Pakistan mətbuatı: “Mehriban Əliyeva: qəhrəman müsəlman lider”

0
646
Pakistanın tanınmış “Daily Times” qəzetində və qəzetin internet saytında jurnalist Afşan Malikin “Mehriban Əliyeva: qəhrəman müsəlman lider” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalədə Azərbaycanın birinci xanımı, Azərbaycan və müasir İslam aləminin fəal ictimai-siyasi xadimi Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edildiyi zaman bir çox insanın onun həyatı haqqında maraqlandığı qeyd olunmuşdur. Vurğulanmışdır ki, Mehriban xanım Əliyeva Qərb və Şərq mədəniyyətinin möhtəşəm sintezinin simvolu kimi İslam dünyasının qadınları üçün ilham mənbəyi olmuşdur. Mədəniyyət və incəsənətin təbliğində əsas simalardan olaraq, o, islami və insani dəyərlərin qorunmasına daim öz əhəmiyyətli töhfəsini vermişdir. 1995-ci ildə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu müxtəlif tədbirlər və nəşrlər vasitəsilə Azərbaycanın mədəni sərvətlərinin təbliğ edilməsində mühüm rol oynamışdır. Özünəməxsus aydın vətəndaş mövqeyi olan bu xanım lider Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi siyasi həyatda mühüm rol oynayır.
Jurnalist Mehriban xanım Əliyevanın rəhbərliyi altında 2004-cü ildə təsis olunan Heydər Əliyev Fondunun Azərbaycanın müxtəlif yerlərində yeni xəstəxanaların, məktəblərin və kolleclərin inşaatında əhəmiyyətli rol oynadığını qeyd emişdir.
Məqalədə Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü işlərdən bəhs olunaraq, onun Azərbaycanın ənənəvi klassik musiqisi olan muğamın qorunması üçün tədbirlər həyata keçirdiyi, eləcə də müxtəlif etiqadlar arasında tolerantlıq, harmoniya və dinc birgəyaşayışın vətəni olan Azərbaycanda çoxsaylı məscidlər, kilsələr və digər məbədlər inşa etdirdiyi oxucuların nəzərinə çatdırılmışdır.
Müəllif Bakı-2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi tərəfindən Avropada idmanın inkişafında xüsusi xidmətlərinə görə Komitənin ən yüksək mükafatı – “Yüksək Orden” ilə təltif olunduğunu vurğulamışdır.
Məqalədə bildirilmişdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2017-ci ildə Bakıda təşkil olunan tədbir müsəlman ölkələri arasında dostluğun gücləndirilməsi baxımından mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. O, Azərbaycanın İslam aləmində oynadığı önəmli rolunu qeyd edərək – “Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən qürur duyuruq. İslam sülh və mərhəmət dinidir.”-deyə bəyan etmişdir.
Müəllif qeyd etmişdir ki, Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlamış, Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilmişdir.
Müəllif Birinci xanım Mehriban Əliyevanın Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə layihələr həyata keçirməsindən bəhs etmişdir.
Məqalədə vurğulanmışdır ki, xanım Mehriban Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana dair səmimi münasibətinin təzahürüdür. Həyatın müxtəlif sahələrindəki roluna və fəaliyyətinə görə, o, Fransanın “Şərəf Legionu” ordeni, Küveytin “Fəxri diplom”u, Pakistanın “Hilal-e Pakistan” ordeni, Polşanın “Xidmətlər görə” ordeni və Serbiyanın “Sreten” ordeni ilə təltif eilmişdir.
Sonda müəllif doğum günü münasibəti ilə yer üzündə xeyli sayda insana ilham verən xeyriyyəçi müsəlman xanıma – Mehriban Əliyevaya möhkəm can sağlığı, xoşbəxtlik və nəcib fəaliyyətində uğurlar diləmişdir.

BIR CAVAB BURAXIN