Orxan Camalı MAR-a kim, niyə göndərib: bir qətlin sensasion təfərrüatları

0
682

Öldürülən jurnalistin yaxın dostu dəhşətli faktlar açıqladı; Həmid Herisçi: “Səfərin məqsədi BMT missiyası əməkdaşı olan “Martin” kod isimli informatordan müsahibə almaq idi…” 

Afrikada qətlə yetirilən hərbi jurnalist, əfsanəvi Heydər Camalın oğlu Orxan Camal haqda mövzu hələ də dünya mediasında ön sıradadır. Azərbaycanın tanınmış tele-jurnalisti, yazıçı Həmid Herisçi Camal ailəsi ilə yaxından dostdur. O, mərhum Heydər Camal və onun oğlu Orxan Camalla yaxın münasibətləri olmuş azsaylı azərbaycanlılardandır. Bu günlərdə Həmid Herisçi Moskvada olub, Orxan Camalın dəfnində iştirak edərək Bakıya qayıdıb. Musavat.com onu redaksiyaya dəvət edib və danışdırıb:

– Həmid bəy, Mərkəzi Afrika Respublikasında törədilmiş amansız, ağlasığmaz cinayət nəticəsində Rusiya Federasiyasının üç tanınmış siması – həmyerlimiz, dünya şöhrətli hərbi jurnalist Orxan Camal, məşhur rejissor Aleksandr Rostorquyev, operator Kiril Radçenko vəhşicəsinə qətlə yetiriliblər. Mövzu aparıcı dünya xəbər agentliklərinin manşetlərindədir. Siz Orxanın ən yaxın dostu kimi mövzuya bələdsiniz. Moskvadakı izdihamlı dəfn mərasimində də fəal iştirak edibsiniz. Aparıcı dünya xəbər agentliklərinə mövzu ilə əlaqədar çoxsaylı müsahibələr veribsiz. Ancaq hiss edilir ki, pərdə arxasında xeyli ilginc detallar var. Azərbaycan ictimaiyyəti də həyəcanlıdır. Tanınmış alim, Azərbaycanın fəxri Heydər Camalın ölümü üzərindən az keçməmiş Əzrayıl yenə eyni qapını döydü. Camal ailəsinin növbəti üzvünü – Orxanı sıralarımızdan qopardı.

– Bəli, xalqımıza bu itki ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Orxan Rusiya ictimai həyatında milli maraqlarımızı müdafiə edən tanınmış, hörmətli peşəkarlardan idi. Özü də bu səfər Orxanın qara qitəyə, yəni Afrikaya birinci səfəri deyildi. Hələ 2011-ci ildə, Liviyada Müəmmər Qəzzafi devrilərkən Orxan bu döyüşlərin tən ortasındaydı. Çəkiliş zamanı o, iriçaplı silahdan atılan mərmi ilə bərk yaralanmışdı. Ayağı topuq nahiyəsində parçalanmışdı. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev, jurnalist Maksim Şevçenkonun vasitəçiliyi ilə Orxanı hadisə yerindən xüsusi təyyarədə Vyanaya, dünyanın ən məşhur cərrahiyyə klinikasına evakuasiya etdirmişdi. Orxan 8 dəfə cərrahiyyə masasına uzadıldı.

Bəli, razıyam, adi insanın, adi jurnalistin çəkəcəyi çillə deyildi bu… Qədim yunan qəhrəmanı Axilles kimi dabanından yaralanmış Orxan sanki eyni əfsanəni yaşadı. Öz “Axilles dabanı”nın kəsilməsinə icazə vermədi. İlizarov üsulu ilə daban sümüyünü iki il santimetr-santimetr böyütdülər. Boris Polevoyun “Əsl insan haqda povest”i oldu yalan, Orxan gerçək. İki il qızdırma içində boğulan Orxan axır ölümə qələbə çaldı. Sözün əsl mənasında bədənində təzə ayaq yetişdirdi. Sağalınca, yenidən səyyar çəkilişlər. Donbas döyüşləri zamanı başını, telekamerasını, fotoaparatını səngərlərdə gizlətmədi. Ancaq necə deyərlər, “axır suda sınar suyun səhəngi” – Mərkəzi Afrika səfəri Orxan üçün sonuncu oldu.

hemid ve orxan-3.jpg (32 KB)

– Kim sifariş etmişdi bu çəkilişləri?

