Petrosyana Bakı ilə sazişə imkan vermədilər

0
658

Kreml Cənubi Qafqazda çox həyasız siyasət yerinə yetirir. Moskva Dağlıq Qarabağda sülh yaradılmasında maraqlı deyil. Rusiya münaqişə zonasındakı gərginlikdən (müharibədən yox, gərginlikdən) Cənubi Qafqaza maksimum şəkildə təsir göstərmək üçün istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Özbəkistan və Ukraynadakı keçmiş səfiri Con Herbst danışıb.

Herbtsin fikrincə, Moskvanın Cənubi Qafqazda siyasətinin mahiyyəti Rusiyanı İrəvan və Bakı üçün vacib və əvəzsiz ölkəyə çevirməkdir.

“Rusiya Ermənistana silah yardımı göstərmək və məsələn, Türkiyənin hücumuna qarşı təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməklə özünün həyati vacib ölkə olduğunu göstərməyə çalışır. Ermənistanın Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyünü pozmasına icazə vermək və eyni zamanda, Bakıya silah satmaqla Rusiya Azərbaycan üçün də həyati əhəmiyyətli ölkə rolunu oynamağa çalışır”.

Amerikalı diplomat hesab edir ki, Birləşmiş Ştatlar heç zaman münaqişənin həlli üçün lazımı diqqəti göstərməyib və Rusiyanın bu məsələdəki daha vacib rolunu qəbul etməsi də bu baxımdan təəccüblü deyil. Münaqişə tərəflərinə təsir etmək qabiliyyəti olan yeganə ölkə kimi Rusiya öz növbəsində vəziyyətə nəzarət etmək istəyir. Rusiya bölgədə gərginlik olmasının tərəfdarıdır, ancaq müharibə istəmir.

Herbts əvvəlki administrasiyalarda olduğu kimi, Tramp hakimiyyətinin də məsələnin həllində uğur qazana bilməyəcəyini bildirib:

“20 il əvvəl Dövlət Departamentində belə məsələlər üzərində çalışarkən Ermənistanın prezidenti çox ciddi dövlət xadimi Ter-Petrosyan idi və hesab edirəm ki, o, həqiqətən sülh müqaviləsinə nail olmaq istəyirdi. Ermənistanın radikal qüvvələri və diaspordakı radikallar ona Azərbaycanla saziş imzalamağa imkan vermədilər və onu öz postunu tərk etməyə məcbur etdilər. Hesab edirəm ki, bu, çox kədərli bir faktdır”.

Sonda amerikalı diplomat ermənilərin Dağlıq Qarabağ münaqişəsində radikal mövqe nümayiş etdirməklə özlərini olduqca xoşagəlməz bir reallıqla üzləşdirməsinə və gələcəklərini məhdudlaşdırmasına təəssüf etdiyini bildirib.

BIR CAVAB BURAXIN