Ilahi, bilirəm o, sənin mənə,
İlahi hədiyyən, əmanətindir.
İçimə, çölümə düyünlər düşüb,
İncini qorumaq mənə çətindir.
Uzanır üstünə pislərin əli,
İçində əzilir yaxşın pislərin.
Özüm hiss edirəm gücsüzlüyümü,
Onu hifz eləmir təmiz hisslərim.
Məni hiss eləmir görəsən niyə,
Damarda, ürəkdə, qanda axanım.
Uzaqda canına yanan axtarır,
Yaxında canımı oda yaxanım.
Artıq tab gətirib dözə bilmirəm,
İçimdə, dışımda gedən talana.
Mən, axı, onunçün çıxış yoluyam,
Niyə döndərirsən məni dalana?
Mübariz Məsimoğlu