– Tanınmış Rusiya oliqarxı Mixail Xodorkovskini bu cinayətlə əlaqədar xeyli tənqid edirlər. Deyirlər niyə o, bu üç jurnalisti sığortasız, müdafiəsiz MAR-a (Mərkəzi Afrika Respublikasına) ezam edib. Sifarişi Xodorkovsli vermişdi. İcraçı təşkilat TSUR-du (rusca Üentr Upravleniə Passledovaniəmi).

– Demək, hər üç jurnalist bu təşkilatın sifarişini həyata keçirirdi?

– Bəli. Ancaq Orxan çox müstəqil jurnalist idi. Çərçivədən çıxa da bilərdi.

– Qətlin təfərrüatları çox şübhəlidir. Ortada sanki naməlum, üçüncü əl var.

– Elədi. Məncə, Mixail Xodorkovski də burada ancaq kənar vasitəçidi. O da bəlkə növbəti qurbandı. Xodorkovskini kim bu avantüraya sürükləyib? Yəni qurbanların sayı tezliklə arta da bilər.

– Qətl nə zaman, harada törədilib?

herischi ve orxan camal.jpg (117 KB)

– 27 iyulda Orxangil Mərakeşin Kasablanka hava limanında yerə enirlər. Əvvəlcədən hazırlanmış ssenariyə görə çəkiliş heyəti burada bir gün ləngiməliydi. Ancaq təcili bir zəng əsasında anında MAR-a yollanırlar. Hadisələrin axarı ilk dəfə məhz bu zəngə görə dəyişib. 30 iyulda Orxangil paytaxt Bangidən 400 kilometr aralı Bambari şəhəri istiqamətində yola çıxırlar. Səfərin məqsədi “Martin” kod isimli informatordan müsahibə almaq olub. Həmin şübhəli şəxs oradakı BMT missiyası əməkdaşıydı. İndi o, mobil telefonlarda deyildiyi kimi,  əhatə dairəsindən kənardadı. Yoxdu. İynə olub Afrika cəngəlliklərində itib. Həmin bu coğrafi məntəqədə əsl vətəndaş müharibəsi alovlanır. Əks tərəfləri barışdıran beynəlxalq MINUSCO təşkilatı BMT tabeçiliyindədi. Afrikada axşam qaranlıq 6 radələrində düşür. 30 iyul saat 22-20-də qətl hadisəsi baş verib. Cinayət Sübyu və Dekao yaşayış məntəqələri arasında, Kaqa-Banboro şəhərinə gedən şose yolu kənarında törədilib. Bu, razılaşdırılmış marşrutdan xeyli aralıdır. Deyilənə görə, jurnalistləri GPS vasitəsilə azdırıblar. Bu isə sadə qaradərili yaraqlıların imkanı xaricindədir. Əsl müəmmalı sirr də, ruslar demiş, “it də burada basdırılıb”. Cəsədlər burada, Sübyuya gedən trasın kənarında aşkarlanıb. Onlar geriyə qayıdarkən Bambariyə gedən şosedən xeyli kənara aralanıblar. Sürücü – yerli sakin Byenvenyu Nduvokama sağdır. İlkin fərziyyələr məhz onun ifadələri üzərində qurulub. Sürücünün dəqiq yeri bəlli deyil. Onu MAR rəsmiləri haradasa gizlədiblər.

“Jurnalist Maksim Şevçenko həmin detallara bələddir. Başqa versiya səsləndirir. Cinayətdə Xodorkovskinin, Qərb xüsusi məxfi qurumlarının izini görür”

Xodorkovskinin tədqiqat qrupu iddia edir ki, Orxangilin önündə bir başqa avtomobil də irəliləyirmiş. Pusquda duranlar birinci avtomobili buraxıb, ikincini saxlayıblar. Bizimkilər də məhz həmin avtomobildəymişlər.

– Ortada daha hansı şübhəli detallar mövcuddur?

