Özbəkistanda 27 ildən sonra İslam Kərimovsuz ilk prezident seçkisi -ANALİZ

0
722

 

Bu ilin sentyabr ayında İslam Kərimovun vəfat etməsindən sonra Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçirilməsi məsələsi gündəmə gəldi. Bu müstəvidə də ölkə prezidenti vəzifəsini müvəqqəti icra edən Şavkat Mirziyoyevin təklifi ilə parlament tərəfindən dekabrın 4-də prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edildi. Beləliklə, son 27 ildə ilk dəfə Özbəkistanda İslam Kərimovun iştirakı olmadan prezident seçkiləri keçiriləcək. Prezident seçkilərində ölkənin 4 əsas partiyasının (Özbəkistan Xalq Demokratik Partiyası – Hətəmcan Ketmonov, Özbəkistan Sosial-Demokrat Ədalət Partiyası – Nəriman Umarov, Milli Tiklaniş Demokrati Partiyası – Sərvər Otamuradov, Özbəkistan Liberal Demokrat Partiyası -Şavkat Mirziyoyev) namizədi iştirak edəcək.

Prezident kürsüsü uğrunda mübarizə aparan 4 namizəddən daha çox qələbə çalma şansının Şavkat Mirziyoyevin olduğu vurğulanır. Bu da əsassısz deyil. Mirziyoyev ölkəni müvəqqəti icra etdiyi dövrdə özünü demokratiyanı sevən şəxs kimi göstərə bilib. O tutduğu vəzifəsindən istifadə edərək insan hüquqlarının təmin edilməsinə xidmət edən bəzi qərarlar qəbul edib və bununla da Kərimovun dövründəki ölkə daxili sərt siyasi rejimdə müəyyən qədər yumşalmalar özünü göstərib. Şavkat Mirziyoyev İslam Kərimovun xarici siyasətini davam etdirəcəyini, ölkəsinin hərbi bloklara qoşulmayacağını, eyni zamanda MDB dövlətləri ilə münasibətləri daha da inkişaf etdirəcəyini vəd edir. Bu baxımdan qarşıdan gələn prezident seçkilərində Rusiyanın dəstəyini almaq məqsədi ilə Mirziyoyev Putinlə Səmərqənddə keçirdiyi görüş zamanı: “Özbəkistan üçün Rusiya ilə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi həmişə prioritet olub və olmaqda da davam edəcək. Rusiya Özbəkistanın strateji tərəfdaşıdır və bu baxımdan ölkələrimizin daha sıx inteqrasiyasına nail olmaq üçün çoxsaylı tədbirlər həyata keçiriləcək”,-deyib.

Bundan əlavə Mirziyoyev qonşu Tacikistan və Qırğızıstanla da davam edən gərginliyin aradan qaldırılması üçün bəzi addımlar atıb. Bu Bişkek və Düşənbədə razılıqla qarşılanıb. Mirziyoyev eyni zamanda ölkə daxilində korrupsiya ilə mübarizə məqsədi ilə qanun qəbul edilməsinə nail olub. O hazırda müxtəlif səbəblərdən həbsdə olan iş adamları barədə amnistiya elan edib, biznes sahəsində sağlam rəqabət mühitinin yaradılması və bu müstəvidə icra və hüquq-mühafizə orqanları əməkdaşlarının onların fəaliyyətinə qanunsuz müdaxilənin qarşısını alan tədbirləri uğurla həyata keçirib. Eyni zamanda Mirziyoyev siyasi məhbuslardan bəzilərini azad etməklə də Qərbin diqqətini müəyyən qədər özünə cəlb edə bilib. Bir sözlə Şavkat Mirziyoyevin Özbəkistan prezidenti seçilməsi imkanları istər yerli, istərsə də xarici siyasi müşahidəçilər tərəfindən olduqca yüksək qiymətləndirilir.

Özbəkistan prezidentliyinə namizəd digər şəxslərin imkanlarına gəlincə, onların Mirziyoyevlə müqayisədə daha zəifi olduqları ilk baxışdan nəzərə çarpır. Özbəkistan Xalq Demokrat Partiyasının namizədi Hətəmcan Ketmonov seçkiqabağı çıxışlarında prezüdent seçiləcəyi təqdirdə əhalinin işlə tam şəkildə təmin ediləcəyini, 5 milyondan artıq yeni iş yerinin yaradılacağını, vergilərin azaldılacağını, qanunların tam şəkildə işləyəcəyinə, haqsızlıqların aradan qaldırılacağına söz verib.

Sosial-Demokrat Ədalət Partiyasının namizədi Nəriman Umarov da ölkədə ədalətin bərpa ediləcəyini, bazar münasibətlərinin inkişaf etdiriləcəyini, əhalinin azad şəkildə məmur özbaşınalığı olmadan istənilən sahəyə sərmayə qoymasına, onlara bunun üçün dövlət tərəfindən yardım ediləcəyini söyləyib. Milli Tiklaniş Partiyasının namizədi Sərvər Otamuradov isə əsas diqqətin Özbəkistanın bütün sahələr üzrə inkişaf edərək güclü dövlətə çevrilməsini, iqtisadiyyatın sürətlə inkişafını ölkə tarixinin saxtalaşadırılmasına qarşı mübarizə aparacağını latın qrafikalı əlifbaya keçidi təmin edəcəyini söz verib. Hər 3 namizəd Özbəkistanın Rusiya ilə əlaqələri genişləndirəcəyini, hərbi bloklara qoşulmayacaqlarını, yeni iqtisadi və siyasi qurumlara münasibətdə təmkinli siysət yeridəcəklərini bəyan ediblər. Bununla belə bütün hallarda namizədlərin seçkiqabağı platforması göstərib ki, Mirziyoyev rəqibləri ilə müqayisədə daha geniş sahələri əhatə edən proqrama malikdir.

Beləliklə, dekabrın 4-də 21 milyon 435 min seçici Özbəkistanın yeni prezidentini seçmək üçün seçki məntəqələrinə üz tutacaq. Namizədlərin hər hansı biri səslərin 50 faizindən bir az çoxunu toplayacağı təqdirdə o qalib elan ediləcək. Bunun üçünsə səsvermə hüququ olanların ən azı 33 faizinin səsvermədə iştirak etməsi tələb edilir. Özbəkistanda keçiriləcək prezident seçkilərini 80 min yerli 600 beynəlxalq müşahidəçi o cümlədən 20 ölkəni təmsil edən 1,3 min nəfər jurnalist müşahidə edəcək.

Əziz Mustafa

BIR CAVAB BURAXIN