90-cı illərin əvvəllərində ermənilər Qarabağda bir-birinin ardınca Azərbaycan kəndlərini və şəhərlərini işğal edəndə, dinc əhaliyə qarşı qətliamlar törədəndə Türkiyənin Bakıya hərbi yardım göstərməməsinin səbəbi prezident Turqut Özalla baş nazir Süleyman Dəmirəl arasında çəkişmələr olub.
Bu haqda Türkiyənin ahaber.com saytı yazır.
Sayt Türkiyədə sabah keçiriləcək referendumda seçicilərin nədən ölkənin prezident üsul-idarəçiliyinə keçməsinə səs verməli olduqlarını əsaslandıraraq, keçmişdə siyasi liderlər və koalision hökumətlər daxilindəki çəkişmələri xatırladır. Bildirilir ki, 1992-ci ildə yenidən siyasət səhnəsinə qayıdan Süleyman Dəmirəl seçkilərdəki ən böyük rəqibi Turqut Özala qarşı intriqa aparırdı. Onların arasındakı çəkişmələr üzündən iqtisadiyyata dair kritik qərarlar verilməyib, təyinatlar gecikdirilib, ölkənin maliyyə sistemi çöküb.
“8-ci prezident Turqut Özalla baş nazir Dəmirəl arasında çəkişmələr Azərbaycan və Ermənistan arasında müharibə zamanı da özünü göstərdi. Özalın bütün səylərinə baxmayaraq, Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl oldu, nəticədə, minlərlə azərbaycanlı ermənilər tərəfindən qətl edildi. Ermənistan qətliamların ardınca Dağlıq Qarabağı işğal etdi”, – sayt yazır.
Virtualaz.org