– Orxangili 30 iyulda qətlə yetiriblər. Xodorkovski qrupu, TSUR öz araşdırmalarını artıq avqustun 4-də elan ediblər. Bu cür tələskənlik məndə şübhələr doğurur. Aydındı, Xodorkovski ünvanına səslənən ittihamlardan xeyli narahatdır. Yamanca tələsir.

– Demək, dedikləriniz məhz TSUR-un, Xodorkovskinin versiyasıdır? Müəllif kimi müstəqil jurnalistlər, fliranser Roman Popkov, Aleksandr Skrılnikovların adı hallanır?

– Bəli. Ancaq Rusiyanın rəsmi Tədqiqat Komitəsi də öz araşdırmalarına start verib. İş gedir. Detallar açıqlanmır. Jurnalist Maksim Şevçenko həmin detallara bələddir. Başqa versiya səsləndirir. Cinayətdə Xodorkovskinin, Qərb xüsusi məxfi qurumlarının izini görür.

4c90bc4a-ab7c-457a-95d6-89adcf226df0.jpg (206 KB)

– Keçək əsas suallara. Birinci sual: Orxangil niyə Mərkəzi Afrika Respublikasına getmişdilər?

– Yaxşı sualdır. İşin əzəl mübtədası belədi. 2017-ci ilin oktyabrında MAR prezidenti Fosten-Arkanja Tuader Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə Soçidə rəsmi şəraitdə görüşürlər. Yeni seçilmiş prezident Tuader Rusiyadan hərbi kömək, öz mühafizəsini istəyir. Sonra Moskvaya, Futbol Çempionatına gəlmiş Tuader bu xahişini telekameralar qarşısında, Vladimir Putinin hüzurunda bir daha təkrarlayır.

– Nəticədə…

– Nəticədə, kontrakt əsasında MAR-a 170, yaxud 800 rus muzdlusu göndərilir. Xalq arasında bu muzdlulara şərti olaraq “Vaqner qrupu” deyilir. Xatırladım ki, məhz həmin rus muzdluları bu ilin fevralında Suriyanın Deyr az Zur bölgəsində amerikalıların havadan zərbəsinə məruz qalıb, bəzi məlumatlara görə, 206 qurban veriblər. Hər muzdlunun həyatı 1 milyon dollar civarında sığortalanıb. İndi özünüz hesablayın…

– Rusiya muzdluları orada təkdilər? Başqa “vəhşi qaz”lar yoxdumu heç?

– Niyə yoxdu. Var. Oradakı qızıl, brilyant, uran şaxtalarını 11 min fransız xüsusi təyinatlısı, əli qanlı “Xarici legion” qoruyur. Fransa atom elektrik stansiyalarının  uranı buradakı şaxtalardan çıxarılır. MAR-da həm də guya BMT bayrağı altında 800 gürcü əsgəri, yaxud muzdlusu mövcuddu. Aralarında Azərbaycan əsillilər də var.

– Onlar kimləri müdafiə edirlər?

– Xarici ölkələrin buradakı strateji, iqtisadi maraqlarını. MAR-ın müstəqilliyi nisbidir. Orada əksər Afrika ölkələrində olduğu kimi, it yiyəsini tanımır. Prezident Tuader ölkənin yalnız 20 faizinə nəzarət edir. Yerli müsəlmanlar “Seleka” adlı hərbiləşdirilmiş qurumda toplanaraq yerli xristianlarla ara-sıra toqquşurlar. Vəziyyət Suriyadakı hadisələrin bir başqa təkrarıdır. Bəşər Əsəd virusu buraya da yoluxub. Buradakı prezidenti də ruslar qoruyurlar. Bu, MAR-dakı Qərb maraqlarını zədələyir.

Hə, mövzu çox qəlizdir. Bu xəmir hələ çox su, bağışlayın qan aparacaq… Orxangil buranın siyasi mənzərəsini lentə alıb bütün əks tərəflərdən, o cümlədən rus muzdlularından müsahibə almalıydılar. Maksim Şevçenkoya görə, Orxangili Qərb məxfi qurumlarının sifarişi ilə qətlə yetirib, günahı rus muzdluları üzərinə yıxmaq, diqqəti əsl günahkarlardan, Qərb transmilli şirkətlərindən yayındırmaq istəyirlər.

e3832195-44be-409f-97e9-dff77327bf48.jpg (204 KB)

– Maksim Şevçenko, əsl günahı MAR-dakı transmilli şirkətlərin iqtisadi maraqlarını güdən Qərb muzdlularındamı görür?

