Özbəkistan prezidenti İslam Kərimov hazırda xəstədir. Hətta onun öldüyünə dair iddialar da irəli sürülür. Onu kimin əvəzləyəcəyi məsələsi isə əsas müzakirə mövzusuna çevrilib.
Publika.az xarici mediaya istinadən İslam Kərimovu əvəzləyəcək mümkün şəxslər haqda kiçik araşdırma aparıb.
Ekspertlərə görə, post Kərimov dövründə Özbəkistanı üç klan idarə edə bilər.
“Səmərqənd klanı”
“Kokand klanı”
“Daşkəsən klanı”
“Səmərqənd klanı”nın şansları daha çox qiymətləndirilir. Ekspertlərə görə, “Kokand klanı” və “Daşkəsən klanı”nın hakimiyyəti ələ keçirmək istəyi olsa da, bu məsələni “Səmərqənd klanı” həll edəcək.
Bu klanın əsas namizədi 2003-cü ildən bu günə qədər baş nazir olan 59 yaşlı Şövkət Mirziyoyevdir. Mirziyoyev prezident ailəsinə yaxın şəxsdir, şəxsi nüfuzu böyükdür.
Lakin Milli Təhlükəsizlik Xidmətinin qüdrətli rəhbəri 72 yaşlı Rüstəm İnoyatov da real namizədlərdən hesab olunur.
Bununla yanaşı, İslam Kərimovun da ölənə qədər hakimiyyət uğrunda mübarizə aparacağı ehtimal olunur.
Qeyd edək ki, post Kərimov dövrü üçün ən real namizəd onun böyük qızı Gülnarə Kərimova ola bilərdi. Lakin 2013-cü ildə onun “qələmi” qırıldı və hazırda xəstə yatağındakı Kərimov öz qızını ev dustaqlığına salıb. Bu baxımdan, Kərimovu kiçik qızı Lola Kərimovanın əvəzləyə biləcəyi haqda da ehtimallar mövcuddur.
Ən maraqlısı isə Kərimovdan sonra Gülnarə Kərimovanın siyasət meydanına çıxa biləcəyi ehtimallarıdır. Bu baş verərsə, yəqin ki, o, ilk növbədə qisas almaqla məşğul olacaq. İlk hədəfi isə onu ev dustaqlığına salan məmurlar və illərdir danışmadığı kiçik bacısı Lola Kərimova ola bilər. Bütün ehtimallar Kərimovdan sonra Özbəkistan hakimiyyətində ciddi çaxnaşmaların ola biləcəyini göstərir.
Ən diqqət çəkən məqam hazırda Kərimovdan sonrakı Özbəkistanın idarə olunması uğrunda üç əsas klan arasında mübarizənin başlanmasıdır. Bu isə istər-istəməz “İslam Kərimov öldümü?” sualını gündəmə gətirir. Rəsmi Daşkənd isə israrla Kərimovun yaşadığını deyir. Ekspertlərə görə İslam Kərimovun vəziyyətinin necə olduğunu sentyabrın 1-də anlamaq mümkün olacaq. Belə ki, həmin gün Özbəkistanın müstəqillik günüdür və Kərimovun 25 il hakimiyyəti dövründə bu mərasimə qatılmadığı vaxt olmayıb.