaddaşıma,
Gülə-gülə sevirəm e…
Hazırladı İsa Rəvan