Özbəkistan prezidenti Şavkat Mirziyayev mərhum prezident İslam Karimovun xatirəsinin əbədiləşdirilməsinə çağıran fərman imzalayıb.
Yanvarın 25-də imzalanmış prezident fərmanında deyilir ki, şəhər və kəndlərdəki bir sıra küçələr, zavod-fabriklər, hava limanları və universitetlər 4 ay bundan əvvəl rəhmətə getmiş prezidentin adını daşıyacaq.
İslam Karimovun adını daşıyacaq dövlət müəssisələri arasında Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd beynəlxalq hava limanı, habelə ölkənin şərqindəki Fərqanədə yerləşən İncəsənət Sarayı da var.
Maraqlıdır ki, Asaka şəhərindəki avtomobil yığımı zavodu ABŞ-ın General Motors şirkəti ilə birlikdə müştərək müəssisə olsa da, onun da İslam Karimovun adını daşıyacağı bildirilir.
Mirziyayevin fərmanında habelə Karimovun Səmərqənd şəhərindəki məzarı üzərində xatirə kompleksinin ucaldılacağı qeyd olunur.
Bundan başqa Daşkənd, Səmərqənd və Qaşqadərya şəhərlərində keçmiş liderə heykəllər qoyulacaq.
Karimovun doğulduğu 30 sentyabr xatirə günü elan edilib.
Karimovun vəfat etdiyi 2 sentyabr Birinci Prezidentin Xatirəsi Günü kimi qeyd olunacaq.