– O iddia edir ki, BMT, yaxud Fransa bayrağı altında fəaliyyət göstərən xüsusi təyinatlılar burada əslində sülh prosesini deyil, transmilli şirkətlərin qızıl, almaz, uran şaxtalarını qoruyurlar. Rusiyanın bu zəngin bazara girişi Qərbi hürkütmüşdü. Nəticədə onlar provokasiyaya əl atıb Orxangilin qətli ilə Rusiyanı cəzalandırırlar. Yəni bura bizim ərazidir. Girməyin. Yoxsa…

Rus liberalları, Xodorkovski isə əks iddiadadırlar. Deyirlər bəs Orxangil Mərkəzi Afrikadakı rus şirkətlərinin qara işlərini aşkarlamışdılar. Əllərində təkzibolunmaz sübutlar varmış. Guya rus muzdluları buna  görə barmaqlarını tətiyə sıxıblar. Orxanı bəlkə də işgəncə ilə dindiriblər də. Biləklərində guya qandal izləri var. Gördüyünüz kimi, ortada fərqli mülahizələr mövcuddur.

– Siz tədqiqatlarda iştirak edəcəksinizmi?

– Bəli. Mən əziz dostumun qanını yerdə qoymayacam.

– Sonda nə deyərdiz?

– Bilirsiz, MAR-dakı bütün əks tərəflər-rus muzdluları, gürcü yaraqlıları, digərləri , əvvəlcə 2014-də Donbasda toqquşdular. Eyni qüvvələr indi öz haqq-hesablarını uzaq Afrikada çürüdürlər. İştirakçılar eynidi. Sanki Afrikadakı, Donbasdakı, Suriyadakı şaxtaların, təbii ehtiyatların sahibləri də eynidi. Mühafizəsi də. Bax bu ünvanları, bu “seyidəhmədləri” öyrənmək lazımdır. Müharibə oliqarxlar arasında gedir. Qurbanlar isə adi insanlar, Orxan kimi qəhrəman jurnalistlərdir. Allah Orxan Camala rəhmət etsin.

SON ANDA: 12 avqust tarixində Rusiya “Federal Xəbərlər Agentliyi” layihəsi çərçivəsində bir dəstə tanınmış jurnalist-xüsusi müxbir Kirill Romanovski, “Fontanka.ru” saytının əməkdaşı Yuliya Nikitina, müstəqil jurnalist frilanster Vladimir Malyanov, Denis Tarasov Mərkəzi Afrika Respublikasına təşrif gətiriblər. Məqsəd bu ölkə barədə geniş məlumat toplayıb mətbuata ötürməkdi. Səfərin ilk günündə heyət, MAR prezidenti Tuaderin təhlükəsizlik üzrə baş müşaviri Valeriy Zaxarovla görüşüb müvafiq təlimatlar alıblar. Heyət üzvlərinə ölkə barədə geniş məlumat, habelə zirehli gödəkçələr, dəmir dəbilqələr verilib. Heyət Orxangildən fərqli olaraq ölkə XİN-indən akreditasiya alıb. Valeri Zaxarov jurnalistlərə Orxangilin qətli barədə geniş məlumat verib. Baş şahidin-sürücünün, təhlükəsizlik baxımından yerli qazamatda saxlanıldığını təsdiqləyib. Fəqət, Rusiya Tədqiqat Komitəsi nümayəndəliyi hələ MAR-da gözə dəymir.

Sürücü qətlin qarət məzmunlu olduğunu israrla təkrarlayır. İddia edir ki, avtomat atəşinə qədər Çad ərazisindən gəlmiş quldurlar Orxangilin şəxsi əmlakı uğrunda öz aralarında didişiblər. Tək-tək atəş səslərindən sonra araya sükut çöküb. Sonrakı sükutu avtomat silahlardan açılan yaylım atəş səsləri pozub.

Müstəqil jurnalistlər rəsmi tədqiqatların bu məcrada gedəcəyindən ehtiyatlanırlar.

Cavanşir ABBASLI,
Musavat.com

BIR CAVAB BURAXIN