Vatikan Roma Papası Fransiskin Azərbaycana və Gürcüstana bu ilin payızında baş tutacaq səfərinin proqramını açıqlayıb.
Virtualaz.org xəbər verir ki, proqrama əsasən səfər sentyabrın 30-dan oktyabrın 2-nə qədər davam edəcək. Fransisk Gürcüstanda iki gün qalacaq, o, prezident Georgi Marqvelaşvili, bütün Gürcüstan katolikosu İlya II, yerli katolik icmasının nümayəndələri ilə görüşəcək.
Katoliklərin dini lideri səfəri zamanı Tiflisin Mixail Mesxi adına stadionunda kütləvi dua mərasimi keçirəcək. Habelə Mtsxetedəki qədim kafedral məbədinə baş çəkəcək.
Bazar günü, oktyabrın 2-də Roma Papası Tiflisdən Bakıya gələcək, onun səfəri Bakıda Müqəddəs Məryəm kilsəsində dini ayinlə başlayacaq. Daha sonra pontifik prezident İlham Əliyevlə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, rus provaslav kilsəsinin və yəhudi icmasının rəhbərliliyi ilə görüşəcək. Həmin gün axşam Papa Bakını tərk edəcək.
Xatırladaq ki, Papa Fransiks iyunun sonlarında Ermənistanda üçgünlük səfərdə